Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyada tanınan Azərbaycan mahnıları və ya "anonim" qurbanları - VİDEO

© pixabay / PexelsMikrofon, arxiv şəkli
Mikrofon, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.01.2022
Abunə olmaq
Azərbaycan adlı məmləkətdən xəbəri olmayanlar belə, musiqilərimizi öz repertuarına salırlar. Sputnik Azərbaycan həmin musiqiləri sizə təqdim edir.
BAKI, 23 yanvar — Sputnik. Tarix boyu Azərbaycan musiqisi, mədəniyyəti hər zaman qonşu xalqların diqqət mərkəzində olub. Hətta bir çox dünya şöhrətli musiqiçilər də Azərbaycan musiqisinin özünəməxsusluğunu etiraf ediblər. Bu, yalnız muğam, xalq mahnılarımıza deyil, həm də bəstəkar mahnılarımıza da aiddir.
Azərbaycanın zəngin musiqi tarixi olduğu heç kəsə sirr deyil. Azərbaycan adlı məmləkətdən xəbəri olmayanlar belə, musiqilərimizi öz repertuarına salırlar. Sputnik Azərbaycan həmin musiqiləri sizə təqdim edir.
Xalq artisti Eldar Mansurovun "Bayatılar" mahnısı 20-dən artıq ölkədə səslənib. Musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıya Sezen Aksu, Keti Qarbi, Edvard Maya və onlarla məşhur ifaçılar müraciət ediblər.
Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınıb. Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir.
Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Yalnız 1992-ci ildə Türkmənistanın məşhur "Aşqabad" qrupu bəstəkarın icazəsi ilə mahnını ifa edib.
Azərbaycan xalq mahnısı "Sarı gəlin"i də öz adlarına çıxmaq istəyənlər az deyil. İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıya ermənilər də sahib çıxmaq istəyiblər. Qeyd edək ki, bu mahnı ilk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənib. Təəssüf ki, qardaş Türkiyənin bəzi ifaçıları bir çox hallarda Azərbaycan mahnılarının müəlliflərini göstərmir, "anonim" kimi təqdim edirlər.
Növbəti mahnılardan biri "Bu qala daşlı qala"dır. Bir çox ölkələrdə sevilən mahnını çoxumuz xalq mahnısı kimi bilsək də, həmin mahnı Xalq artisti Niyaməddin Musayevə məxsusdur. Sənətçi müsahibələrinin birində bu barədə danışıb: "Bu qala daşlı qala" mahnısını mən yazmışam, amma xalq mahnısı kimi qələmə veriblər. Hətta bir çox türk ölkələrinin sənətçiləri bu mahnını anonim adı ilə oxuyurdular. Təbii ki, bu mənim xətrimə dəyirdi, pis olurdum. Müəllif hüquqları da yox idi o vaxt".
Qeyd edək ki, həmin mahnını Türkiyənin məşhur ifaçılarından olan Ahmed Kaya da ifa edib. O da digər həmkarları kimi mahnını "anonim" kimi qeyd etmişdi.
Bəstəkar Ələkbər Tağıyevin Mədinə Gülgünün sözlərinə bəstələdiyi "Sən gəlməz oldun" mahnısı da xarici ölkələrdə ən çox tanınan və sevilən mahnılar sırasındadır. Mahnını vaxtilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və digərləri ifa ediblər. Xarici müğənillərdən türk dilində Sibel Can Gülər Sezər, Azərbaycan dilində Sati Kazanova, rus dilində Soqdiana ("Məni yada sal" adı ilə) və yunan skripkaçısı Giorgos Klironomos bu mahnıya müraciət ediblər. Təəssüf ki, digər sənətçilər kimi Giorgos Klironomos da mahnının müəlliflərini qeyd etməyib.
Sözləri Baba Vəziroğluya, musiqisi isə Kamala məxsus olan "Səndən nigaranam" mahnısı da dünyada tanınan mahnılar sırasındadır. Tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuş mahnıya ermənilər də sahib çıxmaq istəyiblər. Mahnının ilk ifaçısı Xalq artisti Aygün Kazımovadır.
Bundan başqa, Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" tərəfindən ifa edilib.
2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdi.
Sözləri mərhum şair İslam Səfərliyə, musiqisi Andrey Babayevə aid olan "Nazəndə sevgilim yadıma düşdü" mahnısı da dünyada tanınan mahnılarımızdandır. Bu həzin mahnı da digər mahnılarımız kimi müəllifləri qeyd olunmadan ifa edilib. Belə ki, Türkiyənin "TED senfoni orkestra"sı "Türk Eğitim Derneği"nin 85 illiyinə həsr olunmuş gecədə Murat Karahanın solistliyi ilə "Nazəndə sevgilim" mahnısını ifa edir və mahnının təqdimatı Türkiyə saytlarında sözləri anonim, bəstəsi isə "Azeri Bekirof" olaraq göstərilir.
Bundan başqa, Türkiyənin hansı müğənnisi bu mahnını ifa edibsə, əksəriyyəti mahnının bəstəkarı olaraq "Azeri Bekirof"u qeyd edib. "Azeri Bekirof"un kim olduğu məlum deyil.
Sonradan Türkiyədə yaşayan məşhur musiqiçi Əlixan Səmədovun sayəsində mahnının müəllifi qeyd olunub. Onu da bildirək ki, mahnının müəllifləri həyatdan nakam köçüblər. Mərhum şair İslam Səfərli cəmi 51, bəstəkarı Andrey Babayev isə 40 il ömür sürmələrinə baxmayaraq, bu xalqın incəsənəti, mədəniyyəti, ədəbiyyatı üçün əvəzsiz işlər görüblər. Mahnının ilk ifaçısı isə ölməz sənətkarımız Rəşid Behbudov olub.
Musiqi və sözləri Novruz Feyzullayevə məxsus olan "Yandırdın qəlbimi" mahnısı da bu qəbildəndir. Mahnının ilk ifaçısı ölməz sənətkarımız Rübabə Muradova olub.
Bir neçə il öncə "O səs Türkiyə" yarışında Azərbaycan mahnısı ilə bağlı maraqlı olay yaşanmışdı. Belə ki, müsabiqənin son buraxılışında Oğuzhan Özdemir adlı gənc "Yandırdın qəlbimi" mahnımızı oxuyub. İfaçı mahnının kimə aid olduğunu bilmədiyini deyib: "Mahnı kimə aiddir, bilmirəm. Bir çox sənətçidən eşitdim". Münsiflər heyətinin üzvü Yıldız Tilbe isə gözlənilmədən ifaçının səhvini düzəldərək onun Azərbaycan xalq mahnısı olduğunu deyib.
Əfsuslar olsun ki, Yusuf Şahin Ahsen Almaz adlı musiqiçilər də bu mahnıya müraciət ediblər, amma müəllifi qeyd etməyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* "Səs Azərbaycan" layihəsinin finalçıları bəlli oldu - VİDEO
* Azərbaycan şou-biznesi niyə sükuta qərq olub? Səbəbkarların ilginc iddiaları - VİDEO
* Qabyuyan, "peraşki" satan, taksi sürücüsü - Kiminin əvvəli, kiminin axırı...
Xəbər lenti
0