BAKI, 28 avqust — Sputnik. Dərs ili yaxınlaşdıqca paytaxta tələbə axını güclənir. Yataqxanada qalmaq imkanı olmayan gənclər qapı-qapı gəzib kirayə ev axtarırlar. Təhsil almağa şəhərə gələn tələbəni həvəsdən salan, bəlkə də, ən ağır məsələdir. Mənzil tapmaq müşkülə çevrilib.
“Ailəlilərin vurduğu ziyan daha az olur” təsəvvürü bazarda hökm sürür
Bu dövrü səbirsizliklə gözləyən dəllalların bazarı isə güclənib. Amma onların da çox razı olduqlarını demək olmaz. Təklif etməyə gərək bir nəsə ola ki, oraya müştəri aparasan.
Mənzili kirayə verən adətən ailə cütlüyü, özü də uşağı olmayan insanları arzulayır. Ailən varsa, deməli, evi tapacaqsan. Guya oğlan uşaqları evi səliqəsiz saxlayır, içkiyə və siqaretə aludə olurlar. “Ailəlilərin vurduğu ziyan daha az olur” təsəvvürü bazarda hökm sürür.
Bakıda təhsil alan tələbələrin sayı haradasa 200 min nəfərə yaxındır. Rəqəm kifayət qədər böyük görünsə də, 4 milyon əhalisi olan meqapolis üçün elə də problemli deyil. Həm də bu tələbənin heç də hamısı regiondan gəlməyib, şəhərdə evi olanı da az deyil. Vəziyyəti ağırlaşdıran faktorların sırasında təhsilini bitirib rayona geri dönmək istəməyən bakalavr və magistr ordusunu, müxtəlif peşə məktəbləri, texnikumlarda oxuyan gəncləri, regiondan şəhərə iş dalınca gələn insanları göstərmək olar. Ata-ana ilə birgə yaşamaq istəməyib, ayrıca ev tutan sakinləri də bu sıraya aid edə bilərik.
Ev kirayəsi problemi təkcə bizə məxsus məsələ deyil
Yəni Bakı əhalisinin elə hər 4 nəfərindən biri kirayə mənzildə qalır. Şəhər böyüdükcə axın daha da güclənir. Bu qədər insanı kirayə evlə necə təmin edəsən?
Ev kirayəsi problemi təkcə bizə məxsus məsələ deyil. Dünyanın hər yerində ev kirayə etmək istəyən insanlar kifayət qədər çətinliklə üzləşirlər.
Hətta Avropanın Şərqində, deyək, Polşada təhsil almaq istəyən azərbaycanlı gənclər kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Polşanın kiçik şəhərlərində belə normal evin qiyməti 500-600 avroya başa gəlir. Bu qiymətə hətta Romada da ev taparsan, amma köhnə məhəllədə, o qədər də komfort olmayan şəraitdə.
Dünyanın bir çox ölkəsində kirayə mənzil məsələsi aktuallığını saxlayır. Hər ölkə problemi bildiyi kimi çözməyə çalışır. Bəzən iqtisadi fəallıq səbəbindən nə vaxtsa kiçik olan şəhər nəhəng meqapolisə çevrilir. Cənubi Koreyanın paytaxtı Seul ölkə əhalisinin yarıdan çoxunu özündə buna görə cəmləyib. Şəhər böyüyür, tikinti sürətlə davam edir, mənzili kirayə edənlərin sayı dayanmadan artır. Hərdən əks proses də baş tutur. ABŞ-ın nə vaxtsa avtomobil mərkəzi sayılan Detroyt hazırda durğunluq dövrünü yaşayır, istehsalat dayandığından şəhər insan üzünə həsrət qalıb.
Köhnə tikililər ortadan çıxdıqca ev qıtlığı yaranır
Hazırda Bakının kirayə mənzil bazarında qiymət artımı duyulur. Sputnik Azərbaycan-a verdiyi açıqlamasında mənzil bazarı üzrə ekspert Ramil Osmanlı bunun xarakterik olduğunu deyib: "Bu il də eyni vəziyyət müşahidə olunur. Çünki avqustun ikinci ongünlüyündə tələbələrin hansı ali məktəbə qəbul olduğu müəyyənləşir. Hər il analoji vəziyyətin müşahidə olunması tələbə yataqxanaları probleminin həll olunmadığını ortaya çıxarır".
