CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda anlaşılmaz hərəkətlənmə: Biri nə baş verdiyini izah etsin

© Photo : AAY DA mətbuat xidmətiBakı-Sumqayıt yolunda təmir işləri, arxiv şəkli
Bakı-Sumqayıt yolunda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanları bu cür çalışdırma metodu daha əvvəl qədim Misirdə piramidaların tikintisi zamanı tətbiq olunurdu

BAKI, 2 iyul — Sputnik. Hər şeyi başa düşməyə çalışıram. İnsanıq da, birilərinin pula, başqa birilərinin külli miqdarda pula ehtiyacı olar. Bəziləri də ehtiyacından artıq pulu olsa da, qazanmağa davam etmək vərdişindən əl çəkə bilməz.

Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı

Yenə deyirəm, insanıq. Ehtiyac və vərdişlərimiz bizləri hər şeyə vadar edə bilər. Hətta, ciddi ehtiyac olmadığı halda, Bakı-Sumqayıt yolunu növbəti dəfə asfaltlamağa belə. Həm də ilin-günün bu vaxtında, yerin-göyün od tutub yandığı bir mövsümdə, camaatın işdən evə-evdən işə ən qısa zamanda çatmağı indiki qədər heç vaxt arzu etmədiyi bu günlərdə.

Bəli, dediyim kimi, hər şeyi və hər kəsi başa düşməyə çalışıram. Həmçinin, başa düşülməsi çox çətin olsa da, Bakının şimal və şimal-qərb giriş-çıxışında "barrikada" quran, nəticədə paytaxt ərazisinin, təxminən 40 faizində həyatı iflic edən yoldaşların məlum əməlini də. Hətta və hətta, Bakı-Sumqayıt yolunda məşəqqət yaşandığı eyni günlərdə paytaxtın digər ərazilərində də yol təmiri, müxtəlif rəngləmə, nişan quraşdırma apararaq, o 40 faizin üzərinə daha 15-20 faiz gəlmələrini də.

Amma heç cür qana bilmədiyim bir incəlik var. Bu tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edir. Deyir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

DƏMX biriləri başa düşməz, ya da çörəkpulu qazanmağa başı qarışar, fərqinə varmaz deyə məsələnin mahiyyətini daha detallı izah edir:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Parlamentin iclası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkilləri də dilə gəldilər: "İnsanlara bu qədər əziyyət vermək olmaz"

Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir".

Və beləcə Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

Aha, bu, belə! Bu tərəfdən isə Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) yazıq fəhlələri töküb Bakı-Sumqayıt yoluna. Səhər açılandan axşamadək, günün ən qızmar vaxtlarında belə, fəhlələrin təri yolu yuyur.

Aydın məsələdir, niyə belə etdiyini soruşsan, AYDA-nın hər şeyi təkzib etmək prinsipini layiqincə yaşadan mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyəcək ki, "Yaxşı, neynəyək? İşi tez bitirmək lazımdır, axı". Hələ bir minnət də qoyacaq: "Sizə görə edirik də".

A AYDA, bunu başa düşürük e, düşündüyünüz qədər qədirbilməz və gözügötürməz deyilik. Amma yaxşı olmazdımı ki, bu həngaməni bir az qabaq (məsələn, aprel ayında) açaydınız başımıza, ya da azacıq ertələyəydiniz (məsələn, oktyabr ayı). O zaman nə siz camaatın, nə də camaat sizin minnətini-sünnətini götürərdi.

Yazıq deyilmi ayağını asfaltın, təpəsini Günəşin istisi yandıran o qara fəhlə? Olmazmı, gündəlik verdiyiniz 5-10 manatı dava-dərmana deyil, aparıb evdə balalarının çörəyinə xərcləsinlər? İnsanları bu cür çalışdırma metodu daha əvvəl harada tətbiq olunub bilirsiniz? Qədim Misirdə piramidaların tikintisi zamanı.

Və bir də bu günlərdə havanın temperaturunun neçəyə qalxdığından xəbəriniz var? Xəbəriniz yoxdursa, avtomobilinizdəki kondisionerin ekranının aşağı küncünə baxın (bahalı avtomobillərdə dəqiq göstərir, bilirsiniz). Günorta saatlarında orada, təxminən belə bir qeyd görəcəksiniz: "Outside 42 C" (Yəni çöldə 42 dərəcə). Sizcə, bu, həyəcan siqnalı sayılmazmı?

AYDAAA, az qala unutmuşdum, həmin 42 var ha, o, kölgənin temperaturudur. Hesab-kitab işini yaxşı bilirsiniz. İndi Günəş şüalarının birbaşa təmas etdiyi Bakı-Sumqayıt yolundakı temperaturla, bişirdiyiniz asfaltın istisini üst-üstə hesablayın və həmin 42-nin üzərinə gəlin. Görün, neçə edəcək. Rahat hesablamadır, vicdan mühasibatlığına bənzəməz…

Xəbər lenti
0