Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşalı yuxulardan oyanmaq istəməyənlər: Kimi şəhəri viran görüb məhv oldu, kimi də...

© Sputnik / Shahperi AbbasovaŞuşada
Şuşada - Sputnik Azərbaycan, 1920, 16.09.2021
O insanların dünyası dağılmışdı. Nə əski evləri vardı, nə doğmaların qəbirlərini tapa bilirdilər, nə bazarlardan köhnə şuşalıların səsləri gəlirdi, nə də "doğulanda muğam üstə ağlayan uşaqlar"ın avazı.
BAKI, 16 sentyabr — Sputnik. İşğaldan sonrakı Şuşaya səfər məntiqlə sevinc göz yaşları ilə müşayiət olunmalı idi. Amma şuşalılar üçün durum başqaydı. O insanların dünyası dağılmışdı. Nə əski evləri vardı, nə doğmaların qəbirlərini tapa bilirdilər, nə bazarlardan köhnə şuşalıların səsləri gəlirdi, nə də "doğulanda muğam üstə ağlayan uşaqlar"ın avazı. İndi bir Azərbaycanın ürəyi, Qarabağın incisi Şuşanın keçmişi haqqında danışmaq olar, bir də gələcəyi. Bəlkə də gələcəyi daha parlaq olacaq, amma keçmişi nisgilli xatirələrə dönüb şuşalıların ürəyində qubar bağlayıb...
Doğulduğu yerdən asılı olmayaraq, hər bir azərbaycanlı ömründə heç olmasa, bir dəfə Şuşanı, Qarabağı görməlidir. Bizim üçünsə işğaldan sonrakı Şuşanı ziyarət hər bir müsəlmanın Həcc ziyarəti qədər vacib idi. Bu xoşbəxtlik bu sətirlərin müəllifinə də nəsib oldu. İndi "arzularımın Nirvanasına çatdım" deyə bilərəm...
Yolumuz Füzulidən keçdi. Ermənilərin darmadağın etdiyi bu yurdlardan ötüb Şuşaya tərəf yol alırıq. Bütün hisslər bir-birinə qarışıb – sevinc, kədər və qürur hissi. Budur, nəhayət Şuşa. Sanki gözəl bir yuxudan ayılırsan, amma sehri səni tərk eləmir. Şuşanın hər küçəsini, hər tinini, hər qarışını gəzdikcə, divarlarda oranı yağıdan xilas edən igidlərin adlarını gördükcə, göz yaşları qeyri-ixtiyari yanağa süzülür. Bəlkə də o adların sahiblərinin çoxu indi həyatda yoxdur. Amma ruhları şaddır, çünki canlarını fəda etdikləri torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Şuşanın küçələrində dolaşdıqca, insanların dualarını və şükranlıqlarını hiss edirlər.
© Sputnik / Shahperi AbbasovaŞuşada inzibati bina
Şuşada - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada inzibati bina

Ömrümün sonuna bir gün qalsa da...

29 ildən sonra Şuşaya gələn şuşalılarla həmsöhbət olmaq fürsəti yarandı. Fövtə vermədim. Kamal Axundov Şuşanı tərk edəndə 44 yaşı olub. Həmişə dua edib ki, Şuşanı görmədən bu dünyadan köçməsin. Öz əlinin qabarı ilə tikdiyi evi axtarıb, amma o evin heç izi-tozu da qalmayıb. Amma bu, onun üçün əhəmiyyət kəsb etmir. Çünki ən böyük duası qəbul olunub:
"Yumruq boyda ürəyim dağa dönüb. Torpaq götürmüşəm, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin qəbri üstünə səpəcəyəm. Həmişə dua edirdim ki, Ya rəbbim, məni Şuşanı görmədən öldürmə. Gəldim, evimi axtardım, heç nə qalmayıb. Mənim üçün o evin heç bir əhəmiyyəti yoxdur. Mən gəlib burada çadır tikib qalacağam. Bakıda Pirşağı qəsəbəsində yaşayıram, amma ora mənim üçün müvəqqətidir. Mən özümü Bakıda həmişə qonaq kimi hiss etmişəm. Mənim evim də, eşiyim də buradır".
Gülmira Abıyeva Şuşanı tərk edəndə gənc qız olub. Şuşa məktəbində işləyib. Bütün şuşalılar kimi, onun da ən böyük arzusu Şuşanı görmək olub: "Gəldiyimiz avtobusda hər kəs ağlayırdı. Həmişə dua edirdim ki, ömrümün sonuna 1 saat da qalsa, o saatı Şuşada keçirim".
© Sputnik / Shahperi AbbasovaŞuşada həyət evləri
Şuşada - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada həyət evləri

