Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan erməni əsirləri nəyin əvəzində qaytarır?

© AFP 2023 / ARIS MESSINISErməni hərbçisi, arxiv şəkli
Erməni hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Əsirlərin qaytarılmasına insan haqları və humanizm prinsiplərinə riayətin bariz nümunəsi kimi baxa bilərik.
BAKI, 22 dekabr — Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Xatırladaq ki, bundan öncə də bir neçə dəfə Azərbaycan tərəfi Ermənistana qarşı bu cür humanist addımlar atmışdı.
Onu da qeyd edək ki, Azərbaycanın 4 dekabr 2021-ci il tarixdə qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb .
Sputnik Azərbaycan erməni əsirlərin qaytarılması ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Əhməd Əlilinin də fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Azərbaycanın erməni əsirləri qaytarması humanist addımlardan biridir:

"Azərbaycan hökuməti öz siyasətində insan haqları və humanizm prinsiplərini hər zaman ali tutur. Bu baxımdan əsirlərin qaytarılmasına bu prinsiplərə riayətin bariz nümunəsi kimi baxa bilərik".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın da bu humanist hərəkətlərin qarşılığında tələbləri var:
"Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürülmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə Ermənistan tərəfi məlumatları təqdim etməlidir. Azərbaycan əsir mübadiləsini nəyinsə qarşılığında etmir. Müxtəlif vaxtlarda Ermənistan tərəfi Azərbaycana azad edilmiş ərazilərin mina xəritələrini təqdim edib. Ancaq onların da doğruluq elementləri bir çox hallarda hökumətimizin rəsmi şəxsləri tərəfindən aşağı qiymətləndirilib".

"Qeyd etmək istərdim ki, “Azərbaycan tərəfi xəritələri əsirlərlə dəyişir” fikri doğru deyil. Azərbaycan dövlətinin beynəlxalq öhdəlikləri var və hər zaman bu öhdəliklərə sadiqlik nümayiş etdirir", – deyə millət vəkili vurğulayıb.

Politoloq Əhməd Əlilinin fikrincə, əsirlərin qaytarılması ilə bağlı artıq müəyyən bir praktika mövcuddur:
"Azərbaycan və Ermənistan liderləri sülhməramlı niyyətlərini göstərmək üçün müəyyən addımlar atırlar. Biz Soçi görüşü öncəsi də oxşar addımların atıldığını görmüşdük. Baxmayaraq ki, Azərbaycan tərəfi Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyinə etibar etmir, Soçi görüşü öncəsi öz statusunu artırmaq üçün humanist addımlar atdı".
Politoloq hesab edir ki, Azərbaycan tərəfi danışıqlar prosesində xoşməramlı niyyətini göstərməyə çalışır:

"Budəfəki əsir qaytarma prosesi də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın vasitəçiliyi ilə baş tutdu. Ümumilikdə götürdükdə isə bu istiqamətdə ənənə formalaşdığını görə bilərik".

Xatırladaq ki, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatda deyilir:
"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.
Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.
Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.
2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.
Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək".
Dekabrın 14-də isə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib.
Həmçinin oxuyun:
Müdafiə Nazirliyi iki hərbçimiz barədə məlumat yaydı
Ermənistanda əsgərlərin həbsi və beynəlxalq təşkilatların səssizliyi
Azərbaycanın geri qaytardığı on hərbçidən beşi Yerevanda saxlanılıb
Daha 10 erməni hərbçi Ermənistana qaytarılıb
Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"
Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
Xəbər lenti
0