Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan şahmat lövhəsində mühüm yerini qoruya bildi

© Official website of President of Azerbaijan RepublicBakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib
Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının güclü bir oyunçu ilə yeni müqaviləyə imza atması hansı nəticələr doğura bilər?

BAKI, 15 sentyabr — Sputnik. Bu həftə ölkənin və bölgənin taleyi baxımından önəmli hadisə baş verdi. Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "BP", "Chevron", "İNPEX", "Statoil", "ExxonMobil", "TP", "İTOCHU" və "ONGC Videsh" şirkətləri ilə "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıb. Saziş, prezident İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən, BP layihənin operatoru olaraq qalacaq.

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünyanın diqqəti Bakıda: tarixi sazişə imza atıldı

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcək. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var. Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır"- prezident İlham Əliyev çıxışında belə deyib.

Dövlət başçısı bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var".

Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu günün Azərbaycan üçün əlamətdar olduğunu bildirib: "Bu gün SOCAR-la tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq".

Сотрудники bp на глубоководной платформе Гюнешли, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıların BP-dən çıxarılmaları ilə bağlı məhkəmə başlayacaq

Yeni sazişin imzalanması hansı anlama gəlir? Siyasi araşdırmaçılar hesab edirlər ki, ölkənin valyuta ehtiyatları $40 mlrd-dan çoxdur, siyasi sabitlik var, iqtisadiyyat şaxələndirilir, infrastruktur inkişaf etdirilir, Azərbaycanın regionda nüfuzu var və qonşu ölkələrdə öz biznesini inkişaf etdirir. Birinci müqavilədə dövlətin maraqları yalnız layihəyə qoyulan investisiyaların xərcini çıxarmasına cəmləşmişdi, bununla dövlət yüksək mənfəətə nail ola biləcəkdi (80%), indi dövlətin fokusu bir qədər dəyişib.

Məsələ burasındadır ki, əvvəllər AÇG çərçivəsində hasilat intensiv artırdı və əlavə olaraq 2000-ci ildə neft bahalandı. Xərclər tezliklə çıxarıldı (2008-ci ilin ortasında dövlətin mənfəəti 80%-ə çatdı, hərçənd bu məbləğin 5%-i BTC layihəsinə yönəldilirdi ki, o da vaxtından əvvəl gəlir gətirsin). İndi başlıca vəzifə 2020-ci ildən başlayaraq 2030-cu ilə kimi illik hasilat həcmini 24-25 mln. ton həcmində saxlamaqdır. Bu, asan vəzifə deyil, amma yerinə yetirmək olar. Çünki layların mənimsənilməsində intensivlik olmayacaq. Ona görə yeni müqavilə çərçivəsində dövlətin, SOCAR və dövlətin nəzarət etdiyi AÇG çərçivəsində iri podrat və subpodrat işləri görən müəssisələr vasitəsilə gəlirləri artacaq.

Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycanda, regionda və xaricdə həyata keçirilən layihələr çərçivəsində SOCAR-ın üzərinə böyük maliyyə yükü düşəcək. O, çoxmilyardlı kredit borcları götürüb (layihələr işə başlayanda onlar mənfəət hesabına xərcini çıxaracaq) və dövlət bu layihələrdə ona kömək edir. SOCAR AÇG-də payını 11,6%-dən 25%-ə artırıb, artıq əvvəlkindən çox qazana bilər. Nəticədə dövlətin üzərinə düşən yük azalacaq.

İmzalanan sazişin ciddi siyasi çalarları da mövcuddur. Məsələ ondadır ki, böyük dövlətlər tarixən enerji mənbələri uğrunda kəskin mübarizə aparıb. XX əsrdən başlayaraq rəqabətin forması və miqyası dəyişib. Bu prosesdə müxtəlif şirkətlər aktiv iştirak etməyə başlayıb.

Onların sırasında BP-nin öz yeri var ki, şirkətin 100 ildən artıq müddətdəki fəaliyyətinin düşündürücü məqamları mövcuddur. BP-nin əsas devizi "Neftə sahib olan, dünyanı idarə edir" kimi səslənir. Bu da Böyük Britaniyanın Yaxın Şərq siyasətinin əsas məqsədinin, İranın və regionun bütün ölkələrinin neft ehtiyatı üzərində nəzarəti ələ keçirmək olduğunu göstərir. Bu siyasəti London ciddi-cəhdlə həyata keçirir. Bölgədə neftə sahib olmaq üçün ərəb-türk, məzhəb savaşını yaratmaq da transmilli korporasiya strateqlərinin planıdır.

Директор Центра нефтяных исследований Ильхам Шабан - Sputnik Azərbaycan
Şaban: “Xarici şirkətlər “Əsrin müqaviləsi”nin uzadılmasında israr edirdilər”

Onu da vurğulayaq ki, BP yarandığı vaxtdan Böyük Britaniyanın neft siyasəti və geosiyasi maraqlarının təmin edilməsi ilə sıx bağlı fəaliyyət göstərib. Ona görə də, o, əməkdaşlıq etdiyi ölkənin sona qədər inkişafında maraqlı olmayıb. Zamanı gələndə öz mənafeyi naminə, hətta neftindən milyonlar qazandığı ölkəni qarışdırıb, yerli dövləti zəiflətməyə çalışıb.

Bu gün Yaxın Şərqdəki hadisələrdə Böyük Britaniyanın "neft savaşları"nın izlərinin olması təəccüblü deyil. Ekspertlərin qənaətinə görə, BP-ni İraqda müharibə yaratmağa, Səddam Hüseynin Fransanın "TotalFinaElf" şirkəti ilə saziş imzalamağa hazırlaşması təhrik edib. Bununla fransız şirkəti dünyada lider ola bilərdi. Nəticədə, BP həm bu planı pozdu, həm də fransızlara İraq neftindən özünə sərf edən payı verdi.

Buna oxşar hadisələr Liviyada da cərəyan edib. Qəddafi ABŞ tələbələri ilə görüşdə nefti tamamilə milliləşdirmək istədiyini bəyan edib. Buna Vaşinqton və London dərhal reaksiya verərək, prosesi öz xeyirlərinə yönəltməyə başladı. Və bunun ardınca bütün Yaxın Şərq qarışdı.

Bir sözlə, Bakının belə güclü bir oyunçu ilə 32 illik yeni müqaviləyə imza atması, düşünülmüş diplomatiya yeridiləcəyi təqdirdə, Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər. Azərbaycan yeni müqavilə ilə sabitliyi qorumaqla yanaşı, geosiyasətdə mühüm oyunçu statusunu da qoruyub saxlamış oldu.

BP ilə yeni əməkdaşlıq sazişi rəsmi Bakının mövqeyini istər daxildə, istərsə də xaricdə möhkəmləndirmiş oldu. Artıq Qərb ölkələri Bakıya dəstəklərini ifa etməyə başlayıb. Azərbaycam şahmat löhvəsində mühüm yerini qoruya bildi. Bölgəni bürüyən xaos dövründə, bu, olduqca önəmlidir…

Xəbər lenti
0