Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Hüznlü manıslar və xalqın əndişəsi

© pixabay / StockSnapПевец на сцене, фото из архива
Певец на сцене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

BAKI, 12 avqust — Sputnik. Bir tərəfdən pandemiya sıxır canımızı, bir yandan işsizlik kəsir nəfəsimizi, bir az da manıs-müğənni əhlinin ah-naləsindən pəjmürdəyik. Niyə onları xatırladım? Çünki bəzənib-düzənib, kreditə avtomobillər, bahalı evlər alıb lüks həyat yaşamağa alışanların çətinliyi daha çoxdur. Bizə nə var? Bir tikə çörəyi ümidlə yavanlıq etməyə öyrənmişik. Çətini zəngin yaşamağa çalışan, zənginliyi imitasiya edən manısların güzəranıdır. Aylardır, yeganə qazanc yeri toylar olan bu şən-şaqraq insanlar intəhasız bir hüznə qərq olublar. Karantin acı bağırsaq kimi uzandıqca, efirlərdə görünən müğənnilərin üzündəki kədər və iztirab dərinləşir. Əvvəl çağırıldığı proqramdan üzrxahlıq edib yayınan, toyda oxumağı daha vacib hesab edənlər indi çağırıldıqları proqramların bitməsini istəmirlər...

Düşünürəm ki, toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

Молодожены, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq

...Hər gün oxşar xəbərlərlə oyanıb, eyni ümidlə başımızı atırıq yastığa. Az qala, beş aydır yekrəng, yeknəsək bir ömür xırıd edirik fələyin oyununda. Nə qapımızı döyən var, nə hansısa qapını döyməyə üzümüz, imkanımız. Hər sabah internetdən axışıb bizi ağuşuna alan xəbərləri oxuyub, bir ovuc antidepressant nuş edib, bir siqaret yandırırıq qayğılı-qayğılı. Hər gün həyəcanla statistikanı izləyirik. Sağalan sayı yoluxan sayından artıq çıxanda, əlinə “üç tuz” gəlmiş hiyləgər qumarbaz kimi, bığaltı qımışırıq ki, “hə, bir az ümid var...”  Əslində isə “ümid bağlı qapılar arxasında, ruzimiz qurd ağzındadır”.

Təcridimiz orta əsrlər sufi şeyxinin təcridi kimi uzanır: canımız çiləyə təşnədir. Qadağalar azaldıqca, dükan-bazar, dəniz-çimərlik açıldıqca üzümüzə təbəssüm qonur. Amma heyhat! Nə dükan-bazara getməyə imkanımız, nə dənizə getməyə taqətimiz var. Dənizdə, dükan-bazarda sıxlıq yaradan da biz deyilik, bizim nəfsimizdir. Azadlığa təşnə, sərbəstliyə həsrət nəfsimiz özünü qumsallığa verib dincəlmək istəyir. Aylardır, tamarzı qaldığımız azadlığın, sərbəstliyin dadını çıxarırıq. Şükürlər olsun ki, “birinci dalğa” dedikləri hər nədirsə sahillərimizə çırpılıb, ala bildiyi qədər can alıb, geri çəkilir. Biz binəvalar da “birinci dalğa”dan xilas olmamış “ikinci dalğa”nın müjdəsini alırıq.

TƏBİB bir yandan, Operativ Qərargah digər tərəfdən xəbərdarlıq edirlər ki, “bəs hazır olun, gigiyenik olun, məsafəli olun - “ikinci dalğa” gələcək”. Xub! Gəlsin bu dənizin nə qədər dalğası varsa, bir təhər dözərik, səbr edərik. Amma, ancaq, lakin...

Pandemiyadır, karantindir, təcriddir, sosial məsafədir, yarıtmaz səhiyyədir – bunları birtəhər anlayırıq, ya da zor-bəla anlamağa, dərk etməyə çalışırıq. Bəs bizim sosial vəziyyətimiz, külfətimizin və millətimizin dolanışığı, yaşayışı necə olacaq? Körpə övladlarımıza nə qədər nağıl danışaq? Nə qədər aldadaq özümüzü?

Bütün qayda-qadağaya tabe olub, kədərli bir həyat yaşayırıq. Gün üzünə, doğmaların, yaxınların camalına həsrət qalmışıq aylardır. Şəxsən mən bir yazıçı kimi bu çətin məqamlarda dövlətimin dəstəyini hiss etmək, övladlarımın güvəndə olduğunu düşünmək istəyirəm. Ancaq narahatam, əndişəliyəm. Bir qarın çörək dərdi deyil qorxum. Bu il birinci sinifə getməli olan qızımın, liseyə qəbul olub, həvəslə dərslərin başlamasını gözləyən oğlumun təhsilindən nigaranam. Yaşlı valideynlərimin səhhətindən, aylardır işsiz qalan dost-tanışımın dolanışığından narahatam.

Клоун, фото из архива - Sputnik Azərbaycan
Şou davam edir - Cəmi 30 manata həm əylənə bilərsiniz, həm də yoluxa

190 manata ümid edən, ehtiyac içində olan həmvətənlərimi düşünürəm. Sonuncu ehtiyatını da xərcləyib bitirmiş onlarla adam tanıyıram. Hər gün yardım üçün müraciət edənlərə, marketlərin qarşısında əl açanlara aylardır işsiz olduğumu deməyə utanıram.

Sosial problemlər, işsizlik və sıxıntılar ortaq dərdimizdir. “Ellə gələn toy-bayramdır” deyirik, amma yaxın qonşumuz Gürcüstana və uzağımız Avropaya baxanda görürük ki, əslində “toy-bayram” onlardadır. Səhiyyədən tutmuş, əhaliyə edilən sosial dəstəyə qədər nümunə götürməli olduğumuz çox şey var.

Biz, sadəcə, səriştəsiz, əhli-kef məmurların ümidinə qalmış qoca Şərqin atılmış və unudulmuş binəvalarıyıq.

Bundan sonra ümidimiz yalnız koronavirusun insafına qalıb. Bu zaval, bu mərəz özü könüllü çəkilib getməsə, bizim sonumuz heç də yaxşı görünmür...

Xəbər lenti
0