Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 avqust — Sputnik. Bu günlərdə Nazirlər Kabineti "Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi" barədə qərar qəbul edib. Bu qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartıazaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Metropoliteninə yarımstansiya tikintisi üçün ayrılan ərazidə olub, sakinlərlə söhbətləşib.
Dövlət ehtiyacı üçün alınacaq ərazini tapmaq elə də çətin olmadı. Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə adlanan ərazi sən demə "Nizami" metrostansiyasının arxasında, el dili ilə desək lap şəhərin "göbəyində" yerləşirmiş. Ünvanda olarkən onu da öyrəndik ki, yarımstansiyanın inşası üçün ayrılan ərazinin bir hissəsi uzun illərdir ki, avtodayanacaq kimi istifadə edilirmiş. Bir neçə ay öncə həmin ərazidən avtomobillər çıxardılıb, qapısına metronun loqosu vurulub. Digər hissə isə evlərin yerləşdiyi əraziyə düşür.
Bu barədə bizə Murtuza Muxtarov küçəsində doğulub boya-başa çatan Elçin Ramazanov məlumat verdi. E. Ramazanov deyir ki, metroya yaxın yerləşən bu ərazidə illər öncə uçuq evlər olub. Sonra ərazidən hüzur mərasimləri keçirilən zaman boş məkan kimi istifadə edilib. Amma illərdir ki, bu boş ərazi dayanacaq kimi istifadə edilir: "Mən ikinci qrup əliləm. Gözümü açıb babamı, atamı burada işləyən görmüşəm. Ailə başçılarımız bu dayanacaqdan evə çörək pulu gətiriblər. Onlardan sonra da mən bu işlə məşğul olmuşam. Amma bir neçə aydır ki, çörək pulumuzu əlimizdən alıblar. Bakı Metropolitenindən bizə gəlib dedilər ki, ərazini boşaldın, metro ilə bağlı araşdırma aparılacaq. Yerə qurğular salıb araşdırma apardılar. Ardınca da buraya avtomobillərin girişini qadağan etdilər. İndi gördüyünüz kimi camaat avtomobillərini küçədə park edir".
E. Ramazanovun sözlərinə görə, boş ərazidən dayanacaq kimi istifadə edilərkən küçədə avtomobillər də sərbəst hərəkət edirmiş: "Bizə hələlik bir söz deyən olmayıb. Ərazidəki evlərin söküləcəyini də ilk dəfədir ki, sizdən eşidirik. Bura bizim ata-baba yurdumuzdur. Evləri sökürlərsə, gərək sakinləri də razı salsınlar".
Həmsöhbətimiz ərazidəki evlərin çox az hissəsinin "kupça"sı olduğunu söyləsə də, digər sakinlər bunun əksini bildirdilər.
Biz ərazidə olarkən digər sakinləri evlərində tapmasaq da, qonşular buradakı mənzillərin hər birinin "kupça"sı olduğunu söylədilər.
Amma müşahidə zamanı evlərin çoxunda yaşamağın insan həyatı üçün təhlükəli olduğu da diqqətimizdən qaçmadı. Qapısını döydüyümüz mənzillərdən birinin həyətində üst mərtəbədəki tirlər çürüyərək aşağı doğru əyilmişdi. Bir qədər sürətli külək, yaxud da zəlzələ kifayətdir ki, həmin tirlər qoparaq yerə düşsün.
Elə mənzillərin də çoxu nəmişlik, rütubət qoxuyurdu. Sakin Ə. Əhmədov da mənzilini bir neçə dəfə təmir etdiyini, metronu su basandan sonra divarların nəmişlikdən qopduğunu söyləyir.
Qeyd edək ki, sözügedən ünvanda bir neçə mənzillə yanaşı iaşə obyektləri də var. Sakinlər həmin obyektləri sahiblərinin icarəyə verdiyini, özlərinin bu ünvanda yaşamadığını söylədilər. Obyektdə çalışanlar isə ərazidəki tikililərin söküləcəyi barədə onlarda məlumat olmadığını bildirdilər. Bircə onu qeyd etdilər ki, ərazidəki digər yaşayış evlərinin fasadı dəyişdirilsə də, bu binada təmir işlərinə başlanılmayıb. Səbəb də, yaşayış binasının qəzalı vəziyyətdə olmasıdır.
O ki qaldı yarımstansiyanın inşa ediləcəyi ərazidəki evlərin söküləcəyi tarixə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qərar yeni verilib. Hələ ki evlərin sakinləri ilə görüş olmayıb: "Bu qərarla bağlı qanunvericiliyə uyğun şəkildə lazımi tədbirlər görüləcək. Qərarın sənədi bizə yeni gəlib. Təşkilati və texniki məsələlərə bundan sonra başlanılacaq".