BAKI, 21 dekabr — Sputnik. Əlbəttə, mən dünyada mütləq həqiqətin olduğuna inanmıram. Elə Eynşteynin zaman anlayışı kimi, mənimçün də həqiqət nisbidir. Lakin mütləq həqiqətə bütün həqiqətlərdən daha yaxın olan bir həqiqət var: bütün bəşər yəhudilərə borcludur.
Ayrı-seçkiliklərin hamısına qarşıyam. Amma söhbət yəhudilərdən gedirsə, mən də bir ayrı-seçkilik edirəm, çünki onları digər bütün xalqlardan daha çox sevirəm.
Hamımız gündə yüz yol eşidirik ki, yəhudilər dahidir, yəhudilər elmin, mədəniyyətin tanrılarıdır, dünyaya saysız-hesabsız böyük ixtiralar verib və insanları hər əsrin böyük bəlalarından xilas ediblər. Hansımız dərindən bilirik yəhudilərin bəşər üçün nələr etdiklərini? Bu böyük tarixə kiçik bir nəzər salaq.
Dünyanın ən böyük yəhudisi Albert Eynşteynin kəşflərini, bəşəriyyətə faydalarını saymaq lazımdırmı? Adı belə, sükutla baş əyib ünvanına təşəkkürlər yollamağımız üçün kifayətdir.
Müasir fizikanın banisi sayılan Nils Bor atomun ilk kvant nəzəriyyəsini hazırladı. Həmçinin, atomun quruluşu, kvant mexanikası, atom nüvəsi, nüvə reaksiyaları barədə çoxsaylı ixtiraları olan bu dahi də yəhudi idi.
Penisillin hamımıza tanışdır. Bu dərman dünyada bütün insanların taleyini dəyişdi. Penisillinin kəşfi Aleksandr Fleminqə məxsus olsa da, onun öyrənilməsini, tətbiqini, inkişafını Ernst Boris Ceyn adlı yəhudi biokimyaçıya borcluyuq.
Pual Erlix də immun sistemi, bakteriyalar, toksinlər və antitoksinlər üzərində çalışmaları ilə sağlamlığımıza xidmət etmiş yəhudi dahilərdən biridir.
Növbəti yəhudi dahi Karl Landsteyner qanımızı incələdi. Yaşamamızı təmin edən qırmızı axını qruplara böldü. Yəni, qan qruplarını kəşf etdi və qan nəqlinin bəsit əməliyyat prosesinə çevrilməsini ixtira etdi.
Ötən əsrlərin qorxunc bəlası olan vərəmə qarşı ilk antibiotiki də bir yəhudi kəşf etdi. Streptomisin adlı antibiotikin ixtirasını Selman Abraham Vaksmana borcluyuq.
Hepatit B virusunu incələyən və ona qarşı peyvəndi kəşf edən də yəhudi idi. Barux Semyuel Blamberq adlı bu həkimin sayəsində insanlar Hepatit B virusundan qoruna bildi.
İndi müasir tibbin yəhudi anasından danışaq. Gertruda Elayon adlı bu qadının kəşflərinin sayı barmaqlarımızın sayından çoxdur. O, leykoz xəstəliyi üçün ilk malicə üsulunu, orqan nəqlində istifadə edilən immunosupressiv dərmanı, miningit, malyariya, sepsis xəstəlikləri, sidik kanalının və tənəffüs sisteminin bakterial infeksiyaları üçün bir sıra dərmanları ixtira etdi. Nəhayət, özünün ən böyük kəşfinə imza atıb QİÇS xəstəliyinə qarşı zidovudin adlı dərmanı yaratdı.
Yeri gəlmişkən, dahi azərbaycanlı Lütfi Zadənin də anası yəhudi idi. Həmçinin, kvant mexanikası haqqında araşdırmaları ilə Nobel mükafatını alan fizik Lev Landau Bakıda doğulsa da, milliyyətcə yəhudi idi.
Dünya ədəbiyyatının nəhəng imzalarından Franz Kafka və Stefan Sveyq də, 19-cu əsrin böyük rəssamlarından və impressionizmin yaradıcılarından biri olan Kamil Pissarro da yəhudi idilər.
Mükafat heç bir şeyə meyar olmasa da, bu, dəyişməz bir həqiqətdir ki, bütün dünyada ən çox Nobel mükafatı alan dahilər yəhudi xalqının nümayəndələridir. Nobel mükafatı alan yəhudilər ümumi mükafatçıların kimya üzrə 20 faizini, iqtisadiyyat üzrə 42 faizini, fizika üzrə 25 faizini, tibb üzrə 27 faizini, ədəbiyyat üzrə 12 faizini təşkil edir.
İnsanları xəstəliklərdən, ağrılardan, bəlalardan, ölümdən xilas edən, bəşərə saysız-hesabsız texnoloji avadanlıqlar, tibbi inqilablar, elmi, bədii əsərlər bəxş edən bir xalq bütün hallarda alidir və sevgiyə, rəğbətə layiqdir. Sadaladıqlarım bütünün milyonda biri də deyil. Lakin yəhudiləri sevmək üçün təkcə bu sadaladıqlarım da bəsdir.
Yəhudi xalqına nifrət püskürən insanların zaman anlayışından danışmağa belə, haqqı yoxdur. Çünki biz zaman anlayışını bir yəhudidən (Albert Eynşteyndən) öyrəndik. Yəhudiləri düşmən görənlərin öz övladlarını Hepatitə qarşı peyvənd etdirməyə üzü olmamalıdır.
Sənin övladını bəladan xilas edən bir dahinin xalqını necə düşmən görə bilərsən ki? Yəhudiləri sevməyənlər adi qəzalarda qan itirdikdə özünə qan köçürülməsinə razılıq verməməlidir. Axı sən özünə düşmən bildiyin xalqın yetirdiyi dahinin ixtirası ilə özünü ölümdən necə xilas edə bilərsən? Bütün bunlar ikiüzlülük deyil?
Heç bir siyasi hadisə bu xalqın fövqəladə qüdrətinə ləkə sala bilməz. Heç bir nifaq bu xalqın bəşər üçün dəyərini anlayanları onları sevməkdən çəkindirə bilməz. Nə olursa olsun…