BAKI, 16 may — Sputnik. "Rusiya Ədliyyə Nazirliyinin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir".
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanovun təşkilatın ləğvi ilə bağlı yaydığı bəyanatda belə deyilir.
Sputnik Azərbaycan-a məlumatına görə, sözügedən bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən ÜAK 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb.
16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafında və dərinləşməsində böyük rol oynayıb.
Lakin ötən illərdə təşkilatın tələb olunan sənədlərinin qeydə alınması və baxılması məsələsində yanlışlıqlara yol verilib. Rusiya Ədliyyə Nazirliyinin məktubuna operativ reaksiya verilməyib, Mərkəzi Şuranın iclaslarının keçirilməsi üçün verilən müddətlə bağlı tələbə riayət edilməyib və digər texniki səhvlər buraxılıb.
"Regional toplantılarda nöqsanlara yol verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən əsassız ittihamlar irəli sürülüb. Bu iradlar hətta əsaslı olsa belə, iclaslarda yetərsay məsələsinə və qəbul olunan qərarların legitimliyinə təsir etməyib. Üstəlik, həmin nöqsanlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz" – deyə bəyanatda bildirilir.
Bəyanatda o da qeyd olunub ki, RF ƏN bu iradların hüquqi əsasının olmaması ilə bağlı bütün yazılı dəlilləri qəbul etməkdən imtina edib.
"Bütün bunlar sübut edir ki, nazirliyin əsas məqsədi təşkilata səhvlərini düzəltməkdə, sənədləşmənin düzgün aparılmasında kömək etmək yox, Rusiya xalqının ayılmaz hissəsi olan diaspor təşkilatını ləğv etmək olub. Bu isə yolverilməzdir. Əsaslı və əsassız olmasından asılı olmayaraq, bütün ittihamlar tam texniki xarakter daşıyır və təşkilatın fundamental vəzifələri ilə heç bir əlaqəsi yoxdur" – deyə bəyanatda bildirilir.
Fazil Qurbanov qeyd edib ki, bu gün iki ölkə prezidenti arasındakı dostluq münasibətləri və əlaqələrin səviyyəsi bütün problemləri həll etməyə imkan verir.
"Ali Məhkəmənin qərarı uzağagedən nəticələrə səbəb ola bilər. Mən regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək sakitliyi qorumağa və ekstremist qüvvələrin təxribatlarına uymamağa çağırıram. Biz Ali Məhkəmənin qərarını qəbul etmirik və ümid edirik ki, Rusiyanın ali məhkəmə instansiyaları bizim əsaslandırma və narahatlıqlarımızı anlayışla qarşılayacaq. Mən ölkənin siyasi rəhbərliyindən və şəxsən Vladimir Putindən xahiş edirəm ki, baş vermiş hadisəyə diqqətlə yanaşsın" – deyə F.Qurbanovun bəyanatında qeyd edib.
Qurbanov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, baş verənlər ciddi narahatlıq doğurur.
"Bütöv bir xalqın ictimai diaspor təşkilatını, Rusiya Federasiyasının rifahı üçün böyük və faydalı işlərin fonunda yetkililərin sənədləşmə işindəki nöqsan və qüsurlarına görə ləğv etmək olmaz. Özü də azərbaycanlılar Rusiya xalqları ilə eyni tarixi-coğrafi məkanı paylaşdığı 200 il ərzində heç vaxt terrorçuluqla məşğul olmayıb və dövlət əleyhinə qeyri-qanuni qruplaşmalarda iştirak etməyib." – deyən Qurbanov bildirib ki, ÜAK Vladimir Putinə bəyanatla müraciət edərək mövcud vəziyyəti diqqətə almağı xahiş edib.
Xatırladaq ki, RF Ali Məhkəməsi ötən gün Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.
Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində RF-nın qanunvericiliyini pozduğunu iddia edib. ƏN "İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, RF ƏN ÜAK-ın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
ÜAK prezidenti məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.