BAKI, 4 may — Sputnik. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idman məkanlarına media tur çərçivəsində bədii gimnastika üzrə qadınlardan ibarət milli yığmanın üzrə baş məşqçisi Mariana Vasileva jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, İslam Həmrəyliyi Oyunları çox vacib yarışdır: "Ona görə də biz bu oyunlara çox ciddi hazırlaşırıq. Keçən həftə Bakıda Dünya kuboku keçirildi. Bu yarışda 20 ölkənin ən güclü gimnastları iştirak edirdi. Bu yarışda gimnastlarımız çox güclü çıxış etdilər və dünyanın ən güclü 12 güclü idmançısı arasına düşdülər".
Baş məşqçi açıqlaması zamanı onu da qeyd edib ki, bu yarışda 3 bədii gimnast — Jalə Piriyeva, Marina Durunda və Zöhrə Ağamirova İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək: "İdmançılar yarışlara var qüvvələri ilə hazırlaşır. Hər bir məşqçi tələbələrindən ən uğurlu nəticəni gözləyir. Hər kəs isə bizdən gözəl çıxış və yaxşı nəticə gözləyir. Düşünürəm ki, komandamızın yaxşı şansları var. Ona görə də bayrağımızı qaldırıb, himnimizi səsləndirmək şanslarımız böyükdür. Onu da deyim ki, İslam Həmrəyliyi Oyunlarında ən güclü rəqibimiz Özbəkistan və Türkiyəni təmsil edən gimnastlardır".
Daha sonra İslamiadada çıxış edəcək idmançımız Marina Durunda yarışa hazırlıqları haqqında danışıb: "Biz çox məsuliyyətlə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırıq. Bu yarış bizim üçün önəmlidir. Bu cür mötəbər yarışda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz qələbə üçün mübarizə aparırıq".
Daha sonra Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb. O açıqlamasında deyib ki, Azərbaycan gimnastika idman növü İslam Həmrəyliyi Oyunlarında ilk dəfədir təmsil olunur: "Kişi və qadın gimnastikası və bədii gimnastika növlərində yarışlar keçiriləcək. Yarışda iştirak üçün maksimal heyət hər idman növündə 3 idmançıdır. Biz də hər idman növündə 3 nəfər olmaqla 9 idmançı ilə iştirak edəcəyik".
Baş katib zalların hazırlığına da münasibət bildirib: "Biz artıq İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün hazırlıqları tam sürətlə davam etdiririk. Demək olar ki, zallarda avadanlıqların qurulması başa çatır. 6 may tarixindən etibarən həm milli komandamız, həm digər ölkələrin gimnastları məşqlərini bu arenada davam etdirə biləcək".