BAKI, 10 may — Sputnik. Koronavirus epidemiyası ilə bağlı bəzi insanlar arasında dünyanın sonunun yaxınlaşması, bir sıra dəhşətli qəzaların baş verəcəyi barədə fikirlər dolaşmaqdadır. Bir tərəfdən də bəşəriyyəti gözləyən kəskin iqlim dəyişikliyi, iqtisadi böhranla bağlı yarana biləcək işsizlik barədə xəbərlər insanlarda qorxunu birə on artırır.
Dünyada survivalizm deyilən bir cərəyan da formalaşıb
Bəşəriyyəti gözləyən təhlükədən qorunmağı düşünən, hər gün gələcəkdə ola biləcək qorxulu halların qarşısını almaq üçün hazırlaşan minlərlə insan var. Bu hazırlıq yarışında hər vasitədən yararlanmaq olar. Kimi indidən özünə yeraltı imarət tikir, kimi çoxlu sayda konservləşdirilmiş qida hazırlayır, kimi də silah, əleyhqaz, xüsusi müdafiə vasitələri alır. Dünyada survivalizm deyilən bir cərəyan da formalaşıb. Onlar qəzaların mütləq baş verəcəyinə əmindirlər. Bu submədəniyyətə xidmət edənləri dinlədikdə qorxunun şüurun alt qatına nə qədər təsir etdiyinə tam əmin olmaq olar.
Cərəyan daha çox ABŞ-da yayılıb. Silah almaq asan olduğu üçün survivalistlər elə indidən ehtiyat toplamaqla məşğuldurlar. Başının atında silahla yatıb duranı da var, hələ ötən əsrin 80-ci illərində hazırladığı mürəbbəni qoruyub saxlayanı da. Bəzi ailələr rahat ev və işini atıb elə indidən çölün düzündə özünə yer hazırlayırlar. Ov ovlamaq, mal-qara saxlamaq, əkin əkməklə hər gün dünyanın sonunu gözləyirlər. Eləsi var, dovşan ovlayıb növbəti konservi hazırlamaqla məşğuldur.
Bu işi biznesə çevirən də az deyil. Amerikalıların Axirət qorxusundan pul qazanan iş adamları daha çox kimyəvi və nüvə silahından qoruyucu müdafiə kostyumları, müxtəlif növ əleyhqaz satmaqla xeyli gəlir əldə edirlər. Kimsə də qəza zamanı xilasedici vasitəyə çevrilə bilən bunkerlərin quraşdırılması və satışı ilə məşğuldur. Qiyməti 25 min ABŞ dolları olan bu yerləri çox yaxşı alırlar. Özü də məsələ tək bununla bitmir. Şirkət yalnız boş divardan ibarət olan qoruyucu bunker satır. Bu yeri hələ gərək yaşayış üçün yararlı edəsən. Təmir işləri bunkerin özündən xeyli artıq vəsait aparacaq.
Survivalistlər silahlı müqavimət göstərmək üçün ciddi hazırlaşırdılar
İngilis dilindəki “survival”, yəni “sağ qalma, yaşama” sözündən yaranan bu hərəkatın yaranma tarixi soyuq müharibə dövrünə, yəni 1960-cı illərə bağlıdır. SSRİ ilə qarşıdurma ABŞ-da bir qrup insanın cərəyan halında formalaşmasna təkan verdi. Bu insanlar qarşıda onları dəhşətli qəzaların, nüvə müharibələrinin gözlədiyinə tam əmin idilər. Bəzən xüsusi yeraltı şəhərciklər də tikilirdi. Survivalistlər nəinki sağ qalmaq, hətta mümkün sovet işğalı dövründə silahlı müqavimət də göstərmək üçün ciddi hazırlaşırdılar.
Hollivud bu tip qorxuları əks etdirən yüzlərlə film çəkib. “Blast from the Past” və ya “Keçmişdən partlayış” filmi survivalizm hərəkatının ideyasını ən doğru əks etdirib. Sovet nüvə zərbəsindən qorunmağa çalışan amerikalı alim Kelvin Uebber ailəsini qorumaq üçün mükəmməl bir yeraltı bunker tikir. Burada hər bir qida və həyat üçün lazım olan ehtiyat toplayır. Karib böhranı dövründə artıq ABŞ-a zərbə endirildiyini düşünən alim hamilə xanımı ilə burada gizlənir. Məsələnin üstü 35 ildən sonra açılır, qida ehtiyatını bərpa etmək üçün yeraltı məkanı tərk edən, indiyəcən günəş işığını belə görməyən oğlu Adam heç bir nüvə müharibəsinin olmadığını aşkarlayır.
