BAKI, 1 iyun — Sputnik. Piyadaların yolu təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlər "Azəravtoyol" tərəfindən tikilir. Bu keçidlər insanların həyatını baş verə biləcək qəzalardan qoruyur. Amma son zamanlar inşa olunan yerüstü körpülər piyadaları tam olaraq qane etmir.
Sputnik Azərbaycan-ın redaksiyasına gələn şikayətdə də məhz bu mövzu öz əksini tapıb: "Mən, Əvəz Süleymanov, sizə sakinlərin şikayətini bildirmək istəyirəm. Biz son zamanlar inşa edilən yerüstü piyada keçidlərindən narazıyıq".
Şikayətçi yazır ki, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının yanında bekı bir keçid inşa olunub, daha biri isə yenə həmin yolun Abşeron Gənclər Şəhərciyinin yaxınlığındakı hissəsində inşa olunmaqadır: "Bunlar müsbət haldır. Amma onların üstünün örtülü olmaması piyadalar üçün problem yaradır. Belə ki, yağışlı, küləkli, qarlı havalarda həmin keçidlərdən keçmək biz piyadalara çətinlik yaradır. İstərdik ki, bu keçidlərin üstü örtülsün, biz də belə havalarda yerüstü keçiddən rahat istifadə edə bilək".
Sputnik Azərbaycan əməkdaşı məsələni araşdırmaq üçün "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib. Mətbuat xidmətinin rəhbəri açıqlamasında bildirib ki, Avropada və digər dünya ölkələrində belə keçidlər çox saydadır: "Bizim tikdiyimiz yerüstü keçidlər də həmin dünya standartlarına uyğun həyata keçirilir. O ki qaldı insanların keçiddə sürüşüb yıxılmalarına, insanlar adi düz yolda da yıxıla bilərlər".
A. Nəcəfli onu da qeyd edib ki, bu keçidlər layihə üzrə həyata keçirilir: "Yeni yerüstü keçidlər az vəsait tələb edir və zəruri olan yerlərdə tez quraşdırılır. Qəzaların qarşısını almaq üçün məhz belə keçidlərin quraşdırılması vacibdir. Bu növ yerüstü keçidlər, şəhərin digər yerlərində də zərurət yarandıqca quraşdırılacaq".
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a şərhində deyib ki, Azərbaycanda çox sayda piyada keçidi var: "Bu keçidlərin əksəriyyəti yola bərabər səviyyədə çəkilmiş piyada keçidləridir. Az halda yeraltı və yerüstü keçidlər var. Məgər yerlə bərabər olan keçidlərə yağış, qar yağmır?"
"Düşünürəm ki, bu yerüstü keçidlərin də üstü açıq olmalıdır. Piyada yol boyu açıq hava ilə səkidə hərəkət edir. Səkilərin üstü örtülür ki? Piyada keçidlərini şüşə ilə bağlayanda da piyadalar şikayət edir ki, keçidlərdə hava olmur, isti olur" — ekspert bildirib.
Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı da Sputnik Azərbaycan-a açıqlamasında mühüm məqamlara toxunub. O, deyib ki, Nəqliyyat Nazirliyinin zamanında milyonlarla vəsait xərclənib dəbdəbəli yerüstü keçidlər tikilirdi: "Amma son illər artıq əvvələ nisbətən böyük fərq var. Artıq daha yığcam, sadə yerüstü keçidlər tikilir".
"Devalvasiyanın da buna təsiri var. Düşünürəm ki, yerüstü keçidlər sadə və sərnişinin təhlükəsizliyini qorusa, kifayətdir. Yerüstü keçidlərin üstünün olmaması normaldır. İnsanlar da ona məhz piyada keçidi kimi baxsınlar" — mütəxəssis vurğulayıb.
Muradlı tikilən piyada keçidlərinin yer örtüyünün sürüşkən materialdan olmasını isə belə izah edib: "Üzlüklərə diqqət yetirmək lazımdır. Çünki bu zaman hava şəraitindən asılı olmayaraq insanlar bədbəxt hadisə ilə qarşılaşa bilər. Buna görə də adiyyatı orqanlar tikinti zamanı bunları nəzərə almalıdılar".