BAKI, 12 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, mayın 16-da gerçəkləşəcək ABŞ səfəri ilə bağlı jurnalistlərə açıqlama verib. Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, Ərdoğan bu səfərin konkret nəticələrə hesablandığını deyib.
"Biz Vaşinqtona boşu-boşuna, məzə üçün getmirik. Bu səfər vergül yox, nöqtə olacaq. Türkiyə olaraq ABŞ tərəfinə öz narahatlıqlarımızı çatdıracağıq. PYD/YPG-ni terrorçu olaraq gördüyümüzü onlara dəfələrlə söylədik. Türkiyəni dinləmələrini tələb edəcəyik" — Ərdoğan bildirib.
"Bu bölgədə, nə Amerikaya təhdid var, nə də Rusiyaya. Təhdid bizə və Suriyanın öz insanlarınadır. Belə olan halda atacağımız addımların o ölkələrə heç bir aidiyyəti yoxdur. ABŞ bizimlə NATO-da müttəfiqdir. Ona görə də bizim yanımızda durmalıdır, terrorçuların yox. Mən Amerikaya terrorçuların yanında olmağı yaraşdırmıram. İnanıram ki, bu səfər yeni mərhələnin başlanğıcı olacaq" — Türkiyə prezidenti əlavə edib.