Avtomobil qəzasında, sel fəlakətində, dənizdəki fırtınada və ya hansısa gözlənilməz faciələrdə 2-3 nəfər həyatını itirəndə kədərlənirik, bu qəfil ölümlərə reaksiya veririk, kimlərisə qınayırıq, səsimizi yüksəldirik, ən azı sosial şəbəkələrdə nələrsə yazırıq.
Bəs bu fəlakətlər hər gün təkrarlanarsa və hər gün müxtəlif qəzalar səbəbindən eyni sayda insan həlak olarsa, nə etməliyik, özümüzü necə hiss etməliyik?
Düşünürəm ki, ən azından nələrinsə yolunda getmədiyinə, hansısa qaydaların pozulduğuna səsimizi çıxararıq. Heç olmasa bir-iki kəlimə yazarıq, ürəyimizi boşaldarıq.
Ancaq COVID-19-dan söz düşəndə insani reflekslərimizi sanki keyiyir, laqeydləşirik.
COVID-19 demək olar ki, hər gün ölümə səbəb olur, bu yazını qələmə alarkən ölkəmizdə COVID-19-dan ölənlərin ümumi sayı 508 nəfər idi və bu statistika əminəm ki dəyişəcək.
Ölümlər davam etsə də, biz normal həyatımıza qayıtmaq üçün çabalayırıq. Karantin qaydalarının yumşaldılmasını toy-bayram kimi qeyd edib, əvvəlki tempdə həyatımızı yaşamaq istəyirik.
Gözümüzün qarşısında bu xəstəlikdən ölənləri, xəstəliyin ciddiliyini görmək, anlamaq istəmirik.
Kimlərsə təhsil, kimlərsə turizmin, toy biznesinin, restoranların fəaliyyətinin, kimlərsə rayonlara gediş-gəlişə icazə verilməsinin dərdindədir. Sağlamlıq kimi önəmli bir məsələni heç kəs düşünmür. COVID-19-a qarşı kütləvi laqeydlik, sağlamlığa qarşı ciddi biganəlik müşahidə edilir.
Bəlkə də bu dərdlə, bu bəlayla iç-içə yaşamağa alışmışıq, bəlkə də düşdüyümüz vəziyyəti qəbul etmişik.
Xəstəxanlardakı vəziyyət, səhiyyə işçilərinin ağır rejimdə işləməsi digər xəstəliklərlə mübarizə aparanların da həyatını çətinləşdirib. Karantin qaydaları yüngülləşdirilsə də, əslində vəziyyət ağır olaraq qalır.
Sosial vəziyyət ağır olsa da, insanlar bu problemlərlə yaşamağa alışdığı üçün kənardan hər şey normal görünür.
Bu bəlayla mübarizədə itkilərimiz çox böyükdür. Xüsusilə işsizlik, gələcəkdəki böyük sosial problemlər barədə həyəcan təbili çalınır. Bu günlə yaşayıb, sabah yaranacaq problemləri düşünməmək məsuliyyətsizlikdir. Böhranı idarə edənlər bunu hökmən nəzərə almalıdır.
İnsanlar haqlı olaraq yumşalma tələb edirlər, çünki düzgün tətbiq edilməyən sərt karantin qaydaları insanların həyatını daha da çətinləşdirdi, ciddi fəsadlara səbəb oldu.
Təcrübəsizliyimiz, hazırlıqsızlığımız və bu vəziyyəti idarə edənlərin səriştəsizliyi bizi xalq olaraq çətin vəziyyətdə qoydu.
***
Bu dönəmdə narahatlıq yaradan məqamlardan biri də koronovirus testinin qiymətinin baha olması, eyni zamanda TƏBİB-in test məsələsində qüsurlara və yanlışlara yol vermərsidir. Xaricə gedənlər, xaricdən gələnlər test qiymətlərinin bahalığından şikayət edir.
Düşünürəm ki, bu ağır iqtisadi vəziyyətdə və çətin günlərdə COVID-19 testləri Azərbaycan vətəndaşları üçün pulsuz olmalıdır və bu işlə məşğul olanlar işlərinə ikiqat məsuliyyətlə yanaşmalıdır.
Bu vətəndaşın rahatlığı və özünü güvəndə hiss etməsi üçün önəmlidir.
***
Yazımın əvvəlində biganəlikdən, laqeydlikdən danışdım. Biz təkcə pandemiyaya, COVID-19 ölümlərinə biganələşməmişik. Eyni zamanda ölkəmizdə baş verən hadisələrə qarşı da reaksiyalarımız kafi deyil.
Lerikdə 15 yaşlı şagirdini hamilə qoyan müəllimə – 60 yaşlı Şəfahət Məmmədova 1 il həbs cəzası verilməsi xəbəri bir neçə gün, həm də çox həvəssizcəsinə müzakirə olundu. Ancaq, düşünürəm ki, bizim cəmiyyət olaraq keyfiyyətimiz məhz bu qəbildən olan hadisələrə verdiyimiz reaksiya ilə ölçülməlidir.
Bu hadisə haqqında geniş yazmaq istəmirəm, çünki mənə görə o hədsiz dərəcədə iyrənc və əxlaqsız hərəkətdir. Sadəcə bir məqamın üstündən keçmək mümkün deyil: Hakimin verdiyi qərar və 60 yaşlı müəllimə göstərilən mərhəmət. Düşünürəm ki, bu məhkəmədə və qərarda ədalət prinsipləri pozulub. Məhz bu məqamda daha ədalətli qərar üçün dövlət rəhbəriliyi məsələni nəzarətə götürməli, ədalətli qərar verilməsi üçün işə yenidən baxılmalıdır.
Biz isə vətəndaş olaraq mümkün qədər laqeyd, soyuqqanlı və biganə olmamalıyıq...