Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistanda əsgərlərin həbsi və beynəlxalq təşkilatların səssizliyi

© Sputnik / Murad OrujovПолитолог Тофик Аббасов
Политолог Тофик Аббасов - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Ekspert: Bundan sonra da Ermənistan hərbçilərinin ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsini, buradan isə üçüncü ölkələrə getmək xahişlərinin olacağını istisna etmirəm.
BAKI, 10 dekabr — Sputnik. Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanın qaytardığı 10 hərbçidən beşini saxlayıb. Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.
"Hazırda 5 hərbçi hərbi xidmətkeçmə və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulması ittihamı ilə saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə təqdimat verilib", - deyə Tadevosyan bildirib.
Ermənistan hökumətinin bu qərarı heç də birmənalı qarşılanmayıb. Belə ki, Ermənistan müxalifəti bu ölkənin Baş naziri Nikol Paşinyan və onun komandasını hərbçiləri təqib etməkdə ittiham edib. Maraqlı məqam bundan ibarətdir ki, daha əvvəl Ermənistan KİV-də bu ölkənin parlament sədri Alen Simonyanın sensasiyalı çıxışı yayılmışdı. Belə ki, Ermənistan parlamentinin rəhbərinin "onun üçün artıq məhbus yoxdur" dediyi video yayılıb. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə atıb qaçıblar və itiblər, nəticədə əsir düşüblər.
Spikerin özü jurnalistlərə videonun montaj edildiyini və ifadələrinin kontekstdən çıxarıldığını izah etmişdi. Maraqlı məqam isə beynəxlaq hüquq təşkilatlarının bu həbslərə səssiz qalmasıdır. Sputnik Azərbaycan Ermənistanda baş verənlər barədə ekspertlər Tofiq Abbasov İlqar Vəlizadə ilə həmsöhbət olub.
Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistanda baş verən hadisələrə birmənalı yanaşmaq və onlara birmənalı şərh vermək çətindir:
"Ermənistan sözün əsl mənasında xaos içindədir. Orada baş verən siyasi proseslər xüsusi ilə anormal xarakter daşıyır. Daxili çəkişmələr o səviyyəyə çatıb ki, orada bir sıra məsələlərin həllini tapmaq olmur. Hərbçilərin tutulması iki səbəbdən baş verə bilər. Birinci səbəb bu ola bilər ki, hərbçilər filtr deyilən prosesdən keçirilir. Çünki hərbçilər əsirlikdən qayıtdıqda, hərbi kəşfiyyat orqanları onları dindirir, əsir düşmələrinin detallarını, şəraiti öyrənir, onların xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edib-etmədiyini yoxlayır. Digər tərəfdən hərbçilərin həbsi Ermənistanda bir-biri ilə mübarizə aparan, çəkişən qrupların fəaliyyəti ilə bağlı ola bilər. Çünki hazırda Ermənistanda bir siyasi alver gedir və hərbçilərin həbsi bu prosesdə alət ola bilər. Yerevanda prosesləri idarə edən qüvvələr hansısa qrupu, fərdi həbs edərkən, kənar qüvvələrin bu prosesə münasibətini, onların reaksiyasını görmək imkanı əldə edirlər".
© Sputnik / Murad OrujovПолитолог Ильгар Велизаде
Политолог Ильгар Велизаде - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Политолог Ильгар Велизаде
"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri İlqar Vəlizadə beynəlxalq təşkilatların məsələyə reaksiya verməməsinə diqqət çəkib:
"Azərbaycanın atdığı humanist addımlarda əsas məqsəd odur ki, regionda sülh və sabitlik bərqərar olsun və Ermənistan tərəfi ilə normal konstruktiv dialoq formalaşsın. Rəsmi Bakı bu addımlara tərəflər arasında aparılan danışıqlar fonunu yaxşılaşdırmağa çalışır. Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilərlə bağlı müəmmalı vəziyyət yaranıb. Belə ki, təhvil verilən 10 hərbçidən 5-i gözlənilmədən həbs olunub və onlar haqqında cinayət işləri başlanıb. Elə vəziyyət yaranır ki, Azərbaycan humanizm göstərir, onları qarşı tərəfə təhvil verir. Ermənistan tərəfi isə öz vətəndaşlarını, hərbçilərinə qarşı humanist mövqedən çıxış etmir. Azərbaycanı qeyri-humanist davranmaqda ittiham edən beynəlxalq təşkilatlar, müşahidəçilər haradadır? Ermənistanın bu addımlarına qarşı niyə səssiz qalırlar? Düşünürəm ki, beynəxlaq təşkilatlar, xüsusilə də insan haqları üzrə ixtisaslaşan məruzəçilər Ermənistanda baş verənlərə reaksiya verməli, Yerevana təzyiq göstərməlidirlər".
Tofiq Abbasov gələcəkdə Ermənistan hərbçilərin öz ölkələrinə getməkdən imtina edəcəyini də istisna etməyib:
"Biz hətta müvəqqəti sülh dövründə də (atəşkəs zamanı – red.) görürdük ki, Ermənistan hərbçiləri ölkələrində ağır iqtisadi durum, şəraitsizlik və təqib olunacaqlarını əsas gətirərək rəsmi Bakıdan öz ölkələrinə deyil, beynəlxalq təşkilatlar vasitəsilə üçüncü ölkəyə təhvil verilmələrini istəyirdilər və bu cür proseslər baş tuturdu. İnsanlar müxtəlif bəhanələrlə bu ölkəni tərk etmək istəyirlər. Ermənistan Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər də məhz bunu göstərir. Ölkədə artıq depopulyasiya faktlarını gizlətmək olmur. Ermənistanda Vətən Müharibəsindən sonra iqtisadi, sosial durum daha da ağırlaşıb. Ona görə də mən bundan sonra da Ermənistan hərbçilərinin ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsini, buradan isə üçüncü ölkələrə getmək xahişlərinin olacağını istisna etmirəm".
Həmçinin oxuyun:
Azərbaycanın geri qaytardığı on hərbçidən beşi Yerevanda saxlanılıb
Daha 10 erməni hərbçi Ermənistana qaytarılıb
Əsirlikdə keçən 452 gün: "Hər erməniyə bizə işgəncə verməsi üçün imkan yaradılırdı"
Ermənistanın qəddar rəftarı: üçüncü dövlətin ərazisində əsir götürülmüş azərbaycanlı
Xəbər lenti
0