Şuşalı yuxulardan oyanmaq istəməyənlər

Daha bir həmsöhbətimiz İlqar Sultanov deyir ki, Şuşanı tərk edəndə 24 yaşı olub. İşi ilə əlaqədar 8 aydır, Şuşadadır. Orada olan bütün çətinliklərə rəğmən, doğma torpağında olduğuna görə, özünü çox xoşbəxt hiss edir: "Sanki bu illər ərzində nəfəs almırdım. 8 aydır ki, nəfəs alıram. Düzdür, bir az problemlər var. Bu, olmalıdır, çünki müharibə gedən yerlərdə mütləq problemlər olur. Şuşadakı bir günümü digər şəhərlərin komfortuna, rahat həyatına dəyişmərəm. Elə ona görə də Bakıdakı işimi atdım, gəldim buraya – Vətənimə".
Rəhman Kərimov Şuşa polisidir. Şuşa işğal olunmazdan öncə də orada polis işləyib. Fevral ayından ailəsi ilə birlikdə Şuşada yaşayır: "Əvvəlki hökumətə inamım yox idi, pərən-pərən idi. O vaxt vədlər verilirdi ki, Şuşaya qayıdacağıq. Hamı inansa da, mən inanmırdım. İndi isə budur, burada yaşayırıq. Buranın havasını uduruq, suyundan içirik".
Elçin Quliyevə isə hər şey yuxu kimi gəlir. Deyir, Şuşanı hər gün yuxuda görürmüş və bu yuxudan oyanmaq istəmirmiş.
"1992-ci ildə Şuşa işğal olunan gün səma açıq idi. Səmada bir dənə də olsun bulud yox idi. Ermənilər məscidə top atdılar. Bir anda bütün səmanı qara buludlar aldı. Bir leysan yağdı ki, sanki bütün yer-göy ağladı. Şuşa müqəddəs şəhərdir. Onun 12 məscidi var idi", - deyə Elçin Quliyev bildirir.
© Sputnik / Shahperi AbbasovaŞuşada dağıdılmış tikili
Şuşada - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şuşada dağıdılmış tikili

O evi yenidən tikə bilərik

"Yeni Müsavat" qəzetinin redaktoru Nazim Sabiroğlu ilə də Şuşada rastlaşdıq. Dediyinə görə, Şuşadan gedəndə 21 yaşı olub. Nazim bəy söhbətə başlamazdan öncə dedi ki, Şuşada kövrəlməyəcəyinə söz verib. Amma söhbət zamanı göz yaşlarını saxlaya bilməyən Sabiroğlu Şuşa ilə bağlı xatirlərini bölüşərkən digər həmyerliləri kimi evini tapa bilmədiyini dedi. Evinin yerində heç nə qalmayıb, yerini kol-kos basıb. Öz həyətindən təkcə göyəm ağacı qalıb. Ondan bir budaq qırıb öz doğmalarına aparacağını bildirən müsahibimiz deyir ki, sanki həyət də balacalaşıb:
"O vaxt buradan gedəndə cavan oğlan idim, indi qoca kişi kimi gəlmişəm. Evimizdən heç nə qalmayıb. Şuşanın mənəvi dəyəri o qədər böyükdür ki, mənim evdən danışmağım yersizdir. O evlər mənə çox cılız görünür. Onu yenidən tikə bilərik".
Həmkarım Şuşasız günlərində özünü həbsdəki kimi hiss edib: "10 min 844 gündən sonra Şuşaya qayıtmışam. Necə ki, həbsdə olanda günlərini sayırsan, mən də elə, Şuşaya gəlmək üçün günləri sayırdım".
Nazim müəllimlə Şuşanın karvansarayına daxil olarkən dedi ki, burada sanki köhnə adamların səslərini eşidir: "Burada insanlar öz əllərinin qabarı ilə yetişdirdikləri məhsulları gətirib satırdılar. İndi buraya girəndə o qatıq satan, tum satan insanları xatırladım. Qulağımda onların səsləri qalıb. Anam göndərirdi ki, get, qatıq al. Girirdim buraya, o deyirdi, məndən al, bu deyirdi, onun qatığı turşdur, gəl, məndən al. Axırda da heç nə almayıb qayıdırdım. O günlər üçün o qədər darıxmışam ki..."
© Photo : Elchin Akperov"Yeni Müsavat" qəzetinin baş redaktoru Nazim Sabiroğlu
Nazim Sabiroğlu Şuşada - Sputnik Azərbaycan, 1920, 01.10.2021
"Yeni Müsavat" qəzetinin baş redaktoru Nazim Sabiroğlu
Şuşanın işğaldan əvvəlki vaxtlarından söhbət açarkən yayda evlərində qalan saysız-hesabsız qonaqları xatırlayır: "Bəzən o qədər qonaq olurdu ki, özümüzə yatmağa yer qalmırdı. Amma Şuşa işğal olunandan sonra həmin qonaqlar bizim taleyimizlə heç maraqlanmadılar. Necə deyərlər, bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı. Şuşa işğal olunanda bizə qonaq gəlib aylarla yerimizdə yatan insanların biri də demədi ki, nəyə ehtiyacınız var? Bəlkə, nəsə kömək edək?"
"Şuşanın havası səsə də dərmandır" deyən həmkarımız əlavə edir ki, nə qədər yaxşı yaşasalar da, gözəl güzəranları olsa da, Şuşasız heç nə idi. Sanki ağızlarının dadı qaçmışdı: "Məşhur bir deyim var. "Şuşada körpə ağlayanda muğam üstə ağlayır". Bu balaca şəhərdən çıxıb dünyanı fəht edən sənətkarlarımız olub. Üzeyir bəy, Xan əmi, Bülbül, Cabbar Qaryağdıoğlu... Şuşanın işğalından sonra o nəsil kəsildi. İndi o mühit, o səslər yoxdur".
Eləcə də oxuyun:
Qarabağlı nazir: "Biz bir daha dünyaya göstərdik ki, Şuşa Azərbaycan şəhəridir"
Şuşa sakini: Gözü yumulu da gəlib, tapa bilərdim, evimizi
Buranın suyu, torpağı fərqlidir: Şuşada ilk çörək bişirmə sexi fəaliyyətə başlayıb
Ermənilər İspaniyada Azərbaycan xalçaları nümayiş olunan muzeyə qarşı təxribat törədiblər
Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib
İtaliya mətbuatı: Qarabağ - normal həyata dönməyi ləngidən minalar
Şuşa yeni festivala hazırlaşır
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала