İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. Yay aylarında oğurluq faktlarının sayı artır. Ekspertlər bunu isti aylarda vətəndaşların istrahətdə olub, mənzillərini boş qoymaları ilə əlaqələndirirlər.
Belə ki, işığı yanmayan, kiminsə girib-çıxmadığı evlər oğrular tərəfindən nəzarətə götürülür və əgər ev 2-3 gün boş qalırsa, həmin evlərə oğurluğa gedilir.
Sputnik Azərbaycan mövzu ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi Elşad Hacıyevlə danışıb.
E.Hacıyevin sözlərinə görə, oğurluq böyük ictimai təhlükəli cinayətlər kateqoriyasına aid deyil, ancaq cəmiyyəti narahat edir, polisi qayğılandırır. Əsasən yay aylarında yaşayış evlərinin istirahət məqsədilə tərk edilməsi ictimai təhlükəli əməllərə meylli adamlar üçün viktimoloji, başqa sözlə, "münbit" şərait yaradır: "Evdə adam olmadığını, mühafizə edilmədiyini yəqinləşdirdikdən sonra evə qeyri-qanuni yolla girilməklə talanması müşahidə olunur.
Cəmiyyəti təhdid edən oğurluğa qarşı mübarizədə profilaktikaya, yəni qabaqlayıcı tədbirlərə hər bir vətəndaş özü həssas yanaşmalıdır. Yaşayış və qeyri-yaşayış sahələrinin mühafizəsi üçün tövsiyə edirik ki, mühafizə polisinin müvafiq xidmətlərindən yararlansınlar.
Evində on min manatlarla əmlakını nəzarətsiz qoyub, yaşayış yerini qısa müddətə tərk edən sakinlərimiz nədənsə öz məsuliyyətlərini, başqa sözlə, öz əmlakına münasibətdə sayıqlığı arxa plana çəkirlər. Bu barədə mətbuata mütəmadi məlumatlar veririk, açıq çağırışlar edirik, deyirik ki, əmlakınıza qarşı münasibətdə biganə olmayın".
Polis mayoru qeyd edib ki, bəzən məsələyə yalnız "polisin işi", "polisin vəzifəsi" nöqteyi-nəzərini əsas götürməklə yanaşırlar.
"Diqqətə çatdırım ki, paytaxtda polis tərəfindən mühafizə olunan yaşayış və qeyri-yaşayış sahələrində talanma ilə bağlı fakt ümumiyyətlə qeyd alınmayıb, mühafizə olunan yerlərdə oğurluğa cəhdlərin qarşısı dərhal alınaraq, şübhəli şəxslər saxlanılaraq müvafiq polis bölmələrinə təqdim olunublar. Mühafizə olunan yerlərə kənar şəxslərin müdaxiləsinə qarşı polisin yaxınlaşması 2-5 dəqiqə ərzində təmin olunur. Qorunan yerə kənar müdaxilə olunan kimi həyəcan siqnalı ilə ünvanın koordinatları verilir. Niyə dövlətin yaratdığı bu imkanlara sakinlərimiz kütləvi maraq göstərmirlər?" - deyə Hacıyev sual edir.
E.Hacıyevin sözlərinə görə, viktimoloji cinayətlərin açılması olduqca mürəkkəb prosesdir: "Evin açarını qapının yanında gizlətmək, avtomobilin şüşəsinin və qapısının açıq qoyulması və digər hallar yoldan keçən üçün həmin yerdə olan əmlakı talamağa maneə yaratmır, yaxud dolayısı ilə həmin əmlakın sahibi özü oğruya bu fürsəti verir. Mühafizə olunmayan, işıqlandırılmayan küçələrdə avtomobilin görünən yerində qiymətli əşyaların saxlanılması da kənardan diqqəti çəkir. Bakıda qeydə alınan bir hadisəni misal çəkim: paytaxt sakinlərindən biri olduqca qiymətli avtomobilini evindən uzaq yerdə, mühafizə olunmayan, işıqlandırılmayan yerdə saxlayaraq tərk edib. Avtomobilin oturacağının üzərində olan zibil-tullantı paketi diqqət cəlb etdiyinə görə həmin avtomobilin şüşəsi naməlum şəxs tərəfindən sındırılaraq, o paket oradan oğurlanıb. Nəticədə isə avtomobilə maddi ziyan dəyib".
Yolu bağlamaq adəti, ümumidən oğurlamaq istəyi, ictimai davranış məsələsi...>>
Həmsöhbətimiz bildirir ki, bununla bağlı polisə xeyli faktlar daxil olur.
"Biz buna təsadüfi oğurluqlar da deyirik. Deməli, buradan da aydın məzmun ortaya çıxır ki, həm də vətəndaşlar öz əmlaklarına qarşı münasibətdə məsuliyyətli olmalı, polisin önləyici tövsiyələrinə diqqət göstərməlidirlər", - deyə Hacıyev əlavə edib.