BAKI, 12 iyul — Sputnik. Almaniyanın Hamburq şəhərində, G20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında baş tutan ikitərəfli görüş dünyada ən çox müzakirə edilən məsələlərdəndir. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüşdür.
Mətbuata qapalı şəraitdə keçirilən görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Görüşdən sonra jurnalistlərə açıqlama verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.
"Deraa və əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb" — deyə S. Lavrov bildirib.
Adıçəkilən razılaşmaya baxmayaraq, görüş gözlənilən nəticəni verməyib. Vaşinqton siyasi isteblişmentinin əksəriyyətinin hələ ki, Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsi, Moskva ilə yalnız Reyqan dövründə olduğu kimi güc mövqeyindən danışmağın düzgün olacağı fikirini bölüşdüyü müşahidə olunur. Kremlin də Tramp administrasiyası ilə anlaşmaq səyləri nəzərdən qaçmır.
Unutmaq lazım deyil ki, son 9 ildə Rusiya – ABŞ münasibətləri demək olar, kəskin rəqabət və böhran xarakterli olub. Tərəflər arasında çox böyük etimadsızlıq var. Bunların bir görüşlə aradan qalxacağını isə təbii ki, gözləmək lazım deyil.
Buna baxmayaraq, Rusiya ilə ABŞ arasında ciddi konfrontasiya da mövcud deyil. Rusiya və ABŞ-ın Suriyada açıq əməkdaşlığı var. Ukrayna, Suriya və müəyyən qədər də Türkiyə məsələsi Rusiyanın daxili stabilliyini təmin etmək baxımdan əhəmiyyətlidir.
Ukrayna məsələsinə gəlincə, bu, bir tərəfdən Rusiyanın daxili ictimai rəyinə hesablanıbsa, digər tərəfdən Ukraynanın Avropa Birliyinə doğru getməsini sürətləndirir. Kiyevə bir tərəfdən Rusiya təzyiq edir, digər tərəfdən də Qərb. Hər iki təzyiq mexanizm Ukraynanı sürətlə Qərbə doğru aparır.
Görünən budur ki, böyük qüvvələr arasında razılaşma var, həmişə də olub. Hamburq görüşü bəlkə də yeni addımların, planların təsdiqi məsələsidir. Nəzərə almaq lazımdır ki, ABŞ Qətər Əmirliyinə müraciətində bildirdi ki, danışıqlar vasitəsilə problemin həlli yollarını tapmaq lazımdır. Bu, o deməkdir ki, ortada hansısa qərarlar, razılaşma və kompromislər mövcuddur.
Araşdırmaçılar Vaşinqton-Moskva gərginliyinin uzun müddət səngiməyəcəyi qənaətindədirlər. Bir sözlə, məsələlər o qədər mürəkkəbdir ki, G20 sammitinin yekunlaşması ilə nələrəsə nail olmaq barədə düşünmək hələ tezdir.
İstisna deyil ki, Suriyadakı qarşıdurmaya müəyyən qədər fasilə verilsin və ABŞ-la Rusiya arasındakı əsas qarşıdurma Ukrayna üzərinə keçsin. ABŞ rəsmiləri bəyan edirlər ki, Rusiya Şərqi Ukraynadan qoşunlarını çəkməlidir. Minsk sazişində isə belə müddəalar yoxdur. Minsk sazişində ilk yerdə siyasi-humanitar xarakterli razılaşmalar durur.
O məsələlərlə bağlı Ukrayna üzərinə müəyyən öhdəliklər götürüb. Ukrayna konstitusiyasında dəyişikliklər olmalı idi. Donbasdakı qurumlarla bağlı muxtariyyət məsələsi konstitusiyada öz əksini tapmalı idi. İlk məsələlər bunlar idi. Rusiyanın çəkilməsi məsələsi deyildi.
Son bəyanatlar Rusiya ilə mübarizənin kəskinləşməsi üçün yeni əsaslar yaradır. Bir sözlə, Tramp – Putin görüşü açıq qalan suallara cavab gətirmədi. Deməli, belə görüşlərin sayını artırmağa da ehtiyac yaranır…