BAKI, 6 mart — Sputnik. Deməli, ölkə parlamentinin binası deputatların dormal fəaliyyəti üçün darısqal olduğundan, qərara alınıb ki, yandakı bina alınaraq parlament binasına birləşdirilsin. Bunun üçün qərar qəbul olunub və yandakı binanın sahibi axtarılıb. Ki, adamdan binanı satın alsınlar.
Lakin qərarın icrası zamanı bəlli olub ki, həmin binanın sahibi insan deyil, bir pişikdir. Binanın keçmiş sahibi olan qadın ölməzdən əvvəl əmlakını pişiyinə vəsiyyət edib. Və onun ölümündən sonra tikili miras olaraq pişiyə keçib. Təbii ki, pişikdən razılıq alınmasının mümkünsüz olduğunu anlayan parlament rəhbərliyi, qərarın icrasını müvəqqəti təxirə salaraq, problemin həlli üçün araşdırma aparmağa başlayıb.
Bu hadisə Avropa ölkələrindən birində, yaxud Amerika qitəsində deyil, Afrika materikinin şimal-qərb hissəsində yerləşən bir ərəb dövlətində — Mərakeş Krallığında baş verib. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilən rəsmi monarxiya ölkəsində. O ölkədə ki, ərəblər özləri onu "əl-Məğrib", yəni "Qərb" adlandırırlar…
Xəbər burada bitir. Gerisini nə yerli mətbuat, nə də "Voice of Mərakeş" radiosu işıqlandırır. Parlament hökumətdən yardım istəyibmi, pişiklə dialoq qurulması yönündə xüsusi komissiya yaradılıbmı, yoxsa ölkənin ən böyük dövlət şirkəti olan Mərakeş Dövlət Fosfat Turşusu Şirkətinin (MDFTŞ) mühafizəçilərinin yardımından istifadə olunub — bunların heç biri haqda məlumat verilmir.
Amma, adına "Qərb" desələr də, əslində bir Şərq ölkəsi olduğu üçün orada cərəyan edən prosesləri analiz etmək bizim üçün elə də çətin deyil. Bu mənada xəbərin qırıldığı yerdən sonrakı hadisələri təhlil edib, binanın və pişiyin aqibətini qismən təxmin edə bilərik. Və heç kəs inciməsin deyə, mən özümü Mərakeş parlamentinin sədrinin yerinə qoyuram. Beləliklə:
Əvvəl pişiyin yanına adam göndərərəm ki, bu bina strateji əhəmiyyətlidir və dövlətə lazımdır, gəl sənə paytaxtın ən yaxınlığındakı qəsəbələrdən birində ikigözlü dam tikək, başına salla dolan. Təbii ki, pişik razı olmayacaq. Bu zaman kvadratı 10 dirhəmdən pul təklif edərəm, get özünə mikrorayondakı "novostroyka"da bir otaq al, yava-yavaş təmir edib köçərsən deyə. Bu dəfə də pişik narazı halda başını yellədimi, keçərəm "B" planına.
"Mərakeşişıq", "Mərakeşqaz" və "Mərakeşsu"nun rəhbərlərindən xahiş edərəm ki, gecə ilə o binanın bütün işıq, qaz və su xətlərini kəssinlər. Binanın 4 tərəfində müvəqqəti narahatlıq başlayar, takka-tuk söküntü-tikinti gedər. Ətraf toz-duman, hay-küy evin içində. İşıq yox, qaz yox, su yox…
Pişik bu zülmə çətin ki, dözsün. Amma olmadı belə, oldu elə — heyvan dirəniş göstərdisə, "C" planı dövriyyəyə girəcək. Marakko Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Əmlak Komitəsindən aldıqları möhürlü-ştamplı kağızı pişiyin qabağına qoyacaqlar ki, "sənin sahibindən də qabaqkı sahibi bu binanı qanunsuz tikib, nə icra hakimiyyətindən icazə var, nə də əmlakdan "kupça", bircə bələdiyyə sənədi var ki, o da hüquqi qüvvəyə malik deyil".
Hələ lazım gəlsə, binanın sahəsinin altında daş kömür və qurğuşun yataqları da tapmaq olar. Yaxud altından magistral qaz, üstündən yüksək gərginliklə elektrik xəttinin keçdiyi, dəmir yoluna müəyyən olunmuş məsafədən yaxın tikildiyi, üstəlik tikilinin qəzalı vəziyyətdə olduğu sübut oluna bilər.
Gəlin, razılaşaq ki, bu qədər fakt-sübutun qarşısında pələngkimilər nəslinin cırtdan nümayəndəsinin (gerçək pələng olsa belə) şələ-şüləsini yığıb evi tərk etməkdən başqa çarəsi qalmayacaq. Və çıxmazdan əvvəl hürkək nəzərlərlə, binanın ətrafında hazır vəziyyətə gətirilmiş buldozerləri müşahidə edərək, özünü pəncərədən bayıra atacaq. Arxaya baxmadan götürüləcək, qanunsuz tikintidən dolayı boynuna ilmə keçirilməsin deyə…