İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 15 avqust — Sputnik. Fələstin problemi uzun illərdir ki, dünya birliyinin diqqətindədir. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycan Qüds məsələsində hər zaman Fələstinə haqq qazandırıb və bunu Bakıda keçirilən konfranslarla da dilə gətirib. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Sputnik Azərbaycan-a verdiyi müsahibədə bu və digər məsələlərə toxunub.
(Ardı. Əvvəli burada)
— Hazırda Qüdsdə Əl-Əqsa məscidi ətrafında qalmaqal yaşanır. Azərbaycan ictimaiyyəti prosesi mətbuatdan izləyir. Orada nə baş verir?
— Daha əvvəl dediyim kimi, Haramül Şərifə daxil olan Məscid-i Əqsa və Qübbətüs-Səhra bütün dünya müsəlmanları və eyni zamanda Fələstin üçün çox müqəddəsdir. 1 milyard 600 milyon müsəlmanın ilk qibləgahıdır. İsrail tədricən bu yeri bölməyə çalışır. Burada məskunlaşan dindarlara ibadət etmək üçün özünəməxsus imkan yaradıb. İsrailin məqsədi odur ki, Haramül Şərifə nəzarəti ələ alsın. İsrail məscidə elektron lövhəciklər və elektron qapılar qoymaqla idarəetməni tədricən həyata keçirməyə çalışır. Müqəddəs yerlərə nəzarətin təşəbbüskarı İordaniya Haşimi Krallığıdır. İsrailin İordaniya Haşimi Krallığı və Fələstinlə müqavilələri var. Həmin sazişlərdə bu məkanların müsəlmanlara aid olduğu və müsəlmanların yeri olduğu göstərilib. Amma buna rəğmən, İsrail zaman-zaman planını həyata keçirir. Plan isə Haramül Şərifə nəzarəti ələ almaqdır. Bu da müsəlmanların haqlı narazılığına səbəb olur.
Əl-Əqsada belə bir problem yaratmaqda İsrailin məqsədi Fələstinin milli məsələsini, siyasi problemini dini məsələyə çevirməkdir. Belə bir dini məkanı qəbul etməmək və yaxud orada öz maraqlarını həyata keçirmək bütün dünya müsəlmanlarının haqlı narazılığına səbəb olur. Burada nəzarəti ələ almaq dini münaqişəyə gətirib çıxara bilər. Buna görə də, bu gün bütün dünya müsəlmanları buna etiraz edirlər. Bakıda da Qüdsə həsr olunmuş konfrans təşkil olundu və eyni zamanda bütün İslam Əməkdaşlıq Təşkilatı dövlətləri bu konfransda öz sözlərini deyib, öz sabit mövqelərini ortaya qoydular. Bir müddət öncə İstanbulda da İslam Əməkdaşlıq Təşkilatı Ölkələrinin Xarici İşlər Nazirlərinin toplantısı keçirildi. Yəni bütün dünya müsəlmanları İsrailin bu mövqedən əl çəkməsinə çalışır. Siyasi məsələni dini münaqişəyə çevirmək olmaz.
— Azərbaycan mətbuatında zaman-zaman Fələstinin Ermənistanla yaxın münasibət qurması və Dağlıq Qarabağ separatçılarına dəstək verməsi ilə bağlı sərt ittihamlar səslənir. Bu ittihamlar nə dərəcədə doğrudur? Ümumiyyətlə, Fələstin-Ermənistan münasibətlərini necə xarakterizə edərdiniz?
— Mən bu suala görə çox təşəkkür edirəm. Və bu suala cavabım bir qədər geniş olacaq. Əvvəlcə onu deyim ki, Azərbaycana qarşı Fələstin-Ermənistan birliyi barədə bəzi mətbuat orqanlarında yazılan yazıları oxuyan hər bir şəxs bilməlidir ki, bu məntiqsiz bir yalandır. Bu yalan təkrarlandıqca özünə yer alıb və artıq bu yalanı yayan insan özü də buna inanmağa başlayıb. Amma bu xəbərlərin heç bir rəsmi əsası yoxdur. Bu günə qədər kimsə bir bu məsələdə bir dəlil gətirməyib. Azərbaycanlı jurnalistlərin əksəriyyəti peşəkardır. Lakin bəzi jurnalistlər araşdırma aparmadan, keçmişdə deyilən şayiələr əsasında yazılar hazırlayır. Mənə elə gəlir ki, biz özümüzdən bu kimi yalanları yaymaqdan kim faydalandığını soruşmalıyıq. Bu şayiəni yayanın iki məqsədi ola bilər: birincisi, özünü yorub araşdırma aparmaq istəmir, şayiəyə inanır və yalanın yayılmasına töhfə vermiş olur; ikincisi, ola bilsin ki, ideoloji baxımdan İsrail cərəyanlarından birinə yaxındır. Çünki onlar hesab edirlər ki, yalan Fələstinin Azərbaycanda imicinin korlanmasına kömək edir. Ancaq bu həqiqət deyil. Bəzi, az sayda insanlar montajla materiallar, videolar, yazılar hazırlayırlar. Biz yazılan bu yalanları bacardığımız qədər təkzib edirik. Məsələn, sosial şəbəkələrdə prezident Mahmud Abbasın fotoşopla düzəldilmiş şəklini qoyub, altına istədiklərini yazırlar. Bunların mənbəyi yoxdur. Sadəcə yayırlar və insanların beynində yalan fikirlər formalaşdırırlar.
(Səfir bizə internetdə montaj edilib hazırlanmış videoları və şəkilləri göstərib açıqlama verir)
Bu yaxınlarda mötəbər bir agentlik öz facebook səhifəsində mərhum prezident Yasir Ərəfatın ərəb xristian din adamı Hilarion Cappuci ilə görüşdüyü bir şəkli montaj edərək altına "Erməni keşiş və Asala terror təşkilatının rəhbəri ilə Yasir Ərəfatın görüşü" yazmışdı. (Videonun altında yazı İsrailin rəsmi dövlət dili olan ivrit dilindədir). Bu videoya 102 min şəxs baxıb. Və heç kim araşdırmayıb ki, bu adam kimdir. Bu adamın adı Hilarion Cappucidir. Bu şəxs erməni deyil, o ərəb xristian din adamıdır. Və o, Fələstin xalqı tərəfindən qəhrəman hesab edilir. Bu şəxs Fələstini müdafiə etdiyinə görə İsrail həbsxanalarında 4 il cəza çəkib. Vatikan müdaxilə etdikdən sonra bu şəxs azadlığa buraxılıb. Buraxıldıqdan sonra Yasir Ərəfat onunla səmimi görüşüb. Fələstinə görə İsrailə qarşı çıxmaq böyük cəsarət tələb edir. Siz bəlkə ermənilərdən soruşsanız ki, bu şəxs kimdir, tanımazlar. Bəzən Yasir Ərəfatın dilindən CAPSlar hazırlanır. Guya Ərəfat ermənisevər biridir, amma heç kim rəsmi mənbə göstərmir.
(Daha sonra səfir sosial şəbəkədə yayılmış bir neçə videogörüntüyə aydınlıq gətirir)
Buna görə də, həmin agentliyə müraciət olundu və onlar üzr istədilər. Yəni, belə materiallar araşdırılmadan verilməməlidir.
Yasir Ərəfatla Mahmud Abbasın şəkillərinin yanında olan sözlər hamısı fotoşopla edilib. Fələstində bir erməni məhəlləsi var. Orada az sayda 3000-ə qədər erməni yaşayır. Lakin onlar Fələstin vətəndaşlarıdır. Onlar da fələstinlilər kimi düşünür və İsrail işğalından əziyyət çəkirlər. Mahmud Abbas və yaxud Yasir Ərəfat danışanda bu ermənilərə xitab edir. Onların xitabları öz vətəndaşlarınadır. Lakin bəzi şəxslər həmin xitab hissəsini götürərək, yayımlayır. Burdan da elə görünür ki, sanki Mamud Abbas və Yasir Ərəfat Ermənistandakı ermənilərə xitab edir. Halbuki bu şəxslər öz əhalisinə xitab edir. Belə halları montaj edərək yayırlar.
2015-ci ildə bizə agentliklərdən birindən bir poçt markası daxil oldu. Poçt markasını bizə göndərərək bildirdilər ki, bunu Fələstin buraxıb. Kimsə professional olaraq markanın üzərində işləmişdi. Axırda da yazılmışdı ki, Fələstin erməni soyqırımının 100 illiyi münasibəti ilə poçt markası buraxıb. Bu ictimaiyyətdə yayıldı. Biz təkzib verdik, Fələstin Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirdi. Fələstin İnformasiya Texnologiyaları Nazirliyi də rəsmi bəyanat yaydı ki, biz belə bir marka buraxmamışıq. Hər kəsə tövsiyə edirəm ki, belə məlumatlarla qarşılaşan zaman bizə səfirliyə müraciət etsinlər.
Mümkün deyil ki, Fələstin belə bir marka buraxsın. Belə bir markanın buraxılması ilk öncə Fələstinin mövqeyi ilə uzalşmır, ikincisi mümkün deyil ki, Fələstin dövləti qardaş və onun mühüm tərəfdaşı olan Türkiyə Cümhuriyyəti ilə əlaqələrinə zərər yetirsin.
Həmçinin fələstinlilərin Dağlıq Qarabağa gedib, ermənilərlə azərbaycanlılara qarşı vuruşması bağlı yalanlar yayılır.
Hesab edirəm ki, hər bir iş və məsələ ağıl və məntiqlə ölçülür. Buna görə də, aşağıdakıları vurğulamaq istəyirəm: Azərbaycan və Fələstin dost, qardaşdır, onların hər ikisinin tarixi və mədəni əlaqələri var. Bu həqiqət bir yana. Fələstinlilər müasir bəşəriyyət tarixinin ən çətin və ən uzun işğalından əziyyət çəkmirlər və problemləri özlərinə kifayətdir. Öz azadlıqları və müstəqillikləri uğrunda illərdir ki mübarizə aparırlar. Bu onlara bəs deyilmi?
İkincisi, Fələstin böyük bir güc deyil ki, öz döyüşçülərini ora-bura yayıb başqalarının müharibəsində iştirak etsin. Nə üçün, nə maraqları var ki, fələstinlilər Dağlıq Qarabağa gedib orada ermənilərlə birgə döyüşsün?
Üçüncüsü, Fələstin dövləti Azərbaycan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildə qurub. Yəni, Azərbaycan dövləti müstəqillik qazanan kimi bu münasibətlər qurulub. Fələstin dövlətinin Bakıda səfirliyi var və bayrağımız səfirlik qarşısında dalğalanır.
Amma özünüz də araşdırsanız görərsiniz ki, Fələstinin Ermənistanla heç bir əlaqəsi yoxdur. Nə bir diplomatik əlaqəsi, nə səfirliyi, nə konsulluğu. Fələstinlə Ermənistanı bağlayan rəsmi heç nə yoxdur! Hesab edirəm ki, dövlətlər arasında digərlərinə zərər verməməklə qarşılıqlı maraqlara əsaslanan adi əlaqələri, digərlərinə zərər verən əlaqələrdən fərqləndirmək vacibdir. Azərbaycanın İsraillə, Fələstinə prinsipial dəstək verməsinə və kömək etməsinə təsir etməyən yaxşı əlaqələri var. Fələstinin də qardaş və dost dövlətlərin maraqlarına zərər yetirməyən digər dövlətlərlə əlaqələr qurmaq hüququ var.
Unutmamaq lazımdır ki, işğaldan əziyyət çəkən Fələstin digər dövlətlərin işğal edilməsinə dəstək göstərə bilməz. Fələstin-Azərbaycan dostluğu möhkəm əsaslara söykənib və bu əlaqələrə bəzi yalanların təsir göstərməsi mümkünsüzdür.