BAKI, 16 fevral — Sputnik, Nikolay Protopopov. Konveyerdən çıxmış milyonlarla yük maşını, döyüş sınaqları, beynəlxalq avtoidman yarışlarında çoxsaylı qələbələr - düz 45 il əvvəl – 1976-cı il fevralın 16-da ilk KamAZ maşını Kama Avtomobil Zavodunun darvazasında göründü. O vaxtdan bəri Rusiyanın yollarını bu ağır çəkili maşınlarsız təsəvvür etmək çətindir. Avtomobil nəhənginin ilk modelləri haqqında - "RİA Novosti"-nin növbəti materialında.
İlk kapotsuz maşın
1960-cı illərdə sürətlə böyüyən sovet sənayesi ağır nəqliyyat vasitələrinin kəskin çatışmazlığı dövrünü yaşayırdı. Yeni istehsal müəssisəsi üçün Yar Çallı (Naberejnıye Çelnı) seçildi - 1969-da illik 150 min avtomobil istehsal etmək gücünə malik zavodun nəhəng tikinti prosesi başladı.
Yolların keyfiyyəti yaxşılaşdıqca (ölkənin hər yerində sürətli magistral yollar çəkilirdi) konstruktorlar yalnız ötürmə qabiliyyətinə deyil, həm də yük maşınlarının rahatlığı və hərəkət xüsusiyyətlərinə də diqqət yetirirdilər.
Mühərriki kabinin altında yerləşən kapotsuz yük maşınları ilə bağlı Avropa təcrübəsi də öyrənildi. Belə tərtibat kabinin daha rahat olmasına və genişliyinə, görünüş sahəsinin yaxşılaşmasına, eləcə də avtomobilin uzunluğundan effektiv şəkildə yararlanmağa imkan verirdi.
Layihəyə yük maşınlarını sıfırdan inkişaf etdirərək istehsalata buraxmaqda böyük təcrübəyə malik olan Moskva avtomobil nəhəngi ZiL-in mütəxəssisləri də cəlb olundu. Onlar həmin vaxta kimi artıq ilk KamAZ-ın prototipi rolunu oynayan birinci kapotsuz maşının (ZIL-170 indeksi altında) sınaq modelini yaratmışdılar. Onun əsasında ən azı səkkiz ton yükgötürmə qabiliyyətinə malik üçoxlu nəqliyyat vasitələrinin bütöv bir nəsli yaradılmışdı.
Bir neçə il ərzində ZiL perspektivli yük maşınlarının onlarla nümunəsini hazırladı. Prototiplər İttifaqın şimal və cənub bölgələrində magistral yollarda sınaqdan keçirildi. Sınağın nəticələrinə əsasən, maşınların əyər-əskiyi müəyyənləşdirildi, səhvlər aradan qaldırıldı və ən optimal dizayn həlləri tapıldı.
Yeri gəlmişkən, hələ onda gələcəyin KamAZ-ı birbaşa xarici analoqları – "Ford", "Mercedes" və "International" yük maşınları ilə müqayisə edilirdi.
Əlüstü təmir imkanı
1976-cı ilin fevral ayında ilk KamAZ3-5320 seriyası Yar Çallıda konveyerdən çıxdı. Sovet dövründə bu çox rahat avtomobil hesab olunurdu – geniş üçyerlik kabin, səs və istilik izolyasiyası, təhlükəsizlik kəməri, tənzimlənə bilən sürücü oturacağı, yolu yaxşı görməyə imkan verən hündür oturma yeri.
Yük maşını 210 at gücünə malik yeni səkkiz silindrli 11 litrlik dizel və beş pilləli ayırıcı sürət qutusu, soyuq havada maşını işə salmağı asanlaşdıran xüsusi qızdırıcılarla təchiz edildi. Yanacaq çəninin tutumu 200 litrə bərabər idi. Bununla belə, dizel yanacağının sərfiyyatı saatda 80 kilometr sürətlə hərəkət etdikdə təxminən 30 litrə bərabər idi. Əyləclər sıxılmış hava ilə işləyirdi.
