BAKI, 27 mart — Sputnik. Bu günlərdə təsadüfən bir məclisdə tanış olduğum gənc bir PR menecer (çalışdığı şirkətin adını yazmıram) Gürcüstandan yenicə qayıtmışdı. Türkiyə təhsilli olan bu yoldaş maraqlı bir fakt açıqladı. Dedi ki, təkcə onun çalışdığı şirkətin 83 əməkdaşı Novruz bayramını Gürcüstanda qeyd etmək üçün tur-paket sifariş verib (bu yazı gün işığı görəndə həmin 83 nəfərin bayram istirahəti artıq bitmiş olacaq).
"Mən anlamıram, Novruz hara, Gürcüstan hara?! Yenə Yeni ili, yay aylarını başa düşmək olar. Amma milli bayramımız olan Novruzu bir xristian ölkəsində qeyd etmək üçün növbəyə duranların məntiqini başa düşməkdə çətinlik çəkirəm" — deyirdi qardaş.
Üstəlik işin başqa bir tərəfi də onun heysiyyatına toxunmuşdu: "Gürcüstanın harası Azərbaycandan gözəldir ki? Özümüzün Qəbələmizin, Nabranımızın, Şəkimizin, Gədəbəyimizin, Lənkəranımızın təbiəti yüz Batuma dəyər. Hotellərimizdə də hər bir şərait var. Niyə öz bölgələrimizi qoyub, başqa ölkədə gedib pul xərcləyirik? Bizim işçilərin sifariş verdikləri tur-paketlərin qiyməti 300-500 dollar arasıdır. Pulumuza heyif deyil?"
Bu gənc azərbaycanlının canı yana-yana Vətən təəssübü çəkməsi, cibimizin pulunun yadlara qismət olmasına təəssüf etməsi könlümün sarı siminə toxundu. Çox duyğulandım. Oradaca onu bağrıma basıb kövrəlmək, "haqlısan, eloğlu, bizim camaat öyrəşib ki, yadları doyurub özününkünü ac saxlasın" deməyi elə istədim ki…
Sonra abır elədim. Yenicə tanış olduğun biri ilə bu qədər səmimiyyətin aşırı olduğunu (çox da ki, yeyib-içmək məclisi idi) düşündüm. O düşün, bu düşün, başladı ağlıma gic-gic fikirlər gəlməyə.
Məsələn, öz-özümə dedim ki, həyat yoldaşımı da götürüb yollanıram Qəbələyə — xeyir vətənə qalsın deyə. Yerləşmək istədiyimiz hotelin administratoru bizim gerçəkdən ər-arvad olduğumuza əmin olmaq üçün, mütləq şəkildə nikah şəhadətnaməsi istəyəcək. O sənəd də qalıb evdə. İndi gəl yüz cür əlamət sadala ki, bizim ər-arvad olduğumuza inansınlar: bir-birimizin doğum tariximizi, qan qrupumuzu, gözümüzün rəngini, evlilik günümüzü, ilk tanış olduğumuz küçənin adını filan əzbər söylə, mümkün deyil. Onların nəzərində biz "qanunsuz cütlük" sayılırıq.
Deyək ki, heç yanımda gedən həyat yoldaşım deyil, nişanlım, sevgilim, ya da hər kimsədir. İkimizin də razılığı ilə 3 günlük şəhərdən uzaqlaşmaq, sakit bir guşədə istirahət etmək qərarı qəbul etmişik. Əgər turizm və hotelçilik bir biznes sahəsidirsə, o zaman onlara nə ki, biz dövlət nikahındayıq, yoxsa molla kəbinində?! Puluna minnət! Həmin istirahət mərkəzi bizim təhlükəsizliyimiz, rahatlığımız və gizliliyimiz üçün hər cür şərait yaratmalıdır.
Bunları da keçdik. Azərbaycanda hansı istirahət mərkəzi, hotel, qonaq evi, kotej və sair, gecənin birində polis basqını olmayacağına, "ictimai əzlaqsızlıqla mübarizə" çərçivəsində müştərilərin alt paltarında avtomobillərə doldurulub şöbəyə aparılmayacağına və qonaqların şöbədə "inandırıcı dəlilləri" təqdim etmək məcburiyyətində qalmayacaqlarına zəmanət verə bilər? Heç biri!
Yaxşı, hotelin müştəriləri Hətəmxanla Tükəzban deyil, Conla Ceridir (biz onsuz da qara günlüyük). Rəsmi evlilikləri filan da yoxdur, "zato" babat pulları var və həmin pullarını bizim ölkəmizdə xərcləmək istəyirlər. İndi həmin ingilis cütlük Lənkəranın "Ləngərkünan" (məsələn) hotelində yerləşmək üçün, London Bələdiyyəsinin verdiyi yetkiyə dayanaraq, məmur Robin Ceksonun şəxsən kəsdiyi nikahın kağızını təqdim etməlidir? Arxasındakı "Pis gündə, yaxşı gündə, hoteldə, dəniz kənarında… ölüm bizi ayıranadək" qeydi pozulmuş olsa, necə?
Hələ o əcnəbilərin şortik-maykada Lənkəran bazarını (ya da olsun Daşkəsən bazarı) gəzmə xülyasına düşmələrinin bir ayrı ləzzəti olar. Ətrafdakı əziz həmyerlilərimiz təyinatı üzrə müxtəlif meyvə-tərəvəz növləri ilə onları yaxından tanış edərlər.
Birtəhər bu lüzumsuz fikir götür-qoyundan ayılıb, diqqətimi yenidən bayaqkı vətənpərvər qardaşa yönəltdim. Qadasın aldığım dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olduğunu elə iştahla anladırdı ki…