Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Silah, qan və FETÖ düyünü...

© AP Photo / Alex BrandonABŞ Konqresi
ABŞ Konqresi - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonla Ankaranın münasibətləri soyuduqca kürdlərə dəstək də artır

BAKI, 16 may — Sputnik. Bu gün ABŞ prezidenti Donald Tramp Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edir. Liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan ABŞ-a qəzəbli halda gedir

Türkiyə dövlət başçısının ABŞ-a səfəri çox önəmlidir. Ərdoğanın əsas gözləntilərindən biri ABŞ hərbi qüvvələrinin Suriya kürdlərinin PYD qrupuna dəstəyə son qoymasından ibarətdir. Qrupun qanadı olan YPG hazırda Suriyada "İslam Dövləti" terror təşkilatının "paytaxt" elan etdiyi Raqqa şəhərinin azad edilməsi uğrunda döyüşlərin önündə gedir.

Keçən ay Pentaqon YPG də daxil olmaqla, koalisiyanı hərbi maşınlarla təchiz edib. Bu addım Ankarada həyəcanla qarşılanıb. Rəsmi Ankara Suriya kürdlərinin bu qrupunu, Türkiyə hökuməti ilə silahlı mübarizə aparan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələrdə ittiham edir.

Son zamanlar ABŞ-ın Suriyadakı terrorçu qruplaşmalardan olan PYD və YPG-yə dəstəyi barədə məlumatlar dərc edilir. ABŞ-ın NATO üzvü olan bir ölkəyə qarşı bu addımı təəssüf doğurur. İstənilən halda bu görüş bir çox qaranlıq məsələlərin həll olunmasına yardım edə bilər. Bölgədə Türkiyənin çox böyük rolu var və odur ki, prezidentlərin görüşündə Suriya məsələsində də razılaşmalar əldə olunacağı istisna deyil.

Ərdoğan — Tramp görüşündə müzakirə olunacaq məsələlərdən biri də FETÖ terror qruplaşmasının rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsidir. Fətullah Gülənin Türkiyəyə verilməsi ABŞ-ın Türkiyəyə olan münasibətini şərtləndirən məsələlərdən biri ola bilərdi. Lakin bu məsələnin reallaşa biləcəyi ehtimalı olduqca azdır.

Hazırda həm Vaşinqton, həm də Moskva Suriyada kürdlərin gücünü qəbul edir və onlarla əməkdaşlığa önəm verir. Kürdlərin Suriyada muxtariyyət və ya federasiya subyekti haqqı alması Türkiyədə terror və separatizmi daha da alovlandıracaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan Trampı NATO-dan çıxmaqla hədələdi

Hər kəsə aydındır ki, kürdlərin Suriyada muxtariyyət əldə etməsi, onların ABŞ tərəfindən açıq şəkildə silahlandırılması, təlim verilməsi yalnız Raqqa əməliyyatı ilə bağlı, yəni İŞİD-lə mübarizə məqsədli deyil. Bu silahların bir qismi ağır silahlar kateqoriyasına daxildir və Pentaqon bu silah və texnikanın sonradan geri alınmayacağını bildirib. Yəni silahlanan, amerikalı təlimatçılardan dərs alan kürd silahlıları Raqqanı ələ keçirdikdən sonra faktiki olaraq Suriyanın şimalında Türkiyə və İraq sərhədləri boyunca əsas hərbi gücə çevriləcəklər. Bu isə Türkiyə üçün indiki şərtlərdə ən uyğun olmayan nəticədir.

Bu səbəbdən də Ankara indi Vaşinqtona təzyiq göstərmək deyil, daha çox dialoq və yaxınlaşma ilə kürd siyasətini zəiflətməyə çalışır. Çünki Vaşinqtonun indiki duruşu onu göstərir ki, amerikalılar üçün hələlik kürdlər əməkdaşlıq üçün ən uyğun qüvvədirlər. Türkiyə NATO üzvü olaraq ABŞ-ın müttəfiqi olsa da, son bir neçə ildə ABŞ ilə Türkiyə arasında əməkdaşlıq və açıq koordinasiya olmayıb.

Vaşinqtonla Ankaranın münasibətləri soyuduqca kürdlərə dəstək də artır. İndi Vaşinqtonu kürd yaxınlaşmasından vaz keçirmək üçün yeganə yol Amerika rəhbərliyini Türkiyənin daha önəmli və faydalı olmasına, Ankara ilə əməkdaşlığın alternativinin olmadığına inandırmaqdır.

Digər tərəfdən, bu gün Türkiyənin geopolitik siyasətində qeyri-müəyyənlik var. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir. Azərbaycan bəzən xarici siyasətini Türkiyə üzərindən qurmalı olur. Hər iki ölkə arasında münasibətlərin sadəcə sabitləşməsi labüddür.

Rusiya ilə münasibətdə də belədir. Çünki Rusiya üçün Türkiyə, Türkiyə üçün Rusiya lazımdır. Rusiya bazarı Türkiyə üçün kifayət qədər önəmlidir. Enerji istiqamətində yaxın əlaqələr var. Türkiyənin Rusiya üçün tranzit ölkə olduğunu da unutmaq olmaz. Hər iki ölkənin bir-birindən asılılığı var. Bu amillər münasibətlərin sabitləşməsinə zərurət yaradır.

Türkiyənin əsas problemi "kürd açılımı" məsələsidir. Kürd terroruna qarşı bir savaş elan edən Ərdoğan, Trampın xəyanətini bağışlaya bilmir. Qərblə gərginlik yaşayan Türkiyənin hətta tərəfdaşları, müttəfiqləri ilə ciddi problemləri yaranıb. Bu gün Türkiyənin qonşuları ilə — Suriya, Misir, Ermənistan, Rusiya ilə çox ciddi problemləri var. Həmçinin Avropa Birliyi ilə, NATO-ya üzv dövlətlərilə problemləri var. ABŞ ilə münasibətləri də ürəkaçan deyil. Tramp — Ərdoğan görüşü bu səbəblərdən dolayı da önəmlidir…

Xəbər lenti
0