BAKI, 23 iyun – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Hərbi münaqişələr – ilk növbədə, texnologiyaların mübarizəsidir. Rusiya Federasiyasının Hərbi Qüvvələrində dinamik dəyişikliklər hərbi tətbiqin bütün sahələrində baş verir. Rusiya texnoloji üstünlüyünü geniş spektrli istiqamətlərdə, o cümlədən orbital sistemin məsafədən minalama və minatəmizləmə maşınları ilə inteqrasiyasında nümayiş etdirir.
1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradın məşqlərində 24 hərbi-texniki yenilik nümunəsı sırasında ilk dəfə məsafədən ərazinin minalanması və minadan təmizlənməsi üçün sistemlər – “Zemledeliye” (“kənd təsərrüfatı”) və “Listva” (“yarpaqlar”) müşahidə edilib.
Texniki tərəqqi hərbi əməliyyatların taktikasını dəyişir, onlar getdikcə daha səmərəli və “kontaktsız” olur. Rusiyanın müdafiə-sənaye kompleksinin (MSK) qabaqcıl layihələri düşmənin quru qoşunlarının hərəkətini bölmələrin bilavasitə hərbi təması olmadan, eləcə də diversiya “xəzinə”lərini – radio ilə idarəolunan mina və fuqasları - məsafədən məhv etməklə uzaq sərhədlərdəcə dayandırmağa imkan verir.
“Zemledeliye”nin sahələrə dəqiq zərbəsi
Mina-partladıcı hasarlardan (MPH) müdafiə və hücum əməliyyatlarında istifadə edirlər, bununla quru qoşunlarının manevrini məhdudlaşdırmaq, çevik zərbə qruplaşmalarını ləngitmək və ya hava desantının ayağının altına mina döşəmək (yaxud onların enişinə mane olmaq), kommunikasiyaları dağıtmaq, düşmənin arxa cəbhəsinin işini pozmaq, habelə öz cinahlarını və zəif nöqtələrini qorumaq mümkündür. Bu zaman ərazinin minalanmasının dəqiqliyi və sürəti vacib rol oynayır.
Mühəndis sistemi ilə məsafədən minalama komandirin bu barədə qərar qəbul etməsindən 10 dəqiqə sonra tam yerinə yetirilə bilər. Bu, operativ fəza və hərbi əməliyyatlardan bütöv rayonları (və düşmənin mövqelərini) “çıxarmağa” imkan verəcək. Mina-partladıcı hasarların bu cür düzülmə üsulu daha təhlükəsiz və manevrli hesab edilir və yüksək avtomatlaşdırma və müstəqillik səviyyəsinə malikdir.
“KamAZ” (8x8) avtomobilinin bazasında yaradılmış “Zemledeliye” məsafədən minalama mühəndis sistemi (MMMS) 50 lüləli yaylım atəşi qurğusudur, o, müxtəlif tip (piyada əleyhinə və tank əleyhinə) minalarla təchiz olunmuş xüsusi, 122 mm-lik reaktiv mərmilərlə atəş açır.
Müasir yüksək effektivli yeni nəsil sursatlar beynəlxalq özünüməhv razılaşmalarının tələbinə tam cavab verir. Yəni “növbətçi” hasarların qurulması da mümkündür: onlar hədəfi gözləmədən, müəyyən vaxtda özləri-özlərini məhv edir (və ya təhlükəsiz rejimə keçir).
“Zemledeliye” MMMS hərbi sursatları mövqe rayonundan 5-15 km məsafədə “əkir”. Peyk naviqasiyası və avtomatik idarəetmə sayəsində minalar dəqiq nəzərdə tutulan yerdə basdırılır. Sistemin avtonom meteostansiyası özünün “külək düzəlişlərini” edir. Özü də atəş üçün məlumatların hazırlanması, hədəf nöqtələrinə atəş və yenidən doldurulma üçün nəqliyyatın çağırılması avtomatik icra olunur. Sistem mobildir, yüksək keçicilik qabiliyyəti var və uzun zaman “təkbaşına” işləyə bilir. Daşınan hərbi ehtiyatı (nəqliyyat-atəş konteynerlərindəki reaktiv mərmiləri) eyni təkər bazası üzərindəki doldurucu maşın təmin edir.
Hərbi tətbiq texnologiyası atəş xəttindən aralı olmağı nəzərdə tutsa da, maşınların kabinəsi zirehlə qorunur.
Rusiya Müdafiə Nazirliyi MMMS-lə 2020-ci ildən təmin olunur. Alınan maşınların dəqiq sayı, eləcə də tədarük tempi və müqavilənin dəyərini “Texmaş” açıqlamayıb. Ümumilikdə Tulanın “Splav” elmi-istehsalat birliyinin layihəsi kifayət qədər qapalı xarakter daşıyır. “Zemledeliye” barədə məlumatlar ilk dəfə Beynəlxalq hərbi-texniki “Armiya-2016” forumunda təqdim edilsə də, sistemin şəkilləri birinci dəfə bu ilin iyununda dərc olunub.
