BAKI, 5 iyun — Sputnik. "Berlində belə bir küçə yoxdur" məşhur deyimi tarixə, alman nasional-sosialistlərin təbliğat naziri Yozef Gebbelsin adı ilə bağlı düşüb. O zaman Berlində yəhudilərin kompakt yaşadıqları küçədə, gecə ilə yəhudi evlərinə basqınlar həyata keçirilmiş və xeyli insan qətlə yetirilmişdi.
Və məşhur mətbuat konfransında bu qətliam foto-faktlarla Gebbelsin qarşısında qoyulsa da, o, soyuqqanlılıqla şəhərdə ümumiyyətlə belə küçə olmadığını iddia etmişdi. Əslində, dediyində həqiqət də vardı – bu mətbuat konfransı keçirilən vaxt, doğrudan da Berlində o adda küçə yox idi, gecə ilə adı dəyişdirilmişdi…
Məntiq – ona heç vaxt lazım olmayanlar üçün çox yorucu və mənasız bir anlayışdır. Ağlı başında olanlara görə isə olduqca sanballı elmdir. Hansısa fakt qarşısında boynunu bükməmək, tutarlı arqumentlərlə rəqibini susdurmaq, mürəkkəb situasiyalardan çıxa bilmək və yekunda qalib tərəf olaraq (haqlı, yaxud haqsız – artıq fərq etmir) hər kəsə meydan oxumaq üçün MƏNTİQ əvəzolunmaz silahdır.
Amma məntiq də hər yerdə və hər zaman keçərli olmur. Buna da anormallıq deyirlər. Çünki həmin məkan və zaman kəsimində yaşanan proseslərin özünün belə, məntiqi izahı olmur. Hər şey, qədimdə kiminsə ağzından buraxdığı ifadə kimi cərəyan edir — "basməmmədi".
Məsələn, Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən, Xırdalan sakini Əvəz Süleymanov deyib ki, son zamanlar Bakı-Sumqayıt yolunda inşa olunan iki yerüstü piyada keçidi piyadalar üçün təhlükəlidir. Belə ki, həmin keçidlər yerdən xeyli hündürdə inşa edilsə də, üstləri tamamən açıq, yanları isə arakəsmələr halında bağlıdır.
Vətəndaş keçidləri düz-qoş edən "Azəravtoyol" ASC-yə minnətdarlıq edir ki, savab iş görüb, əziyyət çəkib, məsrəf edib keçid tikirsiniz, amma bu qədər işin qarşısında onun üstünü də bağlasanız, çox yaxşı olar. "Çünki yağışlı, küləkli, qarlı-şaxtalı havalarda həmin keçidlərdən keçmək piyadalara çətinlik yaradır. Uşaq var, qoca var, qadın var. İstərdik ki, bu keçidlərin üstü örtülsün, biz də belə havalarda yerüstü keçiddən rahat istifadə edə bilək" – deyə sakin xahiş edir.
Təkrar edirəm, xahiş edir – söymür, qarğış etmir, tələb etmir, etiraz aksiyası keçirib yolu bağlamır. Sadəcə xahiş edir. İstəyir ki, qışda dəmir konstruksiya buzlayanda, ayağı sürüşüb 10 metrdən hündürlükdən avtomobillərin təkəri altına düşməsin. İstəyir ki, beyni çönəndə ağacı da kökündən çıxarıb atan Abşeron küləyi, tələsik yolu bu yandan o yana keçən 10 yaşlı cılız məktəblini götürüb Masazırın duz gölünə tullamasın. Və yenə istəyir ki, bu keçidlər həm də selləmə yağışdan daldalanmaq vasitəsinə çevrilsin, "Azəravtoyol" da ölənlərinə rəhmət qazansın. Pis bir şey istəmir ki?!
Bəs, aidiyyəti qurum bu cür xoş niyyətin qarşısında hansı MƏNTİQə əl atır və necə bir münasibət sərgiləyir? Həmin şikayətçiyə cavab olaraq, "Azəravtoyol" ASC-nin (yazılışı və deyilişi necə də rahatdır) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli aldı görək nə dedi: "Bizim tikdiyimiz yerüstü keçidlər dünya standartlarına cavab verir. O ki qaldı insanların keçiddə sürüşüb yıxılmalarına, insanlar adi düz yolda da yıxıla bilərlər".
Bu arqumentin məna yükünü həzm etməyə imkan vermədən, cənab Nəcəfli oxu tam onluqdan vurur: "Həmin yeni yerüstü keçidlər az vəsait tələb edir və zəruri olan yerlərdə tez quraşdırılır. Bu növ yerüstü keçidlər, zərurət yarandıqca şəhərin digər yerlərində də quraşdırılacaq".
Di, dağılışın, məntiq axtaranlar. Çox çəkməz, bu sevinc hissini bütün paytaxt və yarımada əhli yaşayar…