CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu" təbiətin acığını vətəndaşdan çıxır

© Photo : "Azərsu" ASCSu sayğacı, arxiv şəkli
Su sayğacı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Su sayğacının şaxtadan zədələnməsinə görə vətəndaş təqsirkar bilinir

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 10 yan — Sputnik. İmişli şəhəri, M. Müşfiq küçəsi ev 125 ünvanında yaşayan Sədi Fərmanov suyun donması nəticəsində mənzillərinə quraşdırılan sayğacın zədələnməsini və bu səbəbdən zərərə düşdüyünü bildirir. "Su gəlməyəndə fikirləşdim ki, bəlkə sayğac düz göstərmir, pul yükləmək lazımdır. Yalnız karta daxil edəndə məlum oldu ki, problem elə sayğacın özündədir" — deyə o, Sputnik-in bölgə müxbiri ilə söhbətində deyib.

© Sputnik / Kamal AlmuradlıSədi Fərmanov
Sədi Fərmanov - Sputnik Azərbaycan
Sədi Fərmanov

Vətəndaş bildirir ki, müraciətindən sonra su idarəsinin işçiləri gəlib sayğaca baxış keçirib və donvurma nəticəsində sıradan çıxmış cihazı quraşdırıldığı yerdən çıxararaq özləri ilə aparıblar: "İndi mənə təklif olunur ki, ya təzə sayğac alım, ya da ailəmin hər üzvünə görə ayda 1 manat 50 qəpik ödəyim. Təzə sayğac 130 manatdır. İkinci hal üçün isə ildə 90 manat ödəməliyəm".

"Bu, faktiki istifadə etdiyim suyun dəyərindən 15 dəfə çox edir. Su idarəsi belə vəziyyətdə də fürsətçilik edir" — Fərmanov qeyd edir.

Təchizatçı: "Bütün təsirlərə görə vətəndaş cavabdehdir"

İmişlidə donvurma nəticəsində yararsız vəziyyətə düşən təkcə Sədi Fərmanovun mənzilinə quraşdırılan sayğac deyil. Ötən il bu səbəbdən rayon üzrə 250-dən çox cihaz korlanıb. Cari ildə hələlik 20 belə hal qeydə alınıb.

Bunu Sputnik-in bölgə müxbirinə "Azərsu" ASC-nin İmişlidəki Su-kanal İdarəsinin baş mühəndisi Eyvaz Quliyev deyib. Onun sözlərinə görə, sıradan çıxmış sayğac vətəndaşın hesabına yenilənməlidir.

Qasım Qasımov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bir ailə il yarımdır şam işığında yaşayır

"Abonent bu cihazı işlək vəziyyətdə saxlamağa və hər cür təsirdən qorumağa cavabdehdir. Şaxtadan mühafizə olunması üçün sayğacın giriş və çıxış hissəsindəki borular bərk-bərk sarınmalı, onun üzərinə qalın örtük çəkilməlidir. Ötən il vətəndaşların təcrübəsizliyi ucbatından xeyli sağac korlanıb. Cari il bu göstərici təqribən on dəfə azalıb" — Quliyev əlavə edib.

Ekspert: "Məhsul satanın alıcıya tərəzi aldırması anormal haldır"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hesab edir ki, su təchizatı idarəsi ilə istehlakçı arasında bağlanan müqavilədə fors-major halı öz əksini tapmalıydı. O, Sputnik-ə açıqlamasında müqavilədə bu halın nəzərə alınmadığını təəssüf hissi ilə qeyd edib.

"Təbiət hadisəsinə görə yaranan zərərin istehlakçının üzərinə atılması ədalətsizlikdir. Ümumiyyətlə, mənzildən kənarda quraşdırılan heç bir qurğuya görə istehlakçı cavabdeh olmamalıdır. "Azərsu" qış mövsümünə uyğun tədbirlər görməyə, eyni zamanda, əhali arasında profilaktik iş aparmağa borcludur" — Hüseynov vurğulayıb.

AİB sədri təchizat müəssisəsinin bu və ya başqa səbəbdən sayğaca görə haqq tələb etməsini istehlakçının izafi xərcə salınması hesab edir: "Sayğac istehlak olunan məhsulun dəyərini müəyyənləşdirməkdən ötrüdür, başqa sözlə desək, tərəzidir. Məhsulunu satanın, alıcıdan tərəzisinin də haqqını tələb etməsi anormal haldır".

Sayğac niyə bahadır?

Sputnik-in sorğusunu cavablandıran "Azərsu" ASC-nin mətbuat xidməti rəhbəri Anar Cəbrayıllı isə bu deyilənlərlə razılaşmır: "Biz əvvəlki vaxtlarda bəzi yerlərdə, məsələn Bakı kəndlərində sayğacları mənzillərdə quraşdırmışdıq. O zaman cihaza müdaxilələr çox oldu. Nəzarətçilərimizə sayğaca baxış keçirməyə imkan verilmirdi. Şəbəkəyə qoşulmağa görə daha çox — 238 manat xərc çıxır və bu haqq vətəndaşdan alınmır".

"Əgər hər hansı səbəbdən sıradan çıxan sayğac təchizat idarəsinin hesabına yenilənsəydi, vətəndaşlar ona laqeyd yanaşar, tez-tez cihazı sındırardılar" — Cəbrayıllı fikrini belə izah edib.

Daha bir diqqətçəkən məqam isə sayğacın dəyərinin ölkədəki minimum əmək haqqından, bəzi pensiya, müavinət və təqaüdlərdən, hətta bəzi işçilərin aylıq əmək haqqından yüksək olmasıdır. Bu isə aztəminatlı ailələrin həmin cihazı almasını, deməli, həm də sudan istifadəsini çətinləşdirir.

Sayğacın dəyərinin necə müəyyənləşdirilməyinə "Azərsu" sözçüsü belə aydınlıq gətirdi: "Mexaniki sayğaclar nisbətən ucuz — 30-40 manata başa gəlirdi. Hazırda quraşdırdığımız SMART tipli sayğaclar Gəncə Cihazqayırma Zavodunda hazırlanır, birini təxminən 100 manata alırıq. Onun üzərinə daşınma, quraşdırılma, əlavə materiallardan istifadə və sair xərclər əlavə edildiyindən gəlib bu qiymətə çıxır".

Qanunvericilik nə deyir?

Tərəflərin mövqeyi və ekspert yanaşması öz yerində, bu məsələ qanunvericiliklə tənzimlənir. Nazirlər Kabineti 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə "Sudan istifadə qaydaları"nı müəyyənləşdirib. Həmin "Qaydalar"a görə:

Qəzaya uğramış Ford mikroavtobusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölünün avtomobili polis şöbəsinin həyətindən "yoxa çıxıb"

— suölçən cihazın işlək vəziyyətdə saxlanılmasına, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılan halda su təchizatı və kanalizasiya müəssisəsi (STKM), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə isə istehlakçı cavabdehdir;
— fiziki şəxs olan istehlakçının suölçən cihazla təchiz edilməsi STKM-in vəsaiti hesabına həyata keçirilir;
— fiziki şəxs olan istehlakçının təqsiri olmadan zədələnmiş, hər hansı texniki nasazlıq yaranmış suölçən cihazın yoxlanılması, təmir edilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması STKM-in hesabına olmalıdır.

"Mən təbiətlə müqavilə bağlamamışam"

Göründüyü kimi, cihazın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçı cavabdehdir. Amma qar, yağış, şaxta, ildırım, külək, zəlzələ və s. kimi təbii amillərin zərərli təsirləri də nəzərə alınmalıdır.

İmişli sakinini də narazı salan, iradəsindən asılı olmayan təbii amillərə görə təqsirli bilinməsidir: "Bir halda ki, bu cihaza dörə cavabdehəm, icazə versinlər, onu istədiyim yerdə quraşdırım. Qışda şaxta olur, şaxtada isə su donur. Bu sayğacı açıq havada quraşdıran, onu şaxtadan qorumağa borcludur. Mən təbiətlə yox, su idarəsi ilə müqavilə bağlamışam".

Xəbər lenti
0