Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 28 yanvar — Sputnik. Yaşadığımız həyatda müxtəlif insan taleləri ilə qarşılaşırıq. Kimi yaxşı, kimi acı həyatı yaşamaq məcburiyyətində qalır. Əlbəttə, hamı istəyər ki, yaxşı, qayğısız həyat yaşasın. Amma bu, çox vaxt insanın özündən asılı olmaya da bilir. Ömrü acılar içində keçən insanlardan biri də Şabran rayon sakini, 78 yaşlı Tamara Dadaşovadır.
Əzablı ömür yolunu Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Tamara nənə, həyatda acıdan, göz yaşından başqa heç nə görmədiyini deyir: "Bizim dövrümüzdə qızların oxumağı, ali təhsil almağı, demək olar ki, qadağan idi. Orta məktəbə Gəndob kəndində getmişəm. O vaxtlar kənd yerində uşaqları işə erkən yaşlardan cəlb edirdilər. Mən hələ uşaqlığımda min bir əziyyətə qatlaşmışam. 10 yaşım olmasına baxmayaraq, evin bütün yükü mənim üzərimdə idi. 15 yaşım olanda, hələ orta məktəbi bitirməmiş, ailəmiz məni özümdən bir neçə yaş böyük kişiyə zorla ərə verdi. Bununla da mənim onsuz da ürəkaçan olmayan uşaqlıq və gənclik illərimə son qoyuldu".
T.Dadaşova danışır ki, ailəsi kənddə dolana bilmədiyi üçün rayona köçmək qərarına gəlir, ancaq burda da bəxt onun üzünə gülmür: "Gördüm ki, rayonda da dolanmaq, iş tapmaq çətindir. Qərara gəldim ki, artıq işləməliyəm, belə həyat sürülməz. Təbii ki, həyat yoldaşım buna qəti etirazını bildirdi. Çünki həmin vaxt rayonda qadının işləməsi böyük qəbahət sayılırdı. Mən heç nəyə məhəl qoymadan "poçtalyon" işləməyə başladım. Ailəmə, uşaqlarıma çörək gətirirdim. Sonra baxdım ki, uşaqlar böyüdükcə problemləri də artır. Artıq gecə növbəsində də işləməyə başladım. İşlədiyimə görə həyat yoldaşım tərəfindən çox döyülüb-söyüldüm. Yoldaşım yediyim hər tikəni mənə zəhər edirdi".
Tamara Dadaşovanın dediyinə görə, 10 övladı olub. Övladlarının 3-nü hələ kiçik yaşlarında müxtəlif xəstəliklərdən itirib. Övlad dağı ananın qəlbini çox yandırıb. Amma onda hələ bilmirdi ki, qarşıda onu daha ağır dərd gözləyir: "İtirdiyim övladlarım üçün vaxtaşırı göz yaşı tökürdüm.
Nə bilərdim ki, ömür boyu gözü yaşlı qalacam. Böyük oğlum, ilk göz ağrım Firudin neftçi idi. Qarabağ müharibəsi vaxtları idi. 1994-cü il aprel ayının 22-də Firudin işdən qayıdanda onu müharibəyə apardılar. Mənim heç nədən xəbərim yox idi. Həyat yoldaşımdan soruşdum ki, bu uşaq harada qaldı, gör nə vaxtdır dənizdədir, onu görə bilmirik, darıxmışam. Kişi doluxsunub dedi ki, "uşağı müharibəyə apardılar".
Tamara nənə həmin anları xatırladıqca göz yaşlarını saxlaya bilmir. "Mənim ürəyimə dammışdı, narahat idim" – deyə ağlayır.
"Həmin gündən yuxularını qarışdırmağa başladım. Firudin ailəli idi, 5 aylıq körpəsini qoyub getmişdi. Biz oğlumla bir həyətdə yaşayırdıq. Balamın getdiyi 20 gün idi və gecə yatıb yuxuda gördüm ki, bizim evdən onların evinə od yağır. Tez qorxaraq yuxudan ayıldım. Sonra məlum oldu ki, həmin saatlarda Firudin cəbhədə yaralanıb can verib və mən bunu hiss edirdim" – deyə Tamara nənə hönkürür.
Firudin şəhid olandan sonra Tamara nənə nəvəsinə baxıb təsəlli tapır. Gəlini ilə əl-ələ verib bir-birlərinə qol-qanad gərməyə çalışırlar. Ancaq çox çəkmir ki, ananın ürəyinə başqa bir "yara" vurulur: "Bir gün qudalarımız bizə qonaq gəlmişdilər. Biz də gəlinlə hazırlıq gördük. Bir də gördüm, yoldaşım məni yanına çağırır ki, "ay arvad, qudaların bizə sözü var, gör nə deyirlər". Həmin vaxt bir oğlum hələ subay idi. Dedim buyurun! Onlar qızlarını, yəni Firudinin həyat yoldaşını bizim balaca oğluma almağı məsləhət gördülər. Həmin an elə bil başıma bir qazan qaynar suyu tökdülər. Dəhşətə gəldim. Bu, mənə həm Firudinin qəbrinə od salmaq, həm də balaca oğlumun həyatını məhv etmək kimi gəldi. Qəti şəkildə etiraz elədim. Həmin gündən sonra onlar nəvəmi — oğlumun bircə yadigarını və gəlinimi məndən uzaqlaşdırdılar. Bu da mənə Firudindən sonra ikinci zərbə oldu".
"Dərd dərd üstə gəlir" deyirlər. Tamara nənənin dərdləri də bununla bitmir. Yoldaşının ürəyi baş verənlərə çox dözmür və o, dünyasını dəyişir. Tamara nənə isə dərdləri ilə baş-başa qalır. Amma düşünür ki, kiçik oğlunu da yerbəyer etməlidir. Ona toy eləyir, ancaq gəlinin qısqanclığı bu ailəyə növbəti bəlanı gətirir.
"Gəlinim həddindən artıq qısqanc idi. Oğlumu hətta divarlara da qısqanırdı. Bir gün oğlumun dostları bizə gəlmişdi. Dostlarından biri zarafatyana oğluma dedi ki, "özünə yeni arvad tapmısan, işləmək adı ilə başqa qadınların yanına gedirsən?!" Bunu eşidən gəlinim dəliyə döndü, durmadan oğlumla dava etməyə başladı. Nə baş verdiyini başa düşə bilmirdim. Söhbətin üstündən bir gün keçdi və evdə gəlinlə tək idik. Elə bildim ki, gəlin uşağı yatızdırmaq üçün keçib otağa. Oğlum işdən gəlib gəlini otaqda tapmayanda onu axtarmağa başladıq. Gəlini evin arxasında özünü asmış vəziyyətdə tapdıq. Gəlinim mənə ikinci yetimi qoyub getdi. İndi döz Tamara, görüm bu dərdə necə dözürsən", – deyə dərddən əyilmiş qadın danışır.
Tamara nənə o gündən nəvəsinə baxmağı, ailəsinə, cəmiyyətə tərbiyəli övlad böyütməyi qarşısına məqsəd qoyub. Nəvəsini həm də özünə təsəlli bilir: "Anası rəhmətə gedəndə Pərvizin 2 yaşı var idi. Mənim balam körpə idi, elə hey anasını istəyirdi. O, hər dəfə anasını axtaranda bağrım qan ağlayırdı. Ancaq sonralar bu vəziyyətlə barışmalı olduq. Nənə-bala bir-birimizə sevinc, arxa-dayaq olduq. İndi də ikimiz hökumətin bizə verdiyi evdə yaşayırıq. İndi Allahdan bircə möhlət istəyirəm ki, onun toyunu da edim, ailəli, uşaqlı görüm. Sonra ölsəm, dərdim olmaz".