Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 27 aprel — Sputnik. Azərbaycanın futbol klublarına hər mövsüm çox sayda futbolçu transfer edilir. Bu idmançılar ilə müqavilələr müxtəlif vaxta kimi bağlanır. Maraqlısı odur ki, son zamanlar bəzi klubların transferləri müqavilə müddətinin bitməsini gözləmədən müqaviləyə xitam verirlər.
Buna misal olaraq "Qarabağ" Peşəkar Futbol Klubunun (PFK) transfer etdiyi Hannes Halldorssonu göstərmək olar. O, vətəninə geri dönəndən sonra "Qarabağ" klubunda işləməyini zaman itkisi adlandırıb.
Futbol mütəxəssisləri Sputnik Azərbaycan-a açıqlamalarında uğursuz transferlərlə bağlı danışıblar.
Futbol məşqçisi Arif Əsədovun sözlərinə görə, klublar transfer siyasətində diqqətli olmalıdır ki, sonradan belə problemlərlə qarşılaşmasınlar: "Bəzən gözlənilən transfer uğursuz olur, bəzən də gözləntiləri daha çox doğruldur. Nəticədə belə xoşagəlməz hallar yarana bilir. Transferlər müxtəlif olur. Məsələn, gənc oyunçular olur ki, məhz karyera üçün gəlirlər. Bir də var yaşlı, amma tanınmış futbolçular. Onlar klubun reklamı üçün lazım olur".
"Yaşı 30-dan çox olan tanınmış futbolçular klublara ustalıqlarını artırmaq üçün yox, daha çox pul qazanmaq üçün gəlirlər. Onlar da klubda normal oynaya bilməyəndə müqavilə pozulur. Karyerası bitmək üzrə olan futbolçu da özünə haqq qazandırmaq üçün klubu bəyənmədiyini bəhanə gətirir. Belə halların olması normaldır" – deyə o bildirib.
Komanda.az saytının baş redaktoru Rəşad Ergünün fikrincə isə, Halldorssonun "Qarabağ"da keçirdiyi zamanı vaxt itkisi sayması əsas heyətdə möhkəmlənə bilməməsi ilə bağlıdır: "Az-çox tanınan futbolçunun Azərbaycana gəlib, buradan kor-peşman qayıtmasını normal qarşılamaq lazımdır. Klublar futbolçuları hansısa vədlərlə bura gətirir və onlar çempionatın səviyyəsini, klubların bərbad vəziyyətdə olan infrastrukturunu görüb peşman olurlar. Bizdə Avropada az-çox tanınan "Qarabağ"dır ki, bu komanda da İngiltərə, ya da İspaniya çempionatında oynamır, 8 klublu Azərbaycan Premyer Liqasında mübarizə aparır".
R.Ergün düşünür ki, özünə hörmət edən futbolçu Azərbaycana gəlməz: "Gələn də karyerasını bitirmiş, "Səbail"in "diriltməyə" çalışdığı Maykl Essyen kimi biri olar. Yəni problem birbaşa Premyer Liqanın, Azərbaycan futbolunun durumu, səviyyəsi ilə bağlıdır. Əcnəbilər bizim kimi ölkələrə Avropa liqalarına getmək üçün tramplin kimi baxmırlar".
Futbol yazarı Natiq Muxtarlı isə qeyd edib ki, futbolçunun hansısa komandada mütləq şəkildə özünü göstərə biləcəyini iddia etmək olmaz: "Mən o fikirlə razı deyiləm ki, Azərbaycan klublarına gələn bütün legionerlər burda özlərini təsdiq edə bilmirlər. Bunun əksini sübut edən onlarla fakt göstərə bilərəm. Məsələn, elə "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi götürək. O, Azərbaycanda özünü sübut etməyi bacardı, hətta ölkəsinin yığmasına da dəvət aldı".
"Yaxud Muharrem Muharremi götürək. O da özünü "Qarabağ"da sübut etdi və Türkiyəyə yollandı. Ancaq orada oyunu alınmadı. Həmçinin, Reynaldonun "Qarabağ"a gəlişini xatırlayaq. "Anderlext"də zədədən əziyyət çəkən, ehtiyatda qalan futbolçu idi. Amma "Qarabağ"da parladı. Elə digər klublarımızda da belə nümunələr var" - həmsöhbətimiz vurğulayıb.
Muxtarlı hesab edir ki, island qapıçı yalnız şəxsi seçimindən dolayı özünü qınaya bilər: "Ola bilsin ki, adaptasiya ola, mühitə uyğunlaşa bilmədiyi üçün onun buradakı karyerası uğursuz alındı. Dünya futbolunda belə nümunələr saysız-hesabsızdır. Elə bircə misal çəkim, fikrim tam aydın olsun. Qonsalo İquain "Napoli"dən "Yuventus"a hansı iddialarla keçmişdi? Nə oldu? İquain "Yuve"də möhkəmlənə bilmədi, "Milan"a keçdi. Orda da oyunu alınmadı, İngiltərəyə üz tutdu".
"İndi hamı deyir ki, gərək İquain "Yuventus"a keçməyəydi. Amma bu, o demək deyil ki, onun oyununun alınmamağında "Yuventus" günahkardır" – deyə o, fikrini əsaslandırmağa çalışıb.
Mütəxəssis qeyd edib ki, Azərbaycan çempionatının səviyyəsi olduqca aşağıdır: "Burada yüksək inkişafa nail olmaq, demək olar ki, mümkünsüzdür. Ancaq Haldarson dünənki uşaq deyil ki, bura gələrkən belə məqamlardan xəbərsiz olaydı. Sadəcə, o, bizim çempionata adaptasiya ola bilmədi. Elə ona görə də, şans qazandığı oyunlarda kobud səhvlərə yol verdi. O səhvləri hansı çempionatda etsəydi, aqibəti elə belə olacaqdı. Futbolçunun taleyi belədir".