Ramil Osmanlı deyir ki, paytaxtda kirayə mənzil qıtlığının və qiymətlərdə artımın əsas səbəbi köhnə yaşayış binalarının şəhərsalma tədbirləri ilə əlaqədar sökülməsidir. Ekspert bildirib ki, köhnə tikililər kirayə mənzil bazarında təklif portfelinin əsasını təşkil edir: "İlbəil kirayə mənzil bazarında təklif azalır. Bu, köhnə tikililərin sökülməsi ilə əlaqədardır. Eyni zamanda son iki ildə müşahidə olunan tendensiya ondan ibarətdir ki, söküntü işləri ilə əlaqədar kirayə mənzil bazarında ev qıtlığı yaranıb. Üstəlik, tələbələr dərs ilini başa vurduqdan sonra mənzili boşaltmırlar. Onlar aylıq kirayə haqqını ödəyərək mənzili boş saxlayırlar. Bu da yeni gələn tələbələr üçün kirayə mənzil qıtlığına səbəb olur".
Paytaxtda böyük köç: Sakinlərlə razılıq əldə olundu>>
Əslində, Ramil Osmanlı bir neçə cümlə ilə problemi tam ifadə edib. Regiondan Bakıya insan axını davam edir, bazar isə bu insanlara heç nə təklif etmir, çünki köhnə tikililər ortadan çıxdıqca ev qıtlığı yaranır. Təzə mənzillərdə ev alanlar ya buranı kirayə vermir, ya da çox baha qiymət təklif edirlər. Tələbə də bu pulu ödəyə bilmir. Bəzən tələbə gənclər birləşib 3-4 adama bir mənzil götürürlər, amma bu da asan olmur. Mənzil sahibləri belə vəziyyəti sevmirlər, çünki çox insanın toplaşdığı yerdə səs-küy olur, qonşular və polislə problem yaşanır.
Bəzi sadə qərarlar mənzil bazarında gərginliyi xeyli azalda bilər
Belə vəziyyət uzun sürə bilməz, çünki tələbat artdıqca onu hansısa yolla qarşılamaq lazımdır. Bu qədər insan harada yaşamalıdır? Problem necə həll yolunu tapmalıdır?
Bəzi sadə qərarlar mənzil bazarında gərginliyi xeyli azalda bilər. Məsələn, çoxdan müzakirə edilən, gözlənilən tələbə şəhərciklərinin inşası bu böyük tələbə kütləsinin rahat yerləşməsini təmin edə bilər. Həm gənclər normal təhsil almaq imkanı qazanar, həm kirayə bazarı bir qədər boşalar, həm də şəhər nəqliyyatındakı basırıq az da olsa, azalar. Amma bu layihə illərdir həllini gözləyir, artıq neçə nəsil tələbə təhsilini bitirib mükəmməl mütəxəssis ola bilib, amma şəhərciklər yoxdur ki, yox.
Digər çıxış yolu dövlətin mənzil bazarına müdaxiləsində ola bilər. Yəni dövlət sifarişi ilə ucuz, əlçatan mənzillərin inşası reallaşmalıdır. Bu evləri satmaq yox, kirayə vermək üçün tikməliyik. Həm mənzil bazarında qiymət enərdi, həm də kasıb təbəqənin insanları münasib qiymətə mənzil kirayə etmiş olardılar. Belə tip mənzillər çox az tikilir. Həm də binaları inşa edib sonra satışa çıxaran tikinti şirkətlərinə dəstək olmaqla kirayə bazarını canlandırmaq da mümkündür.
Deyək ki, inşa edilən binada mənzilin 30 faizini münasib qiymətə icarəyə verən şirkətə vergidə endirim etmək olar. Yaşamağa bir küncü olmayan, daim ev axtarışında olan kimsədən vətənpərvərlik, vətən sevgisi gözləmək olmaz. Onun yalnız bir fikri var: başını soxmağa bir otağı olsun. Bakıda da xeyli yataqxana təşkil edə bilərdik. Sadəcə bunların təşkili mexanizmi hazırlanmalıdır.
Böyük şəhərin dərdi çoxdur, hər gün də dərdin üstünə bir dərd gəlir. Tələsməsək, elə bu dərin quyuda batıb qalacağıq.