BAKI, 7 iyul — Sputnik. Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, iki dövlət başçısı arasında keçirilən ilk görüş 2 saat 15 dəqiqə sürüb.
Görüş mətbuata qapalı olub. Görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.
Görüşdən sonra mediaya açıqlama verən Rusiya prezidenti Vladimir Putin "ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik" — deyə bildirib.
"Danışıqlarımız çox uzun sürdü. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı digər mövzular ətrafında da müzakirələr apardıq. İkitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı müzakirəmiz oldu" — deyə Putin əlavə edib.