58 yaşlı Cəlil Allahyarov 38 il elektrik avadanlıqları üzrə avtomobil ustası olub. Təsərrüfatında maşın gərəkli olduğunu görəndə isə onu almaq əvəzinə sıfırdan özü yaratmaq qərarına gəlib.
2 ay ərzində və 2,500 manata ərsəyə gətirdiyi avtomobil istifadəsində 7 müxtəlif maşın detallarından istifadə edilib. Alışdırma və əyləc sistemi “Qazel”, karbürator “VAZ 07”-dən, ötürmə sistemi “QAZ-24”-dən, mühərrik “Moskviç”-dən, qabaq faralar “KamAZ”-dan, oturacaqlar isə “Toyota”-dan götürülüb. Maşının karkasını isə usta dəmir lövhələrdən öz əlləri ilə düzəldib.
Avtomobil 1 ton yük daşımaq gücündədir, saatda 80-100 km sürətlə hərəkət edir. Maşın hər kəsin marağına səbəb olsa da, usta onu satmaq fikrində deyil. O, maşını məhz özü üçün, kənd təsərrüfatında istifadə etmək üçün yaradıb. Adını isə yaşadığı kəndin şərəfinə “Arzu-1” qoyub.
Cəlil bəy bu avtomobilini patentləşdirmək, gələcəkdə isə kvadrasikl və amfibiya maşın yaratmaq fikrindədir.
Xatırladaq ki, amerikalı məşhur ixtiraçı, mexanik, sənayeçi və biznesmen Henri Ford 1893-cü ildə işdən sonrakı boş vaxtlarında özünün ilk avtomobilini düzəldib, 1903-cü ildə "Ford Motor Company"ni təsis edib.