BAKI, 1 fev — Sputnik. Rusiya Federasiya Şurası Türkiyə ilə razılaşdırılmış "Türk axını" qaz kəmərinin tikintisi barədə qanunu ratifikasiya edib.
Sputnik Türkiyə xəbər verir ki, hazırda razılaşmanın normativ-hüquqi bazası üzərində iş gedir. Vergi və gömrük rejimi ilə bağlı layihələşdirmə başda olmaqla qaz kəməri ilə bağlı sonrakı əməliyyatlar da sənəddə əksini tapıb.
Bu barədə Rusiyanın energetika nazirinin müavini Yuri Sentyurin məlumat verib.
Burada bildirilir ki, "Qazprom" QSC bu kəmər vasitəsilə tranzit risklərini ixtisar etməklə yanaşı, 2019-cu ilin sonlarından başlayaraq Rusiya qazını Türkiyə və Avropa İttifaqı ölkələrinə çatdırmalıdır.
Sənəddə qeyd olunduğuna görə, Rusiya qazının "Türk axını" xətti vasitəsilə etibarlı və fasiləsiz surətdə türk alıcılara çatdırılması üçün birinci xəttin açılışına il ərzində RF büdcəsindən 750 milyon ABŞ dolları dəyərində ixrac rüsumu ödəniləcək. İkinci xəttin reallaşması üçünsə, Türkiyə ərazisindən keçən qazın alıcısı olan ölkələrin ödəyəcəyi vəsaitdən RF büdcəsinə daxil olan gəlirlərdən ixrac rüsumu ayrılacaq.
Sənəddə kəmərlərin dənizdən və quru ərazilərindən keçəcək ölkələrə tətbiq ediləcək rüsumlara da aydınlıq gətirilib.
Müqavilənin fəaliyyət müddəti 5 illik müddətə uzadılma şərti ilə 30 ildir.
"Türk axını" layihəsinin reallaşdırılması ilə bağlı Rusiya-Türkiyə dövlətlərarası müqaviləsi 2016-cı ilin oktyabrında İstanbulda imzalanıb. Sənəd Qara dənizin dibindən keçməklə 15,75 mlrd kubmetr qaz ötürmək qabiliyyətinə malik olan iki magistral qaz kəmərinin çəkilməsini ehtiva edir. Qaz kəmərlərindən biri Türkiyə bazarını, digəri isə Avropa bazarını təmin edəcək.
2017-ci ilin yanvarında bu sənəd Rusiya Dövlət Dumasında ratifikasiya edilib.
Türkiyə Böyük Millət Məclisində bu sənəd 2016-cı ilin 2 dekabrında qəbul edilib. Dekabrın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Sənəd dekabrın 6-da "Rəsmi Qəzet"-də dərc olunduqdan sonra Türkiyədə rəsmən qüvvəyə minib.
Qeyd edək ki, Federasiya Şurasının təsdiqindən sonra sənəd Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmalı və qüvvəyə minməlidir.