İlk iki il ərzində zavod KamAZ-ın üç versiyasını istehsal etdi: səkkiz tonluq yük maşını, tikinti üçün özüboşaldan maşın ("samosval") və yükgötürmə qabiliyyəti müvafiq olaraq 10, 20 ton olan yedəkçi maşınlar. Sonra KamAZ-ın müxtəlif növləri də istehsal olundu.
Kama zavodunda buraxılan yük maşınlarının ən güclü cəhəti təmirə yararlı olmaları idi. Maşında yaranan hər hansı bir nasazlığı əlüstü aradan qaldırmaq olurdu. SSRİ-də inkişaf etmiş avtomobil təmiri şəbəkəsinin mövcud olmadığı nəzərə alınarsa, yola çıxan sürücülər uçun bu cəhət çox önəmli idi. Bundan başqa, konstruktorlar maşınların texniki xidmətini bir qədər də sadələşdirməyə çalışırdılar.
İdman və müharibə
1980-ci illərin əvvəllərində Yar Çallıda ilk növbədə ordu üçün nəzərdə tutulmuş 4310 indeksi altında altı tonluq "vezdexod" maşınların istehsalına başlanıldı.
Qurulmuş ağırlıq qaldırma mexanizmi, 6х6 təkər formulu və yüksək klirens necə deyərlər, bütün keçilməz yolları adlamağa imkan verirdi.
KamAZ maşınları ilk dəfə Əfqanıstanda döyüş sınağına məruz qaldı. Bu maşınlar sovet qoşunlarının əsas nəqliyyat və yükdaşıma vasitəsi rolunu oynayırdı. Və özlərinin ən yaxşı cəhətlərini sübut edə bildilər. Məsələ heç də bu maşınların digər hərbi nəqliyyat vasitələri ilə müqayisədə daha rahat olmasında da deyildi – KamAZ-lar yüksək manevr qabiliyyəti və etibarlılığı ilə təəccübləndirdi.
Qərbin sanksiyaları ilə də zavod ilk dəfə elə Əfqanıstan müharibəsi vaxtında üzləşdi. 1980-ci ildə Amerika şirkəti "Ingersoll Rand" Dövlət Departamentinin təzyiqi altında əvvəllər imzalanmış müqavilə əsasında mühərrik silindrlərinin emalı üçün ehtiyat hissələri tədarükünü dayandırdı.
Bundan sonra SSRİ Elmlər Akademiyası və aparıcı tədqiqat institutları idxalın əvəz olunması prosesinə cəlb olundu ki, nəticədə əcnəbilərdən asılılıq aradan qaldırıldı.
45 il ərzində Yar Çallıdakı avtomobil zavodunun konveyerindən iki milyondan çox yük maşını çıxıb. Yüz minlərlə KamAZ keçmiş SSRİ-nin və Rusiyanın yollarını dolaşıb, hazırda bu yük maşınlarının müxtəlif modelləri xarici ölkələrə satılır.
1988-ci ildə yük maşınlarının rallisində iştirak etmək üçün "KAMAZ-master" zavod komandası yaradıldı. Həmin vaxt hələ heç kimin tanımadığı sovet yarışçıları gözlənilmədən yarışların daimi liderlərini geridə qoyaraq mükafat qazanmağa müvəffəq oldular.
1990-cı ildə isə Kama idmançıları beynəlxalq "Dakar" yarışında öz sözlərini dedilər. 1996-cı ildə onlar artıq bu yarışın qalibi oldular. O vaxtdan bəri, xüsusi şəkildə hazırlanmış KamAZ yük maşınları dünya avtomobil sənayesinin liderləri ilə 27 dəfə marafonda çempionluq uğrunda mübarizə aparıb və 15 dəfə qalib gəliblər.