SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: “Fələstin, Azərbaycanın gənc və uğurlu dövlət olmasından faydalanır”

© Sputnik / Murad OrujovFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailin mövqeyi fələstinlilərə mübarizəni davam etdirməyə mane olmayacaq.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Fələstin problemi uzun illərdir ki, dünya birliyinin diqqətindədir. Azərbaycan, İsraillə münasibətlərinin yüksək səviyyədə olmasına baxmayaraq, Qüds məsələsində hər zaman Fələstinə haqq qazandırıb və bunu Bakıda keçirilən konfranslarda da dilə gətirib. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Sputnik Azərbaycan-a verdiyi müsahibədə bu və digər məsələlərə toxunub.

— Cənab səfir, bu günlərdə Bakıda Qüdslə bağlı beynəlxalq konfrans keçirildi. Həmin konfransa İsrailin dəvət olunmaması diqqəti çəkdi. Sizcə bunun xüsusi səbəbi varmı?

— Bu konfransın təşkilatçısı BMT-nin Fələstin Hüquqlarının Müdafiəsi Komitəsi idi. Fikrimcə, həmin komitə bütün üzv dövlətlərə bu konfransda iştirak etmək üçün dəvətnamə göndərib. Hansı dövlətin gəlib-gəlməyəcəyini biz bilə bilmərik. Amma əminik ki, bütün dövlətlərə dəvətnamə göndərilmişdi.

© Sputnik / Murad OrujovFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

— Azərbaycan-Fələstin münasibətləri haqqında nə deyə bilərsiniz? Sizcə perspektivdə bu münasibətlər necə olacaq?

— Azərbaycan və Fələstin arasında əlaqələrin qədim tarixi var. Buzum uzun əsrlər boyu münasibətlərimiz olub. Mərhum prezidentlər Heydər Əliyev və Yasir Ərəfat arasında həm müstəqillik dövründə, həm də müstəqillikdən öncə kifayət qədər sıx və isti münasibətlər var idi. İndinin özündə də Azərbaycan-Fələstin əlaqələri kifayət qədər yüksək səviyyədədir.

Bakıda Fələstin səfirliyi açılandan sonra bu əlaqələr daha da dərinləşdi. Buna misal kimi Fələstinlə bağlı Bakı şəhərində keçirilən konfransları göstərmək olar. Bakı Fələstinlə bağlı bir çox konfranslara ev sahibliyi edib. Eyni zamanda, Qüds məsələsi ilə əlaqəli bir çox konfranslar keçirilib. Azərbaycanın Fələstin məsələsində mövqeyi dəyişməz və sabitdir. Fələstin də öz növbəsində bütün məsələlərdə Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir və bütün məsələlərdə Azərbaycan dövləti ilə çiyin-çiyinə dayanır. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də Fələstin və Azərbaycan dövlətləri sıx koordinasiya şəklində bir-biri ilə əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birinə məlumat ötürür, koordinasiya edir və bütün bunlar hər iki dövlət arasında yaxşı münasibətlərin olduğundan xəbər verir. Biz azərbaycanlı tərəfdaşlarımızla bütün sahələrdə münasibətlərimizi gücləndirməyə çalışırıq. Bu sahələr ticarət-elm, turizm, təhsil və digər sahələrdir. Fələstin dövləti Azərbaycanın gənc və uğurlu bir dövlət olmasından faydalanır.

© Sputnik / Murad OrujovFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

Bununla bərabər, fələstinli tələbələrin Azərbaycanı seçməsi ildən ilə artır. Fələstinli tələbələr Azərbaycanda daha çox həndəsə, memarlıq və s. bu kimi sahələri daha çox seçirlər.

— Azərbaycan, İsraillə yüksək səviyyəli əlaqələrinin olmasına baxmayaraq, Qüds probleminə göz yummayacağını açıq şəkildə bəyan etdi. Rəsmi Bakının bu məsələdə tutduğu mövqeni necə qiymətləndirirsiniz?

