BAKI, 16 yan — Sputnik. Beləcə, avtomobil yanacağının da qiyməti qalxdı. Bilirəm, ikinci cümləni oxumağa hövsələsi çatmayan xalqımızın optimist təbəqəsinin nümayəndələri tez etiraz edəcəklər ki, "yanacağın yox eee, Aİ-95-in". Yəni, "bizim benzin-bakımıza ki, 95 qalxıb, əhalinin çoxu 92 işlədir" filan.
Milli ruhu yüksək tutmağa çalışan bəzi media qurumlarının sürücülər arasında keçirəcəkləri sorğuların nəticələri də maraqlı olacaq. Məsələn, qarnı "Land Cruiser"in sükanını hərlənməyə qoymayan orta yaşlı bir kişi bığının altında qımışacaq: "Bilirsiniz, günə əlavə 5 manat itirməklə heç zad olmaz. Elə hesab edək ki, dilənçiyə sədəqə veririk. Təki, ölkəmiz üçün yaxşı olsun".
Hansısa şadlıq evinin imkansız sahibi də əlahəzrət mikrofon qarşısına keçərək, təxminən bu səpkidə mətbuata barmaq silkələyəcək: "Bu hadisədən öz ucuz maraqlarınız, saxta reytinqiniz üçün istifadə etməyin! Bəsdirin camaatı aldatdınız. Gözünüzü açın, qonşu ölkələrə — Gürcüstana, Türkiyəyə baxın, onlarda benzin bizdən qat-qat bahadır".
"Türkiyə" sözünü eşidən aparıcı da tələm-tələsik qayıdacaq ki, "Əziz tamaşaçılar, yeri gəlmişkən, çox önəmli bir məqama diqqət çəkmək istəyirəm. Bu gün qardaş ölkədə insanlar Vətən-Millət naminə mücadilə edirlər. Türkiyəni həm iqtisadi, həm siyasi, həm də terror silahı ilə vurmaq istəyirlər. Amma cəmiyyət dim-dik ayaqdadır. İnsanlar boğazlarından kəsib dövlətin gələcəyi naminə xərcləyirlər. Dollara qarşı milli səfərbərliyə dəstək verirlər. Biz də bu cür çətin anlarda bir yumruq kimi birləşməli, ajiotaj yaradanlara "dur!" deməliyik".
#####
Ötən ilin dekabrı… Mənzillərə verilən elektrik enerjisi və təbii qazın müəyyən olunmuş limitdən sonra ödənişinin artacağı barədə qərar çıxarıldı. Bütün ictimai təpkiyə, media basqısına baxmayaraq, Tarif Şurası qərarını dəyişmədi. O zaman mətbuat bu haqda hay-həşir salanda, telekanalların efirinə çıxan bir sürü zəhmətkeş də ağzımızdan vururdu ki, "nolub bəyəm, dünya dağılmayıb ki!"
63-cü ildə aldığı qalstuku hələ də boynundan çıxarmayan Vəli kişi, küçənin ortasında qarşısına çıxan ilk televiziya kanalı vasitəsilə xalqa müraciət etdi: "Qəti narahat olmayın. Bu qiymət bahalaşmasının kasıb-kusuba uzaqdan-yaxından heç bir dəxli olmayacaq. Kimin villası, parniki, restoranı varsa, onlar əziyyət çəkəcəklər".
Onun yanında dayanmış Böyük Vətən Müharibəsi veteranı Əhməd baba da yoldaşının fikrinə qüvvət olaraq "Əşşi indi işığın qiymətinin qalxdığı gündür? Yenicə qərar çıxarılıb. Hələ vaxta var. O vaxtadək kim ölə, kim qala…" məsləhətində bulundu.
######
1 ay sonra — bu gün… Məhəllənin ağsaqqallarını başına toplayan Vəli kişi Tarif Şurasını eninə yıxıb uzununa ağlayır: "Bay atonnan! 170 manat pensiya alıram, 132 manat işıqpulu borcu gəlib. Belə gedişat olar? Belə allahsızlıq olar?"
Əhməd babanın da dərdi qubarlanır: "Heş zad. Deyirlər, "yıxılın ölün". Allahdan qazın qiymətinin qalxmasına hələ var".
######
Yas mərasimində yuxarı başda əyləşən molla deyir:
— Camaat, bilin və agah olun! 10 min il sonra Yer kürəsi məhv olacaq.
Məclisin aşağı tərəfində stula yayxanıb mürgüləyən yaşlı kişi bunu eşidib diksinir:
— Başına dönüm, a molla, neçə il dedin?
— 10 min il!
— Ürəyim düşmüşdü, elə bildim min il deyirsən…