CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət işçilərini pambıq yığımına aparırlar

© Sputnik / Kamal Almuradlıİmişli rayonunun Xubarlı kəndindəki pambıq sahəsi
İmişli rayonunun Xubarlı kəndindəki pambıq sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Kitabxanaçılardan şübhəli maliyyə əməliyyatları barədə izahat alınıb

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 16 dek — Sputnik. Mövsümün əvvəlindən başayaraq İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) işləyənlər pambıq yığımına cəlb edilib. Onlar "MKT İK" MMC-nin yerli müəssisəsi tərəfindən pambıq əkini aparılmış sahələrdə əl yığımı işi görürlər. 

Bu barədə Sputnik-in bölgə müxbirinə MKS işçiləri özləri məlumat veriblər. Onların sözlərinə görə, adıçəkilən şirkətin İnnovasiya Mərkəzi cari il İmişli-Kürdəmir avtomobil yolunun kənarında yerləşən, 1500 hektara yaxın sahədə pambıq yetişdirib. İlkin yığım texnika ilə görülsə də, sahələrdə hələ xeyli məhsul qalıb və onu ayrı-ayrı şəxslərə əllə yığdırırlar. Əlverişsiz hava şəraitinə görə yığımın gecikdiyi bildirilir.

Sputnik-in şifahi sorğusunu cavablandıran İmişli MKS-in müdiri Lətifə Məmmədova işçilərinin pambıq yığımına cəlb olunduqlarını təsdiqləyib: "Burada məcburiyyət yoxdur, kitabxanaçılarımız bu işi öz istəyi ilə görürlər. Mən özüm də onlarla birgə gedirəm".

© Sputnik / Kamal Almuradlıİmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan
İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

"Bizə konkret bir sahə ayrılmayıb, qarşımıza öhdəlik qoyulmayıb. Haradan təklif olunursa, orada yığım işi görürük, topladığımız məhsulun pulu da dərhal ödənilir. Son vaxtlar pambığın kondisiya olunmuş çəkisinin hər kiloqramına görə 19 qəpik ödənilir", — müsahibimiz əlavə edib.

İmişli kitabxanaçıları pambıqdan savayı, həm də istintaqa cəlb olunublar. Onlardan İmişli Rayon Prokurorluğunda illər öncə, yerli Mədəniyyət və Turizm Şöbəsi tərəfindən aparılmış şübhəli maliyyə əməliyyatları barədə izahat alınıb.

© Sputnik / Kamal AlmuradlıKitabxanadakı müxtəlif guşələr
Kitabxanadakı müxtəlif guşələr - Sputnik Azərbaycan
Kitabxanadakı müxtəlif guşələr

Ləğv edilmiş bu şöbənin müdiri vəzifəsini hazırda müqavilə üzrə icra edən Nazim Əzimov faktı Sputnik-ə təsdiqləyərək, aparılan istintaq hərəkətləri barədə detallı məlumat verməyə ixtiyarı olmadığını deyib. Yalnız bunu bildirib ki, "təhqiqatı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır və rayon üzrə kitabxanaçıların sayı ümumilikdə 178 nəfər olduğundan, istintaqa daha çox onlar cəlb olunub".

Rayon yeddiillik musiqi məktəbində musiqi ədəbiyyatı fənnini tədris edən Sənəm Məmmədova istintaqa Mərkəzin digər işçilərinin də çağırıldığını deyib: "Əksəriyyətinin adına "havadan" bir neçə yüz manat məbləğ yazılıb. Bəziləri bundan xəbəri olmadığını, bəziləri isə həmin pulu rəhbərliyə verdiklərini deyirlər. Büdcə vəsaitini talamaqda, vaxtilə işdən çıxmış adamların adına işlənmiş əməkhaqqı kartlarından da istifadə olunub. Mənim adıma, olmadığım ezamiyəyə görə 254 manat yazılaraq mənimsənilib".

Daha bir şübhəli məqam mədəniyyət işçilərinin əmək haqlarının gec ödənilməsi ilə bağlıdır. İşçilər bildirirlər ki, illər öncə bir neçə aylıq maaşları yoxa çıxıb və ilin son aylarının əmək haqları növbəti ilin büdcəsi hesabına verilib. Şöbənin keçmiş rəhbərliyinin, Maliyyə Nazirliyinin ştatların ixtisarı ilə bağlı icrası məcburi olan tapşırığına əməl etməməsi problemi bir az da qəlizləşdirib.

Xəbər lenti
0