— Azərbaycan Dövləti İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olaraq məhz bu kimi məsələlərdə öz mövqeyini nümayiş etdirir. Əlbəttə, qarşılıqlı maraqlara əsaslanmış bir münasibət bizimlə Azərbaycan arasında olan münasibətə qətiyyən təsir etmir. Çünki biz çox gözəl başa düşürük ki, Azərbaycan dövləti öz milli maraqları çərçivəsindən çıxış etməlidir. Fələstin dövləti Azərbaycan-İsrail əlaqələrinə pis baxmır. Onun İsraillə əlaqələrinin olmasını müsbət qiymətləndiririk. Eyni zamanda, Qüds kimi məsələlər ortaya çıxan zaman Azərbaycan öz açıq mövqeyini, fikrini ortaya qoyur. Əlbəttə, Şərqi Qüds təkcə Fələstinin paytaxtı deyil, həm də dünyada müsəlmanlar arasında 3-cü müqəddəs yer sayılır. Azərbaycan dövləti prinsipial mövqeyini ortaya qoymaqla demək istəyir ki, Qüds dünyada olan bir milyard yarım müsəlmanla yanaşı, məni də maraqlandırır. Azərbaycan müstəqil, fəal siyasət aparmaqla, İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq belə mövqe ortaya qoyur.

Qüdsün müqəddəsliyi bütün dünya müsəlmanlarına məlumdur. Bildiyiniz kimi Məhəmməd peyğəmbər (ə.s) Qüdsdə Qübbətüs-Səhradan Allaha qovuşub, merac edib. Eyni zamanda, islam dini yayılan zaman ilk illərdə Qüds müsəlmanların ilk qibləgahı olub. İnsanlar uzun illər Qüdsə doğru namaz qılıb. Bu və digər məsələlərə görə, Qüdsün müqəddəsliyi bir çox müsəlman ölkələri üçün vacib olduğu kimi Azərbaycan üçün də əhəmiyyətlidir. Bilirsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı məhz Qüds səbəbi ilə yaranıb. Azərbaycan dövləti də "mən də bir müsəlman dövlətiyəm" deyir. Və öz sabit dəyişməz mövqeyini qoruyub saxlayır. Azərbaycanın mövqeyi İslam aləminin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan tarixən bu mövqedə olub, Azərbaycanın tarixən mövqeyi sabit olub. Və Azərbaycan İslam sivilizasiyasına aid olduğunu hər zaman nümayiş etdirib.

© Sputnik / Murad OrujovFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

Buna görə də, biz qətiyyən hesab etmirik ki, Azərbaycanın İsraillə yaxşı əlaqələrinin olması Fələstinə qarşıdır.

— Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Fələstin də torpaq işğalı problemindən əziyyət çəkir. Fələstin öz problemini həll etmək üçün hansı addımlar atır?

— Fələstin xalqı problem başlayan gündən öz mübarizəsini aparır. Müstəqillik və azadlığına aparan yoldan bir an olsa belə geri dönməyib. Mübarizəmiz müxtəlif formalarda davam edir. Fələstin diplomatiya sahəsində bir sıra uğurlar əldə edib. Beynəlxalq qanunvericiliyin və BMT qətnamələrinin tətbiq edilməsi yolu ilə dünya dövlətlərinin işğalın davam etməsinə qarşı çıxmasına və Fələstin dövlətinin müstəqilliyi məsələsində birlik nümayiş etdirməklə İsrailə təzyiq göstərməsinə nail olub. Fələstin xalqı hər zaman mübarizəsini davam etdirəcək. Qarşımızda nəhəng bir güc var. Biz hər zaman beynəlxalq qanunvericiliyin tətbiq olunmasına çalışmışıq. Əlimizdə bir meyar olub ki, qanunvericilik tətbiq edilsin və bir standart tətbiq edilsin.

Digər tərəfdən, biz mübarizəmizin silahsız olmasına, Fələstin xalqının terrorçu kimi tanınmamasına çalışmışıq. Biz müstəqilliyimizi əldə edənə qədər mübarizəmizi davam etdirəcəyik.

