CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaş dəstəyi, qəfil qonaq, yeri dolmayan itkilər – Həftənin siyasi yekunları

© AFP 2024 / NATALIA KOLESNIKOVAВид на город Баку, фото из архива
Вид на город Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Səfərlər, telefon zəngləri, razılaşmalar və narazılıqlar - ölkəmizdə təlatümlü günlər müharibədən sonra da davam edir. Sputnik Azərbaycan ötən həftənin ən vacib siyasi hadisələri haqda danışır.

BAKI, 6 iyun — Sputnik. Ötən həftə Azərbaycanda gündəm bir sıra hadisələrlə yadda qaldı. Həftənin ən üzücü hadisəsi isə jurnalist həmkarlarımızın Kəlbəcərdə ermənilərin basdırdığı tank əleyhinə minaya düşərək həlak olması oldu.

Sputnik Azərbaycan ötən həftə baş tutan hadisələrin ən önəmli icmalını təqdim edir.

Ermənistanın PUA-sı ələ keçirildi

Mayın 31-i Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirilməsi ilə bağlı məlumat yayıb.

Belə ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli PUA bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

© AR Ministry of DefenceAzərbaycan Ordusunun ələ keçirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli PUA-sı
Qardaş dəstəyi, qəfil qonaq, yeri dolmayan itkilər – Həftənin siyasi yekunları - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Azərbaycan Ordusunun ələ keçirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli PUA-sı

Qardaş Pakistana gerçəkləşdirilən səfər

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gedib.

Paytaxt İslamabadın "Nur Xan" hava limanında Azərbaycanın nümayəndə heyətini Pakistan Senatının sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin sədri xanım Şahdana Gulzar Xan, ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılıblar.

© Photo : Milli MajlisMilli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Prezidenti Arif Alvi arasında görüş
Qardaş dəstəyi, qəfil qonaq, yeri dolmayan itkilər – Həftənin siyasi yekunları - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Prezidenti Arif Alvi arasında görüş

Bir gündə Brüssel və Pekindən gələn zəng

İyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Hər iki tərəf bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini açıqlayıblar. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin başa çatması məmnuniyyətlə qeyd edilib.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olunub.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib. Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb.

Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparılıb.

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın "Bir kəmər bir yol" təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq.

Dövlət başçıları hər iki ölkənin "Bir kəmər bir yol" layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

Səssiz Minsk qrupu

Həftə başlayar-başlamaz Azərbaycan-Ermənistan sərhədindəki günlərlə davam edən gərgin situasiyanın iyunun 2-də Vyanada görüşən ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas müzakirə mövzularından olacağı barədə məlumat gəldi. Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç Sputnik Azərbaycan-ın suallarını cavablandırarkən bunun hər kəsə açıq diskussiya olmasa da, mümkündür ki, məsələ barədə hansısa birgə bəyanatlar veriləcəyinə ümid etdiyini bildirdi.

Ancaq Vyanadakı danışıqların səsini bağlı qapılar kənara buraxmadı.

Muradovun Moskva-Yerevan səfəri 

İyunun 3-də Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin rəhbəri Rüstəm Muradov Moskvadan Ermənistan paytaxtı Yerevana səfər edib. Ermənistanın "Johovurd" qəzetinin məlumatına görə, Muradov iyunun 2-də  Moskvada baş tutan Ermənistan, Azərbaycan və Rusiya nümayəndələrinin görüşündə iştirak edib. Qeyd olunur ki, görüş zamanı əsirlərin geri qaytarılması müzakirə olunub.

Azərbaycan və Türkiyə generalları bir araya gəldilər

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işə başlayıb. İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

© AR Ministry of DefenceBakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası
Qardaş dəstəyi, qəfil qonaq, yeri dolmayan itkilər – Həftənin siyasi yekunları - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.

Şimaldan gələn qəfil qonaq

İyunun 3-də Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyindəki məsələlər əsas müzakirə mövzusu olub.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Həmkarlarımız erməni vandalizminin qurbanı oldular

Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

 Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Azərbaycanlı jurnalistlərin Qarabağda həlak olması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Ombudsmanı, Baş prokuror, Mətbuat Şurası və digərləri bəyanat yayaraq beynəlxalq qurumları mina xəritələrini təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə səsləyiblər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 140-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

"Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!" - Mehriban Əliyeva qeyd edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0