BAKI, 16 may — Sputnik. Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri Əli Hüseynli bildirib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Ə. Hüseynli qeyd edib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: "Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək".
"Bəzi qüvvələr var ki, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. İki ölkə prezidentlərinin münasibəti normaldır". Bunu isə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
O bildirib ki, bu cür addımlar iki ölkə arasındakı münasibətlərə kölgə salır.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir: "Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir".