CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı

Abunə olmaq
Bakı-Sumqayıt yolunun 6-18 kilometrlik hissəsində təmir işlərinə başlanıb

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Bakı-Sumqayıt magistralı hər zaman oradan istifadə edən sürücülər və sərnişinlərin ən çox vaxt itirdiyi yoldur. Bu yolda, nəinki dəqiqələrlə, hətta saatlarla belə, tıxacda qalanlar olur. Bir sözlə, Bakı-Sumqayıt yolu oradan keçənlər üçün, sözün əsl mənasında, kabusa çevrilir.

Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan
Paytaxtın nəqliyyat sistemində köklü dəyişikliklər olacaq

Bu günlərdə sözügedən yoldan istifadə edən insanların problemlərinin üzərinə biri də əlavə olunub. Belə ki, bir neçə gün öncə Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Bakı-Sumqayıt yolunun 6-18 kilometrlik ərazisində (Bakı Beynəlxalq Avtovağzalından üzü "Xırdalan dairəsi"nədək) yenidən təmir işlərinə başlayıb. Bu da həmin yoldan istifadə edənlər üçün əsl cəhənnəmə çevrilib.

Sputnik Azərbaycan yolun təmir səbəbini, təmirin nə zaman bitəcəyini, həmçinin gələcəkdə bu yola alternativ bir yolun çəkilib-çəkilməyəcəyini araşdırıb. AYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, təxminən 1 ay müddətində təmir işləri tamamlanacaq.

"Artıq bir neçə gündür Bakı-Sumqayıt yolunun 6-18 kilometrlik hissəsində təmir işlərinə başlanıb. Həmin ərazidə asfalt-beton örtüyü yenilənir. Uzun müddətdir ki, həmin ərazinin asfalt-beton örtüyü tam yenilənmirdi. Ola bilər, hissə-hissə hansısa yollarda təmir gedib" — qurum sözçüsü bildirib.

Anar Nəcəfli əlavə edib ki, Bakı-Sumqayıt yolunda hər gün pik saatlarda sıxlıq olur: "Yolun təmiri sıxlığa qismən təsir edə bilər, amma ümumilikdə yol bağlanmayacaq".

© ©KarikaturaAlternativ yoldan istifadə
Alternativ yoldan istifadə - Sputnik Azərbaycan
Alternativ yoldan istifadə

AYDA təmsilçisi alternativ yol məsələsinə də aydınlıq gətirib: "O yola alternativ yol çəkilməsi qeyri-mümkündür. Çünki yolun sağı da, solu da yaşayış məntəqələridir. Yalnız həmin ərazidəki yaşayış məntəqələrinin daxilindən keçən yollardan istifadə etmək olar. Gələcəkdə ola bilsin, mühəndislər yeni layihə düşünsünlər. Bu gün isə belə bir addım atılması mümkün deyil".

Yol - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət: Bu yolla gedərkən ehtiyatlı olun

Sözügedən yolda asfalt qazıntısı və yeni yolun çəkiləcəyi barədə ictimaiyyətə məlumat verilib-verilmədiyinə dair sualımıza Nəcəfli müsbət cavab versə də, nə redaksiyamıza belə bir xəbərdarlıq məlumatının gəldiyini xatırlayırıq, nə də digət mətbu orqanlarda belə bir elana rastlamışıq.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Tural Yusifov isə bildirib ki, əvvəlki illərdə yollar çəkilən zaman problem mövcud olub: "Yollar çəkilən zaman bəzi məsələlər nəzərə alınmayıb. Xüsusilə Bakı Beynəlxalq Avtovağzalının giriş və çıxışında böyük problemlər var idi. Avtovağzal XXI əsrdə tikilsə də, 19-cu əsrin tələblərinə cavab verən bir tikilidir. İndi orada yenidənqurma işləri gedir. Yəqin ki, həmin ərazidə də təmir işləri aparılacaq".

Ekspert müəyyən yolların tez-tez təmirə bağlanmasına da aydınlıq gətirib: "Buna səbəb iş başa çatandan sonra yuxarıdan nəzarətin olmamasıdır. Yəni heç kim maraqlanmır ki, bu işin sonu necə oldu. İşlərin əksəriyyəti yarımçıq qalır. Ona görə də belə problemlər yaranır".

T.Yusifov qeyd edib ki, tıxacların yaranmasının bir səbəbi də yol təmiri işlərinin səhər saatlarında, insanların yollardan sıx istifadə etdiyi zaman aparılmasıdır: "Halbuki, dünyanın bir çox ölkələrində yolların salınması və təmiri gecə saatlarında həyata keçirilir".

"Bakı-Sumqayıt yolunda hər zaman problem mövcud olması yolun əvvəlcədən səhv salınmasından qaynaqlanır. Bu əraziyə alternativ yol çəkmək daha çətin olacaq və baha başa gələcək. Bu yol butulka formasındadır. Yəni 6 zolaqlı yol, hətta iki zolağa kimi azalır. Bu da tıxaca və sıxlığa səbəb olur" — deyə ekspert vurğulayıb.

Müsahibimizin fikrincə, bu problemin bir həlli yolu var: "Həmin yolun 6 zolağı yolun sonuna kimi davam etməlidir. Bunun üçün həmin zolaqları düzəltmək lazımdır. Əks təqdirdə, problem öz həllini tapmadan qalacaq".

Xəbər lenti
0