Teymur Tuşiyev, Sputnik Azərbaycan
BAKI, 8 aprel — Sputnik. Keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və rusiyalı qrossmeyster Aleksandr Qrişuk arasındakı partiya VI Vüqar Həşimov memorialının (mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturniri)
Shamkir Chess superturnirində ilk dəfə iştirak edən Aleksandr Qrişuk Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində oyunla bağlı təəssüratlarını bölüşüb, Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən dünya çempionu adına iddiaçıların seçilməsi sisteminə edilən dəyişiklikləri də qiymətləndirib.
Bu dəyişikliklərə əsasən, FİDE-nin çempionat dövrünə daxil olan Qrand-pri seriyası turnirləri əvvəlki kimi dövrəvi sistem üzrə deyil, eynilə dünya kubokları kimi nokaut sistemi üzrə keçiriləcək.
İddiaçılar turnirinə Qran-pri turnirindən iki şahmatçı düşəcək. Daha iki vəsiqəni isə dünya kubokunun finalçıları alacaq. Bir vəsiqəni super İsveçrə sistemi üzrə qalib əldə edəcək. Hansı ki, bu sistem üzrə dünya reytinqində ilk yüzlükdə olan şahmatçılar oynayır. Bir şahmatçı iddiaçılar turnirinin təşkilatçıları tərəfindən təyin olunur. Digər bir vəsiqəni isə ən yüksək reytinqin (Maqnus Karlsendən sonra reytinqə liderlik edən) sahibi, eləcə də əvvəlki matçda dünya çempionu titulunu itirən Fabiano Karuana əldə edəcək. Ümumilikdə, iddiaçılar turnirində 8 şahmatçı oynayacaq.
- İlk dəfədir ki, Şəmkirdəsiz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım əladır, sadəcə hava bir qədər ürəkaçan deyildi. Yalnız bu gün (bazar günü-red.) günəş çıxdı və hava istiləşdi.
- Yaxşı hava partiyanı tez bitirməyinizə motivasiya verdi?
- Mən qara fiqurlarla oynayırdım, ona görə də məndən az şey asılı idi. Anandı heç-heçə qane edirdi və mən də əleyhinə olmadım.
- Şəmkirdə oynanılan hansı partiyaları xatırlayırsız?
- Əsasən udulmuş və uduzulmuş partiyalar yadda qalır. Bu, adətən belə olur. Uduzulmuş partiya hətta udulmuş partiyadan daha çox yadda qalır.
- Bəs Şəmkir turnirindəki öz oyununuz barədə nə deyə bilərsiz?
- Ümumilikdə orta səviyyədə oynayıram, 50% nəticə göstərirəm. "Öz oyunumla bağlı təəssüratım necədir" - deyə soruşursuzsa, ortadır. Qələbə şansım isə əlbəttə ki, hələ var, amma o qədər də böyük deyil. İnam isə ümumiyyətlə elə şeydir ki, onu turnirin sonuna qədər qorumaq lazımdır.
- Bu illə bağlı hansı planlarınız var?
- Bu mövsüm olduqca çətindir. İlk növbədə bu, FİDE-nin Qran-pri mərhələləri seriyasında iştirakla bağlıdır. Eyni zamanda qarşıda dünya kubokunda da çıxış etmək var.
- FİDE-nin iddiaçılar turnirində şahmatçıların seçim sistemi ilə bağlı təklif etdiyi dəyişikliklər barədə nə fikirləşirsiz?
- Ümumilikdə onlar pis görünmür. Əgər dünya kubokunun iddiaçılar turnirində iki deyil, dörd şahmatçı seçilsəydi, bu, lap əla olardı.
- Qran-pri turnirlərinin nokaut sistemi üzrə keçirilməsi barədə nə düşünürsüz?
- Mən ümumiyyətlə, nokauta yaxşı münasibət bəsləyirəm. Misal üçün, super İsveçrə sistemi üzrə oynayana bir yerin verilməsi bir tərəfdən demokratik görünür, digər tərəfdən "qarışığa" çox təhrik edir. O da tamamilə mümkündür ki, birinci yer hansısa təmiz qələbənin olmadığı partiya sayəsində müəyyən edilsin. Bu planda nokaut mənim daha çox xoşuma gəlir, çünki bu, ən təmiz sistemdir.