CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşə saqqalı gəlmək məcburiyyəti və ya "Azərsu"yun daimi "qəzası"

© Sputnik / Murad OrujovMətbəxdə su kranı. Arxiv şəkli
Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Axı kartlı sayğacları quraşdırandan sonra 1 qəpik belə, borc olan kimi suyu kəsirsiniz

Mətin Məcidli, Sputnik Azərbaycan

BAKI, 10 fev — Sputnik. "Salam! Nə olub? Nəsə baş verib ki, saqqal saxlayırsan, üzünü qırxmırsan?!" — bu gün səhər işə gələndə, ofisimizin qarşısında görüşdüyümüz adamların mənə verdiyi ilk sual elə bu oldu.

Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Bakının bəzi ərazilərində içməli su problemi yaşanacaq

Mən təbii ki, başıma nə gəldiyini soruşan insanları sakitləşdirir və heç nəyin baş vermədiyini, sadəcə səhər üzümü təraş etməyə, necə dəyərlər "oxot" olmadığını söylədim. Əslində yalan dediyimdən utandım hətta bir az da. Dedim, indi fikirləşəcəklər ki, bu boyda adam "həvəsim yoxdur" deyərək, işə niyə belə səliqəsiz gəlməyi özünə rəva bilir. Amma bir az dərindən fikirləşəndə gördüm ki, utanmalı olan mən deyiləm…

Mən əhvalımı xəbər alanlara necə deyəydim ki, artıq üçüncü gündür evdə bir qram da su gəlmir və mənim çoxdan bəri yarızarafat fikirləşdiyim "Bakıda Apokalipsis Yasamaldan başlayacaq" fikri artıq özünü doğrultmağa başlayır? Suyun niyə gəlməməsinin səbəbini mən bir çox jurnalistlərimiz kimi keçmişdə qələm dostumuz olan, indi isə "Azərsu"yun mətbuat xidmətinin rəhbəri çalışan Anar Cəbrayıllıdan soruşmuram. Niyə kişini narahat edim ki? Rəhmətlik Yaşar Nuri demiş, "tem bolee" bu boyda strukturun yaratdığı və fəxrlə reklam etdiyi "qaynar xətt"i var — 955. Artıq suyun gəlməməsi səbəbindən bu illər ərzində o qədər zəng eləmişəm ki, oradakı xanımlar da mənim səsimi gözəl tanıyır, mənə adımla müraciət edirlər. Bu dəfə də soruşdum səbəbini — qəza!

Xanıma nə illah elədimsə o qəzanın yerini desin, gedim baxım, elə "20 yanvar zonasındadı, iş gedir" söylədi. İsti yay aylarında da gündəlik olaraq belə cavablar alırdım, amma onda yenə bilirdim ki, yekə-yekə maşınlarda gəzən yekə-yekə kişilər bağa köçüb və bizim suyumuzu onlara yönəldirlər ki, o yekə-yekə adamlar "Azərsu"yun sədrindən daha yekə adamlara şikayət etməsinlər, bizim suyumuzla pul da vermədən, qumsallıqda yetişdirməyə çalışdıqları bahalı palmalarını rahatca sulasınlar. Amma indi qışdır, odur ki, xanımın "yay cavabında" israr etməsindən anladım — bu dəfə də yola verilirik…

Demək olar ki, həftədə 2-3 dəfə agentliyimizin poçtuna Azərbaycanda regionların inkişafı proqramı çərçivəsində hansısa kəndin və ya rayonun su təhcizatının yaxşılaşdırılması proqramı daxilində ucqar kənddə yarım metrəlik su borusunun böyük təntənə ilə açılışı barədə "Azərsu"dan press-relizlər daxil olur. Hələ 5-6 bazburutlu kişi və sevincli kənd camaatı təsvir olunmuş şəkillər də əlavə olunur pres-relizə. Təbii ki, götürürük, yazırıq rayonlardakı sürətli inkişaf barədə. Amma XXI əsrdə şəhərin ortasında — Yasamal rayonu 1-ci Alatava küçəsində 3 gündür ki su gəlmir!

Su sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərsu" təbiətin acığını vətəndaşdan çıxır

Ola bilər, bu yazıdan sonra "Azərsu"dan desinlər ki, bəs, biz məlumat yaymışdıq ki, hansısa boru xəttində, mən nə bilim neçə metrlik su borusu dəyişdirilir, əhali xəbərdar idi və s. Bu kimi bürokratik bəhanələr gətirsinlər. Amma nə fayda. Dövlət qurumlarından yalnız Dövlət Yol Polisinin şöbə müdiri, polkovnik Vaqif Əsədov hansısa yol bağlananda, sürücüləri alternativ yollardan istifadə etməyə çağırır. Düzdür, əksər hallarda bu alternativ öz adını ümumiyyətlə doğrultmur, amma yenə də.

Bəs ölkə Prezidentinin tapşırığı ilə Bakı şəhərini fasiləsiz olaraq içməli su ilə təmin etdiyini söyləyən "Azərsu" rəhbərliyinin alternativi nədir? Yəni bu qurumun sədri Qorxmaz Hüseynov anlamır ki, qəza olsa da, xalqımızın işıqlı və xüsusən də sulu gələcəyi naminə iri su borusu dəyişdirilirsə də, Bakıda yaşayan əhali 3 gün susuz qala bilməz? Orada yaşayanlar iş yerlərinə, uşaqlar isə məktəblərə çatandan sonra əl-üzlərini yuya bilməzlər? Bu, absurddur və inkişaf edən ölkənin ən iri monopolistlərindən biri olan bir qurum üçün xəcalətdir!

Sual olunur: niyə "Azərsu" su gəlməyən məhəllələr üçün su maşınları təşkil etmir ki, insanlar da susuz qalmasın? Niyə bu məhəllələrin insanları yaxınlıqdakı marketlərdən içməli suyu pulla almalı, yaxalanmaq üçün başqa yerlərdə yaşayan qohumlarını narahat etməlidirlər? Axı kartlı sayğacları quraşdırandan sonra 1 qəpik belə, borc olan kimi suyu kəsirsiniz! Bəlkə doğurdan da ölkədə monopoliyaya son qoymaq üçün əhalinin maaşından verilən vergilər hesabına, əhalidən yığılan pullar hesabına yaşayan bu qurumların rəhbərliyində ciddi təmizləmələr aparılmalıdır? Bəlkə bu insanlar ondan sonra anlayacaqlar ki, altlarındakı maşınlar belə mənim, sənin, onun cibindən gedən pullar hesabına alınıb? Əvəzində isə… İçərisindən su əvəzinə hava gələn kranlar…

P.S. Dünən "qaynar xəttd"əki xanıma "su nə vaxt gələcək" sualına cavab almadığım üçün əsəbimdən belə bir xahiş etdim: "Xanım, sizdə "Azərsu" sədrinin ev ünvanı varsa, verin, səhər onlara dəyim, sonra işə gəlim. Üstündə Bəhram Bağırzadənin gülərüz siması olan istənilən marketdən bir "jilet" alaraq, üzümü onlarda qırxmaq üçün…"

Xəbər lenti
0