CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Moqadişo müəmması: sirr pərdəsi qalxır

© Sputnik / Murad OrujovHeydər Əliyev prospekti
Heydər Əliyev prospekti - Sputnik Azərbaycan
Abunə olmaq
Qonaqlarımızın hansı səbəbdən gözdən yayınması barədə müxtəlif versiyalar var

BAKI, 30 may — Sputnik. Bu günlərdə paytaxtda diqqətçəkici bir hadisə yaşandı. Belə ki, 12-22 may tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn Somali Federativ Respublikasının idmançıları arasından iki nəfəri yoxa çıxıb. Bərabər gəldikləri digər həmvətənləri onlardan əllərini üzüb öz ölkələrinə qayıtmalı olublar.

Atletlər, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya gələn afrikalı idmançılar ortalığı qarışdırdılar

Öncə hüquq-mühafizə orqanlarındakı bir mənbə Sputnik Azərbaycan-a deyib ki, həmin əcnəbi idmançılar burada qalaraq, Azərbaycan üzərindən üçüncü ölkəyə getmək qərarına gəliblər. Bu ehtimalı dəyərləndirən polis, 800 metrlik məsafəyə qaçışda 12-ci yeri tutan Əhməd Ədissalam və 1500 metrə qaçışda 16-cı yerdə qərarlaşam Hassan Alinin axtarışına başlayıb.

Xəbərin yayıldığı günün ikinci yarısında isə adı açıqlanmayan daha bir DİN təmsilçisi, yoxa çıxmış Somali vətəndaşlarının tapıldığı açıqlamasını verib. "Məlum olub ki, onlar Bakını gəzintiyə çıxıblar və nəticədə ölkələrinə uçan təyyarəni buraxıblar. Artıq həmin iki şəxs polisin iştirakı ilə ölkələrinə yola salınıb" – deyə polis yetkilisi bildirib.

Hər nəysə, əsas odur ki, bu qarabala qardaşlarımız sağ-salamat tapılıb, polisimizin də yaxından iştirakı ilə öz doğma vətənlərinə yola salınıblar. Və ümid edək ki, paytaxt Moqadişo aeroportuna enər-enməz, öz milli-mənəvi dəyərlərinə etibarsızlıq nümayiş etdirdikləri ittihamı ilə, Əhmədlə Hassanı xalqın gözü qarşısında edam etməyəcəklər.

Açığı, qulağımız alışıb ki, gedənlər gəlmək istəməsinlər. Lakin bu dəfə gələnlərin qayıtmaq istəməməsi adamın ağlını qarışdırır. Bu amildən dolayı, polisin də hadisə barədə müəmmalı açıqlamalar verməsi anlaşılandır. Evdə bişməyib, qonşudan gəlməyib ki, belə vəziyyətdə nə cür qərar verəcəyinə dair hazırlıqlı olasan.

Gürcüstan, Bakuriani şəhəri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlıları bu ölkədə tilsimə salıblar

Ona görə də, İslamiadaya gələn iki qonağımızın hansı səbəbdən gözdən yayınması barədə müxtəlif rəsmi və qeyri-rəsmi versiyalar səsləndi. Mən də bütün bu versiyaları diqqətlə oxudum, siyasi-geosiyasi-geostrateji-geoiqtisadi-geohumanitar parametrlərdən təhlil etməyə çalışdım. Gördüm, yox e, bir kənara çıxa bilmirəm. Geriyə qaldı bir ehtimal…

Bu Şərqi Afrika ölkəsini vətəndaş müharibəsi ağuşuna alsa və ölkədə həyat axarını itirsə də, güman ki, 8.6 milyon əhalidən 5-10 nəfərin internetə giriş şansı var. Və bəlkə də həmin 5-10 nəfərdən ikisi həmin bu bəxtəvərlərdir.

Adamlar Azərbaycana gəlməzdən əvvəl, adımızı Google-da axtarışa veriblər. Bəxtə Şah Abbas qarşılarına çıxan ilk saytlardan birində görüblər ki, "bazarkom"un əlindən bezən alverçi üstünə benzin tökərək, "Qənirə xanım gəlməsə, özümü yandıracam" deyir. Ardınca başqa bir sayta daxil olublar, burada da yazılıb ki, bankların təzyiqindən cana doyan iş adamı "Koroğlu" körpüsünə çıxaraq, "Qənirə xanım gəlsin, yoxsa özümü atacağam" açıqlaması verib.

Sonra Qənirə xanımın öz adını internetdə axtarış veriblər. Birdən ayılıblar ki, a kişi, bu, bizim ölkəmizə təşrif buyuran xanım deyilmi? Bəli, xatırlayıblar ki, həmin bu xanım bir vaxtlar Somalinin harayına yetişmiş, oralarda yetim-yesirə əl tutmuş, körpələrə analıq şəfqəti ilə yanaşmışdı…

Zənnimcə, İslam Oyunları bitdikdən sonra Əhmədlə Hassan arasında belə bir dialoq yaşanıb:

- Ay qa, buradək gəlmişik, Qənirə xanımı tapaq, həm özümüzün ağır güzəranımızı, həm də ölkəmizin dərdini anladaq. Bizi əliboş qaytarmaz.

- Edək də, amma necə? Bu boyda şəhərdə nətəhər tapaq onu?

- "Koroğlu" körpüsü bura yaxındır, gedib ətrafda gözətləyək. Necəsə yenə kimsə Qənirə xanımla görüşmək üçün oraya dırmaşacaq.

Qısası, bu inancdayam ki, o uzağaqaçanları bura qaçmağa gətirən səbəb də, məhz bu olub. Niyyətlərinə çatıblarmı, yoxsa asayiş keşikçilərimiz onların arzularını gözlərində qoyub, daha burasını bilmirəm…

Xəbər lenti
0