NATO-nun əsas ordularının (ABŞ, ADR, Böyük Britaniya, İtaliya) da sərəncamında aviasiya, reaktiv, artilleriya, mühəndis məsafədən minalama sistemləri var və onlar böyük ərazilərdə qısa müddət ərzində mina sahələri yarada bilir. Mina-partladıcı texnologiyaların mübarizəsi və təkmilləşdirilməsi ardı-arası kəsilmədən davam etdirilir. Rusiyanın “mina sahəsində” bir çox nailiyyətlərinin dünyada analoqu yoxdur.
Hərbi mikrodalğalı “Listva”
Rusiyada yeni fiziki prinsiplərə əsaslanan elektron silahlar həm cəbhədə, həm də döyüş formalaşmasında uğurla istifadə olunur. “Listva” məsafədən minatəmizləmə maşını (MMTM) 100 m məsafədən mina və fuqasları aşkar edərək partlada bilir və beləliklə düşmənin sürprizlərindən qaçmaqda yardımçı olur. Strateji təyinatlı raket qüvvələrində (STRQ) sınaqdan keçirilib.
“Listva” STRQ-də 2017-ci ildə peyda olsa da Qələbə paradında ilk dəfə iştirak edəcək.
Rusiyanın ən gizli komplekslərindən biri qitələrarası ballistik mobil raket qurğularının yolu üzərində partladıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Yüksək tezlikli şüalanma blokuna malik zirehli avtomobil hərbi patrulun marşrutu ilə qrunt raket kompleksinin önündə gedir və mobil rabitə siqnalları yaradaraq yol kənarındakı və yoldan xeyli aralıda olan radio ilə idarə olunan minaları (fuqasları) partladır. Məsafədən minaları təmizləmə maşını metal elementli mina-partladıcı qurğuları aşkar edə, tərkibində elektron komponentlər olan mühəndis hərbi sursatlarını və əldəqayırma partladıcı qurğuları məhv edə bilir. Əvvəllər bu texnologiyadan istifadə olunmurdu, indi isə STRQ-nin mühəndis bölmələrinin sərəncamında təxminən 150 “Listva” MMTM var.
Zirehli maşının damında parabolik antena var, o, aşkarladığı minanı yüksək şüalanma ilə zərərsizləşdirir. Yönəldilmiş YTŞ impulsu hərbi susrsatların partladıcılarını və rabitə sistemlərini sıradan çıxarmağa qadirdir. YTŞ antenasının təsir bucağı 90 dərəcədir. Minatəmizləmə zolağının eni 50 metrdir. Heyət üçün xüsusi kostyumlar hazırlanıb, onların üzərindəki metal saplar hərbçiləri elektron şüalanmadan qoruyur.
“Listva”nın dəqiq xarakteristikaları məxfidir, ancaq açıq mənbələrdə olan məlumatlara görə, o, 15 km/saat sürətlə hərəkət edərək minaları 100 m məsafədən aşkarlayır. Layihəçi – Ryazanın “Qlobus” konstruktor bürosu, istehsalçı isə Krasnodarın “Kaskad” cihazqayırma zavodudur.
Geniş bucaqdan nəzərdən keçirsək, radioelektron silah tankın qülləsindəki mərmini məsafədən partlada və ya avtomatik doldurulma sistemini sıradan çıxara, eləcə də düşmənin sığınacaqdakı, yaxud yerin 100 m dərinliyindəki canlı qüvvəsini məhv edə bilər. Bu cür silah düşmənin texnikasını ənənəvi məhvetmə vasitələri olmadan zərərsizləşdirə bilər. Hərəki elektromaqnit şüa (EMŞ) generatorları düşmənin onlarla kilometr aralıdakı (səmada, dənizdə və quruda) elektronikasını sıradan çıxarmağa qadirdir. Müəyyən tezlikli dalğaların istiqamətlənmiş dəstəsi elektrik cihazlarına ağır çəkic zərbəsinə bənzər təsir göstərir. Kompüterlər donur, tuşlama (naviqasiya) sistemləri funksionallığını itirir. İmpuls mikrosxemləri fiziki olaraq məhv etməyə qadirdir, yəni onları sadəcə yandırır.
Bir sözlə, iyunun 24-də mümkün düşmən üzərində texnoloji Qələbənin də paradı olacaq. Qeyd edək ki, “100 metrlik YTŞ” uğurla keçilib, Rusiyada daha güclü məsafədən minatəmizləmə maşını – “Qvidon” sınaqdan çıxarılır.