BAKI, 5 may — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslərə müraciət edib.
BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, Oyunların açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidir: "Bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı (müvafiq olaraq 12 və 22 may tarixlərində) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən-metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılacaq. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 18:00-dan 20:30-dək davam edəcək.
Açılış və bağlanış mərasimlərini izləmək istəyən biletli əlil tamaşaçılar metronun "Gənclik" stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.
Məlumat üçün onu da qeyd edək ki, mayın 8-də keçiriləcək sınaq açılış mərasimi ilə əlaqədar H.Əliyev və Neftçilər prospektləri, eləcə də Y.Səfərov küçəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması şəhər sakinlərinin rahatlığı nəzərə alınmaqla təxirə salınıb.
Baş Dövlət Yol Polisi İdarəsi də İslamiada ilə əlaqədar müraciət yayıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib.
BDYPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
"Bununla əlaqədar Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə Baş DYP İdarəsi paytaxtın mərkəzi hissəsində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş edir ki, tədbirin keçiriləcəyi ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə bu günlərdə ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük vermələri tövsiyə olunur.
Sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durmanın qadağan edildiyi, eləcə də yol kənarlarında parklanmaqla digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə maneə yaradan avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunacaq, sürücüləri isə inzibati məsuliyyətə cəlb ediləcəklər.
Baş DYP İdarəsi paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edir" — deyə müraciətdə vurğulanır.