Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"
© AFP 2024 / ELMER MARTINEZƏsir
© AFP 2024 / ELMER MARTINEZ
Abunə olmaq
Kəlbəcər rayonundan olan, ermənilərin Kəlbəcəri işğal etdiyi zaman əsir düşən Mikayıl Abutalıbov acı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb.
BAKI, 30 oktyabr — Sputnik. Kəlbəcər rayon sakini Mikayıl Abutalıbov doğma rayonu ermənilər tərəfindən işğal olunan zaman əmisi və onun ailəsinin Kəlbəcərdə qaldığını eşidir. Onları xilas etmək üçün məskunlaşdıqları Bərdə rayonundan yeznəsi Kamal Mirzalıyev və bacanağı Novruz Məmmədovla Kəlbəcərə gedir. 1993-cü il aprelin 18-də isə beş erməni hərbçi tərəfindən əmisi Lətif Namazov, əmisinin oğlu Zabil Abutalıbov, əmisinin həyat yoldaşı Xəzangül Namazova və orada yaşayan digər iki qadınla bərabər girov götürülür.
“Təzəcə çatmışdıq əmimgilin yanına, elə hazırlaşırdıq ki, oradan çıxaq, beş erməni hərbçi bizi tutdu. Oradan bizi Kəlbəcərin Yanşaq kəndinə gətirdilər. Bir həftə qaldıq orada. Çox işgəncə verdilər bizə - torpaq yedizdirirdilər, üzü üstə yerə yıxıb, üstümüzdə yeriyə-yeriyə başımıza dəyənəklə vururdular. Sonra bizi gətirdilər Şuşa həbsxanasına. Orada bizi bir-birimizdən ayırıb ayrı–ayrı kameralara saldılar. Məni saldıqları kamerada Aydın və Natiq adında əsirlər var idi. Sonra elə onlarla birlikdə qaçdıq oradan", - Abutalıbov xatırlayır.
© Sputnik / Emin AlisahibMikayıl Abutalıbov
Mikayıl Abutalıbov
© Sputnik / Emin Alisahib
Mikayıl Abutalıbov deyir ki, əsirlikdə qaldığı müddətdə ən çox Şuşa həbsxanasında olub: “Mənim üçün əsirliyin çox ağır keçməsinin də səbəbi, bəlkə də elə bu idi. Mən vaxtı ilə qarış-qarış gəzdiyim Qarabağda döyülə-döyülə, qul kimi işlədilirdim. Küçədə hər qarşımıza çıxan erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı. Orada o qədər dəhşətli mənzərə ilə qarşılaşmışdım ki, indi də yadıma gələndə ermənilərə nifrətim birə-min artır. Şuşa həbsxanasında düz bir il bir ay qaldım. Sonra bizi apardılar Xocalıya. İki ay yarım da Xocalıda qaldım. Şuşada olanda bizi aparırdılar Xankəndiyə, küçələri təmizlətdirirdilər, zibil yığdırırdılar. Orada yaşayan ermənilər biz zibil yığanda, küçə təmizləyəndə binadan üstümüzə soyuq su tökürdülər. Yalandan qışqırıb üstümüzə hücum çəkirdilər ki, mənim uşağım müharibədə ölüb və onu sən öldürmüsən. Onu bəhanə edib, küçədə bizi döyürdülər. Bel sapı ilə bizi o qədər döymüşdülər ki, yeriməyə heyimiz qalmamışdı”.
Müsahibimiz bildirir ki, erməni hərbçilər Şuşa həbsxanasındakılara müxtəlif işgəncələr veriblər. Slavik adlı erməni Mikayılı döydükdən sonra başına bıçaqla vuraraq ona ağır xəsarət yetirib. Mikayıl Abutalıbov Şuşa həbsxanasında yeddi-səkkiz Azərbaycan vətəndaşının verilən işgəncələr səbəbindən qətlə yetirilməsinin də şahidi olub.
"Ən pis gün onda olurdu ki, döyüşdə bir nəfər erməni əsgəri ölə. Onda bizi lap pis döyürdülər, təsəvvür edin, gecədən səhərə qədər növbəli şəkildə döyürdülər. Əvvəl döyürdülər, özü də ölümcül, baxırdılar ki, hərəkətsiz qalıb, tərpənmir, dayanırdılar. Elə bilirdilər, ölüb. Sonra görürdülər ki, hərəkət edirsən, səsin çıxır, bir də döyürdülər. O qədər ağır işgəncələr verirdilər ki, dayanmaq mümkün deyildi. Mən ermənilər tərəfindən əsir götürüləndə birinci gün Yanşaq kəndində ermənilər avtomatın qundağı ilə sifətimin sol tərəfinə necə vurmuşdularsa, sifətimin bir tərəfi batmışdı. İndi də izi qalır, üzümün bir tərəfi oyuqdur. Orada əmimgil elə biliblər ki, ölmüşəm. Haradasa iki saatdan çox huşsuz vəziyyətdə qalmışam, betonun üstündə”.
Müsahibimiz deyir ki, erməni hərbçilər istədikləri girovu döyürdülər, istədiklərini də öldürürdülər. Əsir və girovlara işgəncə verməklə kifayətlənməyən erməni hərbçilər onları Şuşa həbsxanasının yaxınlığında olan meşədə işlədirmişlər. Girovların arasında ağır iş rejiminə dözməyərək, elə oradaca ölənlər də olub. Üzərindən illər keçməsinə baxmayaraq, hələ də ona verilən ağır işgəncələrdən ürək ağrısı ilə danışır müsahibimiz. Mikayıl Abutalıbov deyir ki, Xocalıya aparanda artıq öldürüləcəklərini bilirmişlər. O səbəbdən də kamera yoldaşları olan Aydın və Natiq ilə birlikdə qaçmaq haqqında planlar qurmağa başlayıblar.
© Sputnik / Emin AlisahibMikayıl Abutalıbov
Mikayıl Abutalıbov
© Sputnik / Emin Alisahib
“Əvvəlcə elə bildik ki, bizi elə Xocalıda öldürəcəklər. Amma sonra onlar söhbət edəndə bildik ki, onların niyyəti bizi burada ölümcül vəziyyətə düşənə kimi işlədib, Şuşa həbsxanasına qaytarıb orada öldürməkdir. Ona görə də yeganə çıxış yolumuz qaçmaq idi. Və bunun üçün uzun-uzun fikirləşib plan qurmalı olduq. Əslim kəlbəcərli olduğuna görə bilirdim ki, əgər Sərsəng su anbarını gedib tapsam, elə bil ki, qaçmışam. Belə də oldu”.
Bunun üçün girovlara nəzarət edən ermənini zərərsizləşdirmək lazım gəlir. Amma onu öldürmürlər. Səbəb isə Şuşa həbsxanasında qalan girovların taleyi idi. "Üç nəfər idik - Aydın, mən və Natiq. Planlaşdırmışdıq ki, nəzarətçini öldürməyək. Çünkü bilirdik ki, onu öldürsək, digər əsirlərə işgəncə verib, öldürəcəklər. Gecələr bizi zirzəmilərə salıb, qapını da bağlayırdılar. Həmin gecə bizi zirzəmiyə salmaq istəyəndə o nəzarətçini zərərsizləşdirdik. Əlini, qolunu kəndirlə bağlayıb qoyduq zirzəmiyə. Qapını bağlayıb açarı tulladıq otluq sahəyə. Oradan qaçdıq, girdik meşəyə. Meşə ilə düz 14 gün yol gəldik. Gedirdik, bəzən qabağımıza kənd çıxırdı. Gündüz meşədə gizlənirdik. Gecə o kəndi keçirdik. Bir dəfə elə oldu ki, azıb yenidən olduğumuz yerə qayıtdıq. Sonra bir də kilometrlərlə yolu qayıtmalı olduq".
Əsirlikdən üç nəfər qaçsa da, onların içindən yalnız Mikayıl Abutalıbov canını qurtara bilir. Digər iki nəfər - Aydın və Natiq - yenidən ermənilərə əsir düşür: "Biz gəlib çıxdıq Sərsəng su anbarının yanına. Oradan isə ata vətənim olan Kəlbəcərin Bozlu kəndinə. Orada erməni əsgərlər lap çox idi. Biz orada bir-birimizi itirdik. Hərəmiz bir tərəfə düşdük. Sonra da tapmadıq bir-birimizi. Aydın yıxılıb, qıçı qırılıb, hərəkət edə bilmədiyi üçün ermənilər gəlib tutublar onu. Natiq də yolu səhv salıb, gedib çıxıb erməni postuna. Onu da elə tutublar. Bir-birimizi itirəndən sonra mən gündüz gizləndim, bilirdim ki, hərəkət eləsəm, məni tutacaqlar. Gözlədim, gecə düşəndə başladım hərəkət etməyə. Ərazini tanıdığım üçün bilirdim ki, hansı yolla getsəm, məni tutmazlar. Dağlarla gəldim çıxdım Göygölə. Oradan isə məni öz hərbçilərimiz Bakıya gətirdilər. Sonra Aydın və Natiqi də dəyişdirdilər".
© Sputnik / Emin AlisahibMikayıl Abutalıbov
Mikayıl Abutalıbov
© Sputnik / Emin Alisahib
"Əsirlikdən qaçıb xilas olsam da, bütün fikrim oradakı əsirlərin yanında qalmışdı, - deyir Mikayıl Abutalıbov. - Çünkü bilirdim ki, yenə onlara işgəncə verirlər, döyürlər. Sonralar orada sağ qalan əsirləri də - yeznəmi, bacanağımı, əmim və onun ailəsini də dəyişdirdilər. Ondan sonra rahatlıq tapa bildim”.
Qeyd edək ki, Mikayıl Abutalıbov 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunda əsir düşüb, 1994-cü il iyulun 1-də girovluqdan qaçıb. 14 gün yol gəldikdən sonra Göygölə çataraq xilas olub. Hazırda Bərdə rayonunda yaşayan bu şəxs hələ də ona verilən işgəncələrin acısını yaşayır.
Eləcə də oxuyun:
* Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
* Azərbaycanlı kəşfiyyatçı: Şəhidimizi silahsız çıxardıq ki, ermənilər vahiməyə düşsünlər
* Dövlət Komissiyası Azərbaycan tərəfinə keçən iki erməni ilə bağlı məlumat yayıb