ELM

Qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb

© Sputnik / Rahim MammadovQaraçinarda arxeoloji qazıntılar
Qaraçinarda arxeoloji qazıntılar - Sputnik Azərbaycan, 1920, 12.11.2021
Abunə olmaq
Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələrinin üzə çıxması məlum olub.
BAKI, 12 noyabr — Sputnik. Oktyabr ayında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə "Antik və İlk Orta əsrlər dövrü üzrə Qəbələ Arxeoloji Ekspedisiyası" Qədim Qəbələnin Antik Şəhər yerində və Qəfərli antik dövr nekropolunda tədqiqatları davam etdirib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Çaqqallı adlanan sahədə yerləşən Antik şəhər yerində aparılan arxeoloji tədqiqatların əsas məqsədi ərazidə ilkin yaşayış məskəninin salınması, inkişafı və şəhər kimi formalaşması mərhələlərinin ardıcıllığının öyrənilməsi olub. Tədqiqatlar nəticəsində e.ə. VI-IV əsrlərə və e.ə. III-I əsrlərə aid mədəni təbəqələr müəyyən edilib. Tədqiqatların ilkin nəticələrinə əsasən söyləmək olar ki, ellinizm dövrünün sonlarına doğru ərazidə yaşayış məskəni inkişaf edərək Antik Qəbələ şəhərinin əsas hissəsinə çevrilib.
Ekspedisiya Antik şəhər yeri ilə yanaşı, ətrafda olan qədim qəbiristanlıqda da tədqiqatları davam etdirib. Belə ki, Soltannuxa kəndi ərazisində yerləşən Qəfərli antik dövr nekropolunda 2020-ci ildən başlanan tədqiqatlar uğurla davam edib. Tədqiqatlar zamanı yer səthindən 120 sm dərinlikdə torpaq qəbirlər aşkar edilib. Qəbirlərdən birində qadın və uşaq skeleti olmaqla, qoşa dəfn müşahidə olunub. Qəbirlər antik dövr üçün səciyyəvi olan müxtəlif formalı saxsı qablarla zəngindir. Aşkar edilən qəbirlərin xronoloji çərçivəsi e.ə. I əsrin sonları və eramızın II əsrlərini əhatə edir.
Tədqiqat müddətində Yaloylutəpə adlanan sahədə təsərrüfat işləri zamanı maddi mədəniyyət nümunələrinin üzə çıxması məlum olub. Ekspedisiya rəhbəri t.ü.f.d. Ceyhun Eminlinin bildirdiyinə görə, "həmin əraziyə baxış keçirilərkən Yaloylutəpə sahəsində xəndək qazıntısı zamanı yer səthindən 80-140 cm dərinliklərdə antik dövrə aid dağıdılmış qəbirlərin xəndəyin divarlarında qalmış izlərinə əsasən qeydləri aparılmış, qəbirlərə aid bəzi qablar götürülmüşdü. Antik şəhər yerində tədqiqatların növbəti qazıntı mövsümlərində də davam edilməsi nəzərdə tutulur".
Qeyd edək ki, Antik şəhər yerində ilk tədqiqatlar keçən əsrin 50-ci illərindən Saleh Qazıyev tərəfindən başlanıb, 2017-ci ilə qədər prof. İlyas Babayevin rəhbərliyi ilə davam edib. 2019-cu ildən t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə Antik şəhər yerində yenidən tədqiqatlara start verilib.
Eləcə də oxuyun:
* Azərbaycanın UNESCO-nun siyahısına salınmış maddi və mədəni irsi
* Bəşər əcdadının yeni növü tapıldı
* Azıx mağarası haqda yeni bilgilər
* Azərbayanda qədim dövrə aid yüz əlli altı qəbrin yerləşmə planı hazırlanıb
Xəbər lenti
0