BAKI, 25 may — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları 12-22 may tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn idmançıları axtarıblar. Somali Federativ Respublikasının iki vətəndaşı öz ölkələrinin yığma komandası ilə birlikdə vətənə qayıtmayıb və Azərbaycanda qalıb.
Əvvəlcə onların yeri barədə heç nə məlum olmayıb. Polis onları axtarıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əcnəbi idmançılar burada qalaraq Azərbaycandan üçüncü ölkəyə getmək qərarına gəliblər.
"İtkin idmançılar"ın adları açıqlanmayıb. Yalnız o məlum olub ki, onlar yüngül atletikanın qaçış növü ilə məşğuldurlar.
Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin tərkibi kiçik olub, yığma komandanı cəmi 8 nəfər təmsil edib. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən Əhməd Ədissalam çıxış edib və 12-ci yeri tutub.
1500 metrə qaçışda isə Somalini Hassan Ali təmsil edib və 16-cı yerlə kifayətlənməli olub. Amma hələlik geri qayıtmayanların məhz həmin iki idmançının olub-olmadığını müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV xəbər verir ki, ölkədə fəlakətli dərəcədə qida çatışmazlığı mövcuddur. Ona görə də, somalili atletlər vətənə qayıtmaq istəmirlər.
AR DİN-dən Sputnik Azərbaycan-a bildiriblər ki, bu gün günün ikinci yarısında həmin Somali vətəndaşları tapılıb. Məlum olub ki, onlar Bakını gəzintiyə çıxıblar və nəticədə ölkələrinə uçan təyyarəni buraxıblar. Artıq həmin iki şəxs polisin iştirakı ilə ölkələrinə yola salınıblar.