Qoruyucu geyimdə bir saat oturarsan, bir gün, iki gün. Bəs sonra?
Filmin süjeti nə qədər gülməli görünsə də, survivalistlərin qorxuları bir o qədər realdır. Mətbuat və internetdən əldə etdikləri qeyri-dəqiq məlumatın hesabına bu insanlarda dəhşətli qorxu kompleksi formalaşıb. Axı aydın məslədir: 40 il öncə hazırlanan mürəbbəni yemək olmaz, bu zəhərdir. Saxlamağın nə mənası var? Nəinki qoruyub saxlayırlar, hətta yeni konserv ehtiyat yaradırlar.
Dünyanın sonundan qorxmağa dəyərmi? Bunun qarşısını almaq və ya hansısa yolla hazırlaşmaq olarmı? Əslində, baş verə biləcək vulkan püskürməsi, zəlzələ, şimşək və ya selin qarşısını almaq qeyri-mümkündür. Baş verəcəksə, deməli belə də olacaq. Əgər texnotron qəza və ya nüvə müharibəsi olsa, fəlakətdən böyük mənada qorunmaq yenə də mümkün olmayacaq. Hansısa qoruyucu geyimdə bir saat oturarsan, bir gün, iki gün. Bəs sonra? Yenə də üzə çıxmalı olacaqsan. Ən ciddi problem təmiz su ilə bağlı olacaq. Onu tapmaq müşkülə çevriləcək. Bunkerdə gizlənməklə su əldə etmək mümkünsüzdür. Bəs qida axtarışına çıxan cinayətkarlardan necə qorunmalı? Belə bir qəza baş versə, daha çox ehtiyat toplayan yox, ekstremal vəziyyətdə çıxış yolu tapa bilən insanlar sağ qalacaq.
Azərbaycan insanı “olacağa çarə yoxdur” fikri ilə yaşayır
Koronavirus pandemiyası Azərbaycanda hər hansı bir ciddi qorxunu aşkarlaya bilmədi. Əlbəttə, böyük mənada əhalinin əksər hissəsi karantin qaydalarına əməl etdi, virus elə də yayılmadı. Amma qayda pozan da çox oldu, deyək Bakının bir rayonundan digərinə getməsək də, məhəllimizdə oturub nərd-domino oynadıq, yaşadığımız binanın həyətində toplaşdıq. Hər hansı bir fərdi söhbətdə insanların qorxusu elə də görünmədi, şikayət edən ya darıxmaqdan, ya da çörək pulu qazanmamaqdan gileyləndi. Sosial mediada da elə bir qorxu ilə üzləşmədik. Hətta pandemiyaya münasibətdə skeptik yanaşmanın şahidi olduq.
Dünyada baş verə biləcək hər hansı qəza, dünyanın sonunun və Axirət gününün yaxınlaşması azərbaycanlıları bir o qədər qorxutmur. Əgər belə bir qorxu varsa da, o da əsasən internet vasitəsilə ilə yayılan məlumatlara görə baş verir. Özünü qorumağa çalışan insanlar azdır, kiminsə evində əleyhqaz tapmaq da çətindir. Şərq düşüncə tərzi, mentallığı hakim olduğu üçün insanlarda gələcəklə bağlı fobiyaları görmürük. Azərbaycan insanı “olacağa çarə yoxdur” fikri ilə yaşayır.
Ehtiyat toplamağa gəlincə isə biz buna çoxdan öyrəncəliyik. Un, şəkər, duz, çay, kibrit, kerosin lampası, demək olar, hər evdə var. Sovet dövrünün çətinlikləri yəqin şüuraltı səviyyədə beynimizə həkk olunub. Ən böyük qlobal qorxu isə ölkədə 2012-ci ildə olub. Dünyanın sonu yaxınlaşır deyə əhali dükanlardan şamları süpürdü. Son da yaxınlaşmadı. Kiminsə evində yəqin bu şamlardan hələ də var.
Dünyanın sonundan qorxmaqdansa, ekstremal vəziyyətdə nə edəcəyimi dəqiq bilməli və buna hazırlaşmalıyıq. Çətinliyə və qorxuya qalib gəlməyin yolu daxili sabitlikdən keçir. Necə deyərlər, bacardığını gör, olacağa da çarə yoxdur.