BAKI, 2 fev — Sputnik. Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru Toğrul İsmayıl Sputnik Azərbaycan-a müsahibəsində, Türkiyədə qarşıdan gələn referendum, Qərb-Türkiyə, Rusiya-Türkiyə münasibətləri, o cümlədən ABŞ-ın yeni prezidenti Donald Trampın dünyaya səs salan irqçi fərmanlar imzalaması kimi mövzularda maraqlı fikirlər səsləndirib. Müsahibəni təqdim edirik:
— Türkiyədə 10 ildən çoxdur, elə bir görüntü formalaşıb ki, xalq istənilən seçkidə, ya da referendumda Ərdoğanın göstərdiyi istiqamətdə səs verir. Qarşıdakı referendumda Ərdoğan xalqdan "hə" cavabı gözləyir. Necə düşünürsünüz, bu dəfə də prezident istədiyi nəticəni əldə edə biləcək?
— Xeyr, elə deyil. Ən azı bu dəfə vəziyyət fərqlidir. Referendumun nəticəsinin necə olacağını söyləmək çətindir. Əlli-əlliyədir deyə bilərik. Hətta 35/35-ə desək, daha düz olar. Çünki bitərəf qalanlar da çoxdur. Bu referendum digər seçkilərdən fərqlidir. Burada söhbət hakimiyyət dəyişikliyindən getmir, ölkənin prezidentli sistemə keçməsindən gedir. Bunu çox adam anlamır. Nə necə olacaq, çoxları hələ də bilmir. Siyasilər bu haqda öz aralarında danışsalar da, cəmiyyətə geniş məlumatlar ötürülmür. Ona görə də ciddi şəkildə fikir mübadiləsi gedir. Güclü mübarizə olacağını düşünürəm.
— Siz özünüz referendumdan hansı nəticənin çıxmasını arzu edirsiniz?
— Bir mütəxəssis kimi, buna dəstək verib-verməməkdən daha ziyadə bu sistemin gətirəcəyi müsbət və mənfi cəhətlərdən danışmaq istərdim. Bilirik ki, prezident üsul-idarəsi dünyanın əksər ölkələrində var. Amerikada var, Rusiyada var, Fransada yarı-prezident formasında olsa da, var. Hətta Azərbaycanda da belədir. Və mən bu idarəetmənin əleyhinə deyiləm. Sadəcə olaraq, bu idarəetmənin hansı formada olacağı önəm kəsb edir. Əgər qüvvələr balansı qorunub saxlanacaqsa, prezidentli üsul-idarədə mənfi şey görmürəm. Təkcə konstitusiya dəyişikliklərindən ibarət deyil bu məsələ. Bir çox mexanizmlər, partiyalar sistemindən tutmuş seçki məsələlərinə qədər bəzi şeylər dəyişmiş olur.
— Milliyətçi Hərəkat Partiyası istisna olmaqla, digər müxalif partiyalar prezident üsul-idarəsinə qarşı çıxır. Ölkədə rejim dəyişikliyi olacağını iddia edirlər…
— İqtidar partiyası deyir ki, "bu, rejim dəyişikliyi deyil". Müxalifət isə buna qarşı çıxır və bunun rejim dəyişikliyi olduğunu iddia edir. Hər iki tərəfin haqlı olduğu yönlər var. Əsas problem Konstitusiyaya ediləcək dəyişikliklər haqda cəmiyyətə dolğun məlumat verilməməsindədir. Hər halda seçki ərəfəsində siyasətçilər ictimaiyyətə geniş məlumatlar verəcəklər. Türkiyə vətəndaşları seçkidə səs verəndə nə istədiklərini bilirlər. AKP bu günə qədər uğur qazanıb. Niyə? Çünki yaxşı işləyirlər. Sosial xidmətlər yüksək səviyyədədir. İstər həkimlik olsun, istər müəllimlik və digər xidmət sahələrində gözlə görünən inkişaf var. Bütün bunlar insanların xoşuna gəlir. İkincisi və ən əsası odur ki, hazırda Türkiyədə Ərdoğana alternativ güclü namizəd də yoxdur.
— Uzun zamandır Qərblə Türkiyə arasında ciddi siyasi böhran yaşanır. Buna Qərb-Ərdoğan qarşıdurması da deyə bilərik. Mövcud vəziyyətin səbəbi nədir və sizcə nə vaxta qədər davam edəcək?
— Mən Qərb ilə Ərdoğan arasında dərin, həll olunmayacaq problem görmürəm. Mövcud olan problemlər daha çox siyasidir. Gəlin, Amerikanın siyasətinə baxaq. ABŞ Yaxın Şərqdə öz oyununu oynamağa çalışır. Bu da Türkiyənin maraqlarına cavab vermir. Yəni Amerika ilə gərgin münasibətlərdə Ərdoğanı yox, Türkiyəni mərkəzə almaq lazımdır.
Ancaq Avropa İttifaqı ilə bu, bir az fərqlidir. Orada sizin dediyiniz kimi, problem Ərdoğanladır. Aİ-nin Türkiyə əleyhinə verdiyi qərarlar Ərdoğana görədir. Mən Avropa İttifaqının addımlarını doğru hesab etmirəm. Türkiyə tək Ərdoğan demək deyil. Dövlətə bir bütün olaraq yanaşmaq lazımdır. Lakin Qərb olduqca subyektiv davranır. Dünənə qədər Ərdoğanı yerə-göyə sığdırmayan Qərb, birdən-birə onu tənqidə başladı. İndi bəhanə etdikləri problemlər dünənə qədər də var idi. İndi nə oldu ki, Avropa vaxtilə görməzdən gəldiyi şeyləri üzə vurmağa başladı? Niyə? Çünki Avropa İttifaqının əsas məqsədi Türkiyəni çərçivəyə salmaqdır. Türkiyə isə Ərdoğan liderliyində o çərçivədən kənar hərəkət edir. Xüsusilə Yaxın Şərq məsələsində rəsmi Ankaranı idarə edə bilmirlər. Həmçinin, Rusiya ilə yaşanan böhran anidən bitirildi. Suriya ilə bağlı iki dövlət önəmli qərarlar aldı. Bu isə Avropanın, Qərbin xoşuna gəlmədi. Qərbin dünənə qədər öyrəşdiyi itaətkar Türkiyə artıq yoxdur.
PKK məsələsində Avropanın sərgilədiyi mövqeyə də baxmaq lazımdır. İttifaq PKK-nı terror təşkilatı kimi tanısa da, bu gün Avropa Parlamenti koridorlarında təşkilatın bayraqları və rəsmləri yer almaqdadır. Bundan başqa, 15 iyul hərbi çevrilişinə cəhddə təqsirləndirilən 40-a yaxın hərbçi Almaniyaya sığınıb. İndi siz bunun tərsini düşünün. Əgər Almaniyada hərbi çevrilişə cəhd edənlər Türkiyəyə sığınsaydılar, nə olardı? İnanın, qiyamət qopardı. Son olaraq Yunanıstanın davranış şəklinə baxın. Özlərinə sığınan xuntaçı hərbçiləri geri qaytarmaq istəmirlər.
— 24 noyabr 2015-ci ildə yaşanan təyyarə krizinin həllindən sonra türklərlə ruslar arasında çox ciddi yaxınlaşma var. Bu yaxınlaşma Türkiyə cəmiyyətində özünü necə göstərir?
— İlk əvvəl onu deyim ki, bu böhranın yaşanmasına səbəb Rusiyanın Türkiyənin mənfəətlərini diqqətə almadan Suriyaya etdiyi müdaxilədir. ABŞ-la yaşanan böhran göz qabağındadır. ABŞ Türkiyənin maraqlarını diqqətə almadığı üçün Vaşinqtonla Ankara arasında böhran yaşanır. Ona görə, gərək Rusiya Türkiyəni diqqətə alaydı. Üstəlik davamlı olaraq Türkiyənin hava məkanını pozması ruslar üçün yaxşı nəticə vermədi. Nəhayət bu faciə yaşandı. Suriyaya müdaxilə etmədən öncə Rusiyanın Türkiyə ilə anlaşması lazım idi. Bir az gecikmiş də olsa, bu anlaşma oldu. İndi iki dövlət Suriyaya dair razılığa gəlib. Bu krizis iki ölkənin münasibətlərinin daha düzgün, daha sistemli hala düşməsinə imkan yaratdı. Bundan sonra həm Moskva, həm də Ankara daha ehtiyatlı davranmağa çalışacaq. Gördüyüm odur ki, tərəflər arasında imzalanan bütün anlaşmalar qarşılıqlı fikir mübadiləsinə əsaslanır. Astanadakı Suriya danışıqlarını xüsusilə qeyd etmək istərdim. Bu danışıqlar göstərdi ki, iki dövlət İranı da yanlarına alaraq bölgəyə təsir baxımından vacib qərarlar ala bilir. Hazırkı vəziyyətə gəlincə, biz burada yaxınlaşmadan daha çox anlaşmadan danışırıq. Yaşanan krizis iki ölkəyə hazırkı durumda bir-birilərinə qarşı nə cür münasibət sərgiləmək lazım olduğunu göstərdi. Və bəlli oldu ki, həm Rusiya, həm də Türkiyənin əməkdaşlıqdan başqa yolu yoxdur.
— ABŞ-ın yeni prezidenti Donald Tramp ötən həftə dünyada şok effekt yaradan irqçi fərmanlar imzaladı. Bu fərmanlar xüsusilə müsəlmanlar əleyhinə idi. 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyuldu. Başqa bir qərarla Meksika ilə sərhəddə divar inşa ediləcəyi açıqlandı. Tramplı dünya haqqında nə düşünürsünüz?
— Amerikanın Buş zamanındakı "Yeni Dünya düzəni" ideyası Barak Obamanın gəlişi ilə düzənsizliyə keçdi. Donald Trampın prezident seçilməsi ilə bu düzənsizliyin tam bir xaosa dönmə ehtimalı var. Mənə elə gəlir ki, Trampın etdikləri peşəkar olmayan siyasətçinin davranışlarıdır. Amerika bəsit və sadə ölkə deyil. Prezident olsa belə, ölkənin ümumi prinsiplərinə zidd olan, zərər verən, yaxud da iqtisadiyyatını geri salan addımlara imkan verilməyəcək. Ya Donald Tramp qısa zamanda davranışlarına, çıxışlarına diqqət edəcək, ya da Amerika cəmiyyətinin etirazları daha da çoxalacaq və sonda ölkə xaosa sürüklənəcək. Bu da ən nəhayətində Donald Trampın prezidentlikdən çəkilməsi demək olacaq.