Biz uzun illərdir ki, İsrail tərəfi ilə danışıqlar aparırıq. Bildiyiniz kimi 1993-cü ildə Oslo müqaviləsi imzalandı, danışıqlar başlandı. Məqsəd iki dövlət prinsipinin həyata keçirilməsi idi. Aradan 25 ilə yaxın bir zaman keçib. Biz 25 ildə danışıqlarımızı səmimi və açıq şəkildə davam etdirmişik. Lakin qarşı tərəfin ekstremist mövqe tutması bizə çox mane olur. Xüsusilə hazırkı hökumətdə olan bəzi şəxslər irqçi mövqedən çıxış edirlər. İsrail hökuməti işğal etdiyi Fələstin ərazilərində elə bir sistem yaradıb ki, bu sistem irqi ayrı-seçkiliyi təbliğ edir. Bunu təkcə Fələstin deyil, ayrı-ayrı dövlətlərin rəhbərləri də dilə gətirir. ABŞ-ın keçmiş prezidenti Cimmi Karter İsrail hökumətinin irqçi siyasət apardığını dəfələrlə deyib. Eyni zamanda, Cənubi Afrika Respublikasının rəhbəri Nelson Mandelanın yaxın tərəfdaşı Dezmon Tutto da bu fikri söyləmişdi. İsrailin Fələstində həyata keçirdiyi sistem (aparteid) irqçi sistemdir. İsrailin daxilində olan bir çox siyasətçilər də İsrail hökumətinin irqçi siyasət apardığını təsdiqləyib. Belə hökumətlə nailiyyətə çatmaq çətindir. Biz hesab edirik ki, Fələstin və İsrail arasındakı münaqişənin yeganə həlli yolu sülh danışıqlarından keçir və biz yalnız və yalnız sülh yolu ilə danışıqlar vasitəsilə öz hüquqlarımızı bərpa edə bilərik. Qısaca olaraq onu deyim ki, həm Azərbaycan dövlətinin, həm də Fələstin dövlətinin işğal məsələsində apardığı siyasət çox uzaqgörən və oxşar siyasətdir. Çünki hər iki dövlət istəyir ki, münaqişə beynəlxalq qanunvericiliyin tətbiq olunması, sülh yolu ilə, danışıqlar çərçivəsində həll olunsun. Sülh danışıqları aparılsın və beynəlxalq qanunvericilik tətbiq olunsun.

© Sputnik / Murad OrujovFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim

— Qüds məsələsində dünya birliyinin vahid mövqeyi İsrailin 1967-ci ilə qədərki sərhədlərə qayıtmasıdır. İsrail bu mövqe ilə barışmasa, proseslərin sonunu necə görürsünüz?

— Əlbəttə, İsrail bu mövqe ilə barışmasa, təbii ki, mübarizə davam edəcək. Bunun başqa yolu yoxdur. İsrail uzaqgörən siyasət aparsa, bir az güzəştə getsə, İslam aləmi onu qəbul edər və islam aləminə inteqrasiya oluna bilər. Bunu edə bilmək üçün bir qədər uzaqgörənliyə ehtiyac var. Amma təəssüf olsun ki, İsrail hökuməti öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir. İsrail öz siyasətini güc yolu, silah yolu, zorakılıqla həyata keçirir. Bu yanlışdır. Bizim mübarizəmizin tarixi 100 ilə yaxındır. Əgər biz bu qədər mübarizəmizi davam etdirmişiksə, bundan sonra da davam etdirəcəyik. İsrail İslam aləminə yaxın olmaq, Fələstinlə yaxşı münasibətlər qurmaq istəyirsə, öz qonşuları ilə yaxşı münasibət qurmaq istəyirsə, bu münaqişənin nizamlanmasına çalışmalıdır. Biz tarixən güzəştə gedən tərəf olmuşuq. Beynəlxalq qanunvericiliyin bizə tətbiq etdiyi 78 faiz ərazini İsrailə verib 22 faiz torpaqda öz dövlətimizi qurmağa razılıq vermişik. Ancaq buna rəğmən İsrail bununla da razılaşmır. Fələstində ardıcıl olaraq beş nəsil müstəqillik uğrunda mübarizə aparıb və İsrailin ekstremist mövqeyi fələstinlilərə öz mübarizələrini davam etdirməyə mane olmayacaq.

Xəbər lenti
0