Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 17 dekabr – Sputnik. “Şəhidlər ölməz, vətən bölünməz deyirlər”. Azərbaycan xalqı bu şüarla daha bir igidini vətənə qurban verdi.
Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, baş çavuş Salahov Fizuli Süleyman oğlunun bu gün üç mərasimidir.
Salahov 2017-ci il dekabr ayının 13-də öz adını Azərbaycan şəhidlərinin sırasına yazdırıb.
O, düşmənin snayper tipli silahdan acdığı güllə nəticəsində baş-beyin nahiyəsindən vurularaq elə yerindəcə dünyasını dəyişib.
Fizuli 1978-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olub. Orta məktəbi də bu kənddə bitirib. Hərbi xidməti başa vurduqdan sonra öz istəyi ilə hərbi sahəyə qayıdıb. O, xidmət etdiyi bu 15 il ərzində çoxlu medallarla təltif olunub. Hətta prezident, Ali Baş Komandan İlham Əliyev özü onu medalla təltif edib.
Fizuli kimi oğlu itirmək hamımıza təsir etsə də, daha çox ailəsini, doğmalarını yandırıb yaxır. Elə bu ağrı-acının, bu sonsuz kədərin yolunu tutub Şabrana, Fizulinin doğulub boya-başa çatdığı evə yollanırıq.
Evlərinə çatanda bizi ilk qarşılayan şəhidin atası və iki qardaşı oldu. Biz öncə onu dünyaya gətirən, min bir çətinliklə boya-başa çatdıran ananın yanına getdik. Ağlamaqdan danışmağa heyi belə qalmayan Sevda ana başsağlığımızı qəbul edib hönkürtü ilə ağlamağa başladı. Evlərinin qarşısında Təcili Tibbi Yardım maşını dayanmışdı. Məlum oldu ki, Fizulinin şəhid olması xəbərindən böyük sarsıntı keçirən anası həkimlərin nəzarətindədir.
Ana çətinliklə də olsa, Fizuli haqqında Sputnik Azərbaycan-ın oxucularına danışır: "Fizulim mənim ortancıl balam idi, həm də övladlarımın gözü idi. O, təkcə ailəsinin yox, eləcə də qohumlarının fəxri idi. Orta məktəbdə, şagird və müəllimlərə kimi hamı Fizulini çox istəyirdi. Çünki o, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edirdi. İndiyə qədər heç kimdən Fizuli haqqında narazılıq eşitmədik. Onunla söhbətləşəndə hər zaman deyirdi ki, “ay ana, mən də qəhrəman olmaq, torpaqlarımızın murdar ermənilərdən alınmasında iştirak etmək istəyirəm". O, istəyinə çatdı, qəhrəman oldu. Qaldı düşməndən torpaqlarımızın azad edilməsi…”.
Şəhid anasının dediyinə görə, Fizuli əvvəl Qusarda işləyirmiş. Amma sonra öz istəyi ilə cəbhə bölgəsinə yollanıb.
“Mənim şəhid balam heç nədən qorxmadan cəbhə bölgəsinə yollandı. Deyirdi ki, "ana, işdi, birdən şəhid olsam, mənimlə fəxr eləyərsən". Sonuncu dəfə gələndə maşından 3 dəfə qayıdıb düşərək məni bərk-bərk qucaqladı, öpdü, doluxsundu. Dedi ki, "ana mən səni çox istəyirəm, bunu heç vaxt unutma” – deyə Sevda ana bildirir.
Onun sözlərinə görə, Fizuli şəhid olmazdan bir saat əvvəl zəng edib, anası ilə telefonla danışıb.
“Axşam saatları idi. Həmişə Fizuli kiçik oğluma zəng edib dərhal deyirdi ki, “telefonu anama ver”. Həmin gün də zəng eləmişdi. Mənə dedi ki, “ana sənə telefon alacam ki, rahat-rahat danışa bilək. Canım anam, mən sənin səsini hər gün eşitmək istəyirəm”. Mənim ətrindən doymadığım balam” – Sevda ana ürəkləri dağlayan ağı deyir.
Füzuli Salahovun özündən sonra yadigar qalan iki gözəl balasının — Nihat və Nicatın da üzündə o kədəri görməmək mümkün deyildi. Nə qədər ailə onlara “atanız gələcək” desə də, uşaqlar atalarının artıq bir daha gəlməyəcəyini başa düşürlər.
Nicat atası haqqında deyir ki, “mənim atam igiddir, heç nədən qorxmur. O, erməniləri öldürməyə gedib”.
Fizulinin bacısı Vüsalə isə deyir ki, qardaşı ona tez-tez deyirmiş ki, “əgər şəhid olsam, “şəhid bacısıyam” deyib fəxr eləyərsən”. Amma qardaşının nə vaxtsa şəhid olacağını ağlına belə gətirməyib.
”Qardaşımla telefonla danışanda deyirdim ki, özünü qoru, özündən muğayat ol. O da deyirdi ki, “qismətimdə varsa, şəhid olacam, onda da sən bütün şəhidlər üçün ağlayarsan”. Axırıncı dəfə telefonla danışıb sağollaşanda dedi ki, yenə zəng edəcəm. O gün işdən evə qayıdanda dedilər ki, qardaşım şəhid olub. Mən yoldaşımı təzə itirmişdim. İndi də qardaşımı itirdim. Gəl, gör, bu dərdə necə dözmək olar?!” – deyə şəhid bacısı hönkürür.
Şəhidin həyat yoldaşının susqunluğu isə ürəyində hansı fırtınaların qopduğundan xəbər verirdi.
Fizuli ilə bir yerdə xidmət edən gizir Cahangirov Fərid də xatirələrini bizimlə bölüşdü:
”Fizuli haqqında nə qədər danışsam, azdır. O, bizim üçün böyük qardaş idi. Bizə hər zaman dəyərli məsləhətlərini verirdi. Heç vaxt insanı darda qoymazdı. Harada olsa, gəlib çatardı. Tez-tez sərhəddən o taya baxıb deyirdi ki, “Fərid, bir gün torpaqlarımızı o murdarlardan azad eləyib xalqımızın üzünü güldürəsiyik”. Amma ona bunu görmək qismət olmadı. Fizuli bir çoxlarına nümunə oldu. Ümid edirəm ki, biz onun və bütün şəhidlərimizin qanını yerdə qoymarıq”.
Şəhidin atası Süleyman dayının isə dərdini heç nə ovuda bilmir. Qəhər içində sadəcə bunları deməklə kifayətlənir: "Fəxr edirəm ki, belə bir oğulun atasıyam. Bundan sonra Allah bizə şəhid xəbərini eşitməyi qismət eləməsin. Allah bütün əsgərlərimizi qorusun!".