BAKI, 30 avqust — Sputnik. Səhhətimlə bağlı tez-tez təbiətin dərinliklərində inzivaya çəkilirəm. Doğrusu, bu yay mənim üçün olduqca macəra dolu keçib. Lakin dünyanın harasında olsam, hansı macəraları yaşasam da, istirahətimin, əyləncəmin "olmazsa olmaz"ı Lerikdir. Bilmirəm bunun sirri nədədir?! Lerikdə doğulmağımdamı, doğulduğum evin, uşaqlığımın, doğma insanlarımın orda olmasındamı, füsunkar təbiətindəmi, təmiz havasında, təbii qida məhsullarındamı, ya da başqa hər hansı bir nəsnədəmi? Hər halda, üç ay Lerikə getməsəm, dördüncü ay ciyərlərimdə oksigen çatmır.
Elə buna görə də yayın ən isti ayında, həm də ən sevdiyim avqust ayında yola düşdük Lerik rayonuna. Rayon mərkəzindən 15-16 kilometr İran sərhədinə doğru getdik. Çılpaq dağların qoynunda yerləşən, dünyanın ən çox uzunömürlü insanlarını yetirən, tarixi ibtidai icma quruluşuna gedib çıxan abidələri ilə, flora və faunası ilə gözəllik sözünün sinonimi olan, hər insanın mütləq gəzməli olduğu Zuvand ərazisindən başladı gəzintimiz.
Hər dəfə bu yerə gələndə mənəvi-psixoloji rahatlıq tapdığım qədər hirslənirəm. Sakitləşdiyim qədər coşuram. Dincəldiyim qədər yoruluram. Ona görə bu sarsıntıları keçirirəm ki, biz əlimizdə olan nəhəng fürsətləri qaçırırıq. Təbiətin bizə altun məcməyidə sunduğu saysız-hesabsız şansları əlimizin arxası ilə bir kənara tullamışıq, hətta unutmuşuq.
Bu dağlarda nələr etmək olmaz ki? Təkcə yolboyu ağlımdan keçənlərin reallaşdığını təsəvvür edəndə müxtəlif elmi-mədəni sahələrdə hansı inqilablar edə biləcəyimizi görürəm. Dəniz səviyyəsindən yüzlərlə, minlərlə metr hündürlükdə yerləşən, zəhərli, çirkli qazlardan, tüstülərdən uzaq olan bu dağlardan göy üzü elə aydın görünür ki, əlini atıb ulduzları ovucunda tuta biləcəyini düşünürsən.
Biz bu yüksəkliklərdə dünyanın ən böyük teleskoplarını quraşdırıb kainatda baş verən hadisələri yaxından izləyə bilərik. Biz bu yüksəkliklərdə keçmişdən, bugündən və gələcəkdən məlumatlar ala bilərik. Biz bunun sayəsində fizika və astrofizika sahəsində böyük uğurlara imza ata bilərik. Dünyanın ən böyük fiziklərinin, astrofiziklərinin diqqətini çəkib, onları bura gətirib, həm də onların biliklərindən yiyələnə bilərik. Amma biz heç nə etmirik. Sadəcə heç nə…
Biz bu əsrarəngiz coğrafiyanı dünyanın məşhur kino şirkətləri üçün əvəzsiz səhnəyə çevirə bilərik. Ucsuz-bucaqsız qayalıqları, vahiməli sıldırımları, içindən tarixin boylandığı qalaları, mağaraları, bitki və heyvan aləmini mədəni inkişafımız üçün istifadə edə bilərik. Belə yerlərin reklamını etməklə dünya şöhrətli rejissorların diqqətini çəkib ən böyük filmlərin çəkiliş məkanına çevrilmək olar. Bu, həm mədəni, həm iqtisadi inkişaf üçün böyük addım olar. Amma biz heç özümüz üçün bir kamera götürüb, oralarda bir sənədli film çəkib, bu əsrarəngizliyi öz insanımıza tanıtdıra bilməmişik.
Bütün bu fikirlərin psixoloji sarsıntısı altında gəzintimizə davam edirik. Lənkəran-Lerik şossesinin 33-cü kilometrindən sağ dağların üzərində yerləşən altı evdən ibarət bir kəndə yollanırıq. Talış dilində "Han" adlanan, tərcümədə "yuxu" mənasını verən bu kənddə qarşılaşdığım hər şey elə adına sadiq qalıb yuxu kimi gəlir bizə.
Kəndin girişində sadə, amma olduqca gözəl bir evin sahibinə səslənirik. Ağbirçək qadın gülərüzlə qarşılayır bizi. Su istəyirik, o isə, bizi evə dəvət edir. Süfrə sərilir, kənd həyatının ləziz nemətləri səxavətlə önümüzə düzülür. Ev sahibləri bizi süfrə başında yalnız buraxıb həyətə düşürlər. Əvvəlcə, təəccüblənirik. Niyə bu boyda evdə bizi tək qoyub çölə çıxdılar? Hətta narahat oluruq ki, birdən evdən nəsə itər və müqəssir bilinərik.
Çox keçmir ki, işin əslini anlayırıq. Utanıb-çəkinib rahat yemək yeyə bilməyəcəyimizi düşündükləri üçün bizi süfrə başında yalnız buraxıblar. Qəribədir. Sivilizasiyadan uzaq, hətta orta məktəbin belə, olmadığı, cəmi altı evdən ibarət bir kənddə bu yüksək mədəniyyət, bu dərin düşüncə necə yaranıb?
Yaşı yüzə yaxın, bəstəboy bir nənə, əlləri əsə-əsə bizə yaxınlaşıb üzümüzdən öpür, bizimçün dua edir və onlara baş çəkdiyimiz üçün təşəkkür edir. Xoş, həm də qəribə təəssüratlarla kənddən ayrılırıq.
Uzunömürlülər diyarının uzun ömür səbəbi həmişə, hər kəs üçün sirli olub. Bu barədə müxtəlif qənaətlərə gəlinib. Kiminə görə havası, kiminə görə nadir rast gəlinən faydalı bitkiləri, kiminə görə təbii qidası uzun ömür yaşamağın səbəbidir. Mən bir qənaətə də gəlmişəm ki, mehribanlıq, nəzakət, səxavət kimi yüksək mənəvi keyfiyyətlər də uzun ömür yaşamağa səbəb olur. Bilmirəm, İlahi yoxsa bioloji səbəbdir. Amma bu keyfiyyətlərin ömür uzatdığına əminəm.