BAKI, 13 mart — Sputnik. Əxlaqi-mənəvi prinsipləri qoyuruq bir yana. Zatən, bunu əldə bayraq edənlərin öz prioritetləri siyahısında bu dəyərlər sonuncu pillədə dayanır.
Siyasət ictimai-mədəni münasibətlər sistemi deyil ki, burada proseslərə əxlaq prizmasından yanaşıb, mənəviyyat davası aparasan. Siyasət — maraqlar toqquşmasından qalib çıxmaq sənətidir. Bu davada qarşı tərəfdən əxlaq qaydalarına riayət edilməsini gözləmək (hətta tələb etmək), yumşaq desək, populizm göstəricisidir. Üstəlik özünün bu prinsiplərə sadiqliyinin şübhə altına düşməsidir.
Əvvəla, sənin ölkəndə dəyişmək istədiyin sistemin, gətirmək istədiyin yeni qaydaların və bu hədəflərin reallaşması istiqamətində atdığın addımların onlar tərəfdən müsbət qarşılanmadığını gözəl bilirsən. Sənin istəklərinin öz ölkənə nə dərəcədə faydalı olub-olmayacağı və əslində kimin marağına cavab verdiyini tarix göstərəcək. Fakt odur ki, onlar sənin öz ölkəndə tətbiq etməyə çalışdığın yeni siyasi sistemdən rahatsızdırlar və bunun olmaması üçün əllərindəki bütün rıçaqları işə salıblar.
Ayrıca, onların əksəriyyəti sənin gələcəyə hədəflədiyin idarəetmə sistemini öz keçmişlərində buraxıblar. "Bizim daha güclü olmağımızı istəmirlər" şüarının həqiqiliyinə inanmaq üçün, həmin onların öz siyasi sistemlərinə nəzər salmaq lazımdır. Bir neçəsi istisna olmaqla, böyük əksəriyyət sənə rəva görmədiklərini özlərinə də rəva görmür. Zamanında formalaşdırdıqları idarəetmə qaydasının nəticəsidir ki, bu gün sənin milyonlarla vətəndaşın özünü orada öz ölkəsindən daha rahat, daha firavan hiss edir.
Sən də bütün bunları bilə-bilə, zorla onların evinə soxulmaq, onların qoynuna sığınmış soydaşlarına izah etmək istəyirsən ki, "mənim təklif etdiyim model bizim və sizin indi içərisində olduğumuz üsul-idarədən daha cəlbedici, daha mütərəqqidir". Hətta, buna qarşı gələnləri qeyri-əxlaqi davranışda, mənəvi sərhədləri aşmaqda günahlandırırsan.
Bu, bir növ ona bənzəyir ki, övladlarını nəsihətlə deyil, şapalaqla böyüdən qonşumun ailə idarəetmə prinsipini sevmədiyim halda, həmin qonşu mənim həyətimə soxulub öz daxili qayda-qanunlarını mənim ailə üzvlərimə də aşılamaq istəyir. Belə olan halda mən təbii olaraq müqavimət göstərəcəm. Yad cismlə qarşılaşmış canlı orqanizm kimi, bütün gücümlə onu özümdən kənarlaşdırmağa çalışacam. Haqsız olaraq, şiddətə də əl atacam, aşırı güc tətbiq edəcəm, emosional davranacam, amma həmin halımda bunların hər biri mənə döyüş taktikası kimi görünəcək. İllərlə qarşı çıxdığım dəyərlərin evimə soxulmaması üçün hər şeyə əl atacaq hala gələcəm.
Sən deyə bilərsən ki, "mən onların evində onların övladlarına deyil, onların evinə sığınmış öz soydaşlarıma təbliğat-təşviqat etmək istəyirəm". Amma heç düşündünmü ki, niyə sənin soydaşın öz vətənində deyil, vətəndaşlığı olmaya-olmaya belə, onların qapısında özünü daha xoşbəxt hiss edir? Niyə milyonlarla vətəndaşın qürbətdə dönərçilik etməyi öz ölkəsində şanlı tarix dərsliklərinin təsiri altında uyumaqdan daha üstün tutur?
Ümumiyyətlə, fərqindəsənmi ki, indi səninlə görüşmək üçün hayqıran, qaza gəlib sığındıqları evlərin pəncərlərini daşlayan soydaşlarını kütləvi şəkildə deport etsələr, hamınızın başınıza nələr gələr? Onlar öz övladlarını zərərli vərdişlərdən qorumaq üçün, sənin balalarını götürüb küçəyə atsalar, bunun məsuliyyətini kim daşıyacaq? Romantik şeirlə, ötəri hərbə-zorba ilə qarın doyurmu?
Əslində səni də, onları da anlamaq mümkündür. Yuxarıda da dediyim kimi, hər kəsin öz maraqları var. Mənim anlamadığım — hər şeyi geridə buraxmağı gözə alaraq onlara pənah aparan soydaşlarının yanaşmasıdır. Başını götürüb öz məmləkətindən, köhnə yaşam tərzindən və eyni düşüncə daşıyıcılarından qaçasan, gedib dini-dili ayrı birilərinin qapısında rahatlıq tapasan, sonra da həmin evin qapı-pəncərəsini sındırasan ki, "siz faşistsiniz". Heç dəxli var?!