Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 iyul — Sputnik. 2019-cu il iyulun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
ƏSF-nin Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 2019-cu il iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib. Bu müddətədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.
Fond açıqlamasında deyib ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Qorunan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınmasının əmanət bazarına təsirini iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a şərh edib.
Ekspert bildirib ki, qorunan əmanət faizlərinin 10%-dək endirilməsi kifayət qədər ciddi qərardır:
"Çünki qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz idi. Birdən-birə 5 faiz azalmanın banklarda yerləşdirilən əmanət bazarına müəyyən təsirləri olacaq. Əslində bu, daha çox bankların xeyrinə verilmiş qərardır ki, gələcəkdə hər hansı bir bankla problemlər yaşananda əmanətlərin qorunması ilə bağlı verilmiş qərarlarda bankların yükü azalsın. Yəni banklara düşən yük azalsın. Ona görə də vətəndaşlardan daha çox, banklara xeyir edəcək bir qərardır”.
“Əgər bu qərar kredit faizlərinin də aşağı düşməsinə səbəb olsa, ümumi iqtisadiyyata müsbət təsirləri ola bilər. Amma təəssüf ki, bizdə heç vaxt belə bir asılılıq olmayıb. Ölkəmizdə əmanət faizlərindən, hətta Mərkəzi Bankın uçot dərəcəsindən asılı olmayaraq kredit faizləri həmişə yüksək olub. Ona görə də düşünmürəm ki, bu addımın kreditlərə təsiri olsun”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu qərar əmanət bazarına təsirsiz ötüşməyəcək: “Vətəndaşların manatda saxladığı əmanətlərin yenidən dollarda və digər valyutalarda saxlanılması prosesi baş verə bilər. Çünki bu addım müəyyən suallar doğurur ki, sığortalanan əmanət faizləri aşağı düşürsə, gələcəkdə manatın məzənnəsi ilə bağlı da hər hansı bir qərarın olması ehtimalı yüksəkdir. Söhbət bu gündən və ya sabahdan getmir. Söhbət yaxın gələcəkdən gedir”.
“Digər tərəfdən, bu addım daşınmaz əmlaka qoyulan yatırımların müəyyən qədər artmasına səbəb ola bilər. Daşınmaz əmlaka yatırımlar daha çox Azərbaycandan kənarda baş verir. Son bir ildə Türkiyə və Gürcüstanın daşınmaz əmlak bazarına yatırım edən azərbaycanlıların sayı artıb. Çünki qiymətlər münasibdir və Bakıdan daha ucuzdur. Bu qərardan sonra Türkiyə və Gürcüstanda daşınmaz əmlaka yönələn vəsaitin həcmində artım ola bilər”, - deyə ekspert bildirib.
O qeyd edib ki, iyulun 1-dən sığortalanan əmanət faizləri 10 faiz müəyyən edilirsə, inflyasiya isə cəmi 3 faizdirsə, burada uyğunsuzluq var: “Həmişə kredit, əmanət faizləri və inflyasiya arasında uyğunluq olmalıdır. İnflyasiyaya baxanda 10 faiz - qorunan əmanət faizi kimi yüksək sayıla bilər. Çünki 3 faiz inflyasiya olan ölkədə qorunan əmanətlərin 10 faiz olması kifayət qədər ciddi göstəricidir. Amma əgər faizləri daha da aşağı salsa idilər, məsələn, qorunan əmanətlər üzrə faizləri 5 faizədək endirsəydilər, bu zaman manatla qoyulan əmanətlərin kütləvi şəkildə banklardan çıxarılmasının şahidi ola bilərdik. Amma inflyasiya 3 faiz olan ölkələrdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faiz olması normal sayıla bilər”.
İqtisadçı-ekspert Vüqar Bayramov isə “facebook” səhifəsində yazıb ki, bu qərar o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb: “Artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividendlə hesablanan əmanətlər qorunacaq. Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividendlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edir”.
Onun sözlərinə görə, əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksək olaraq qalır:
“Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Bu o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onu, üzərinə 22 faiz əlavə edərək, digər vətəndaşımıza kredit kimi təklif edir”.
“Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətində fəaliyyətinin genişləndirilməsinə və ən əsası - bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var”, - deyə o bildirib.
İqtisadçı qeyd edib ki, bu gündən etibarən banklarda yerləşdirilən və 10-dan çox faiz təklif edən əmanətlər qorunmur:
“Əgər vətəndaş 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, o zaman onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də vətəndaşlar əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar, yaxşı olar”.
O bildirib ki, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq, əvvəlki dövrdə 10 faizdən çox, 15 faizdən az olan milli valyutada olan əmanətlər müqavilə müddətində qorunmuş hesab olunacaq: “Məsələn, vətəndaş ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq, həmin əmanət qorunmuş hesab olunur”.
Qeyd edək ki, Trend-in məlumatına görə, 2019-cu il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 8 milyard 715 milyon manat təşkil edib.
Əmanətlərin 58,5 faizi xarici, 41,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,4 faiz, xarici valyutada əmanətlər isə 2 faiz artıb.