Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 19 dekabr — Sputnik. "Terrorçular Türkiyə-Rusiya yaxınlaşmasına imkan verməmək üçün səfir Andrey Karlovu öldürməklə xaincəsinə zərbə vurdular".
Bunu Sputnik Azərbaycan-a təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.
Düz bir il əvvəl Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov faciəli şəkildə vəfat edib.
Mixaylovun sözlərinə görə, Rusiya ilə Türkiyə onda münasibətləri kəskinləşdirmədi və baş verənlərə görə bir-birilərini günahlandırmadı. Hətta Türkiyə rəhbərliyi qətlin üstünün açılması üçün bütün zəruri tədbirləri görməklə və qətlin bütün təşkilatçılarını cəzalandırmaqla sübut etdi ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra birgə əlaqələri inkişaf etdirmək niyyətinə sadiqdir.
"Moskva Ankaranın bu addımını qiymətləndirib. Biz hansısa maneələrin olmasına baxmayaraq, ölkələrimizin nəzərəçarpacaq qlobal iqtisadi və hərbi-siyasi ittifaqını görürük" — deyə ekspert bildirib.
Təbii ki, ekspertlə razılaşmamaq mümkün deyil. Budur, artıq bir il keçib, biz məmnuniyyətlə Rusiya-Türkiyə münasibətlərinin necə uğurla və daha məhsuldar səviyyədə inkişafını görürük.
Bu gün artıq ölkələr arasında parlamentlərarası əlaqələr, nazirlik və idarələrarası əlaqələr bərpa edilib, enerji tərəfdaşlığı və atom energetikası sahəsində əməkdaşlıq davam edir.
Bundan əlavə, cari ildə iki ölkə arasında S-400 zenit raket sistemləri ilə bağlı müqavilə imzalanıb. İki il ərzində həmin komplekslərin Türkiyəyə nəqli gözlənilir.
Daha bir müsbət məqam isə bu ilin noyabrında Rusiyanın Türkiyədən pomidor idxalına qoyduğu sərt qadağanın aradan qaldırılması olub.
Təəssüf ki, bütün bunlar Andrey Karlova öz həyatı bahasına başa gəldi.
Xatırladaq ki, rusiyalı diplomat 19 dekabr 2016-cı ildə Ankarada qatıldığı bir foto sərgisində polis əməkdaşı Mövlüt Altıntaş tərəfindən qətlə yetirilib. Altıntaş hadisədən dərhal sonra yerli güc strukturları tərəfindən məhv edilib. Qatil bir neçə dəfə səfirin kürəyinə güllə atıb və yaralar ölümcül olub. Rusiya Federasiyasının İstintaq Komitəsi baş vermiş hadisə ilə bağlı "İnsan ölümünə səbəb olan beynəlxalq terror aktı" maddəsi ilə cinayət işi açıb.
Cari ilin iyun ayında Türkiyə KİV-ləri prokurorluğa istinadla xəbər yaymışdı ki, artıq qətlin sifarişçisinin şəxsiyyətinin müəyyən olunmasına yaxındırlar. Hətta həmin günlərdə qətlin sifarişində şübhəli bilinən 5 nəfər birdən saxlanıldı. Bu adamların hamısı faciənin baş verdiyi yerin yaxınlığındakı oteldə yaşayırdılar və onların qatil Mevlüt Altıntaşla əlaqədə olduqları güman edilirdi. Hüquq mühafizəçiləri, həmçinin müəyyən ediblər ki, Altıntaş qətlə bir neçə gün qalmış qətlin sifarişində şübhəli bilinən şəxslə "FaceTime"ın köməyi ilə onlayn danışıq aparıb və sonra həmin şəxslə qaldığı otelin yaxınlığındakı ticarət mərkəzində görüşüb.
Daha sonra məlum olub ki, səfirin qətlində iştirak etməkdə şübhəli bilinən "Guru Medya" nəşriyyat qrupunun rəhbəri, Türkiyə Dövlət telekanalı olan TRT Avaz-ın "Eko Avaz" proqramının sabiq prodüseri, H.E. adlı şəxs həbs edilib. Türkiyə KİV-lərinin məlumatlı mənbəyə istinadla yaydığı məlumata görə, sonuncu Ankara məhkəməsinin binasına gətirilib. Orada prokuror Adəm Akıncı tərəfindən sorğulanıb. Bundan sonra məhkəmə şübhəlinin həbsi barədə qərar çıxarıb. O, səfirin qətlinin təşkilində günahlandırılır.
Noyabrın 24-də Ankarada Andrey Karlovun xatirə büstünün açılış mərasimi keçirilib. Mərasimə Rusiyanın Türkiyəyə yeni təyin olunmuş səfiri Aleksey Yerxov, Andrey Karlovun həyat yoldaşı Marina Karlova, Türkiyə Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Əlaqələr İdarəsinin rəhbəri Şefik Vural Altay, Ankara meri Mustafa Tuna, xarici diplomatik